Müxalifətin alt qatlarında baş verən daxili çəkişmələr və ziddiyyətlər, tədricən də olsa, üzə çıxmaqdadır. Bu baxımdan da, müxalifət düşərgəsində bir qədər özünü proseslərdən kənarda saxlamağa çalışan "Demokratiya Uğrunda İttifaq" daxilində son günlər baş verənlərə diqqət yetirmək hər şeyin nə dərəcədə real olduğunu bir daha isbatlamış olur.
"İctimai Palata" yaratmaq məsələsində hələ də razılığa gələ bilməyən müxalifət yetkililəri bir-birinə nə qədər hədə qorxu gəlməyə çalışsa, belə niyyətləri baş tutmur. Çünki bu dəqiqə özünü aza qala ərköyün uşaq kimi aparan "Azadlıq" partiyasının sədri Əhməd Oruc "İctimai Palata"nın əleyhinə olduğunu bildirib. Onunla yaxın əməkdaşlıqda olan "KAXCP" sədri Mirmahmud Fəttayev nə qədər çalışsa da, Ə.Oruc inadından dönmək niyyətində olmadığını bildirib.
"Əhməd Orucu öz fikrindən daşındırmağa çalışmışdıq. O da bizim məsləhətimizi dinləməyib". Bu açıqlamanı mətbuta "KAXCP" sədri M.Fəttayev verib. Bildirib ki, sabiq deputat Pənah Hüseynov və "İctimai Palata" ilə bağlı məsələ "DUİ" sədrlər şurasının yığıncağında müzakirə olunub. Biz "lənət şeytana" demişik və hesab etmişik ki, bu, Ə.Orucun öz fikridir. Bu fikrindən də onu daşındırmağa çalışmışıq. Daha doğrusu, dostcasına məsləhət vermişik". M.Fəttayevin sözlərinə görə, iclasda "Azadlıq" partiyasının sədri Ə.Oruca vəziyyəti gərginləşdirməmək məsləhəti verilib: "O da bizim məsləhətimizi dinləməyib. Öz işidir. Biz problemlərin yaranmaması üçün addımlarımızı atmışıq, atırıq və atacağıq".
"Azadlıq" partiyasının sədri Ə.Oruc isə səslənən fikirlərin hamısının birmənalı şəkildə yalan və böhtandan ibarət olduğunu bildirib. O, eyni zamanda, qeyd edib ki, həqiqətən də, M.Fəttayevin proseslərin gərginləşməməsi üçün səylər olub: "Ancaq hər şey əndazədən çıxanda sonra, qarşı tərəf açıq şəkildə bizi parçalamaq üçün mübarizə aparanda, əks addım atmaq lazımdır. "DUİ" də mənim mövqeyimi müdafiə edib. İttifaqda ikili mövqe yoxdur. "DUİ"-də təmsil olunanların hamısı "İctimai Palata"nın indiki durumda fəaliyyətini qeyri-ciddi hesab edir" deyən Ə.Oruc "İctimai Palata ilə problemləri olmadığını da söyləyib. "Azərbaycanda 1000 QHT var, bu da olsun 1001-ci. Sadəcə, özlərinin imkanlarını genişləndirmək üçün digərlərini gözdən salmaqla məşğuldurlar. Bu dəfə çaşdılar və düzgün yerə hücum etmədilər. Artıq dolayısı ilə məni koordinasiya şurasına çağırıblar. Mən də dedim ki, "mənim nə günahım var ki, gəlib sizin yanınızda oturum" deyən Ə.Oruc artıq belə işlərdən təngə gəldiyini də dilə gətirib.
"İctimai Palata"nın koordinasiya şurasının üzvü P.Hüseynov isə bildirdi ki, M.Fəttayevin fikirləri onun üçün əhəmiyyət kəsb edir, Ə.Orucun hər hansı cəfəng fikrinə isə baş qoşmaq niyyətində deyil. P.Hüseynov Ə.Orucun "koordinasiya şurasına" dəvət edildiyi haqda fikirlərinin yalan olduğunu dedi: "Onun əvvəldən istəyi "koordinasiya şurasında" təmsil olunmaq olub. Bu arzusu reallaşmadıqdan sonra məlum çıxışlara başlayıb. Onu heç kim "koordinasiya şurasına" dəvət etməyib" deyən - P.Hüseynov Ə.Orucun hədəfə aldığı "İctimai Palata"nın baş tutmasında "KXCP" üzvləri və M.Fəttayevin də şəxsən fövqəladə pozitiv rol oynadığını bildirib.
Parlament seçkilərindən sonra fəaliyyətini dayandırdığı müşahidə olunan ALP sədri Əvəz Temirxan da nəhayət üzə çıxıb. Üzə çıxan kimi də "İctimai Palata"da təmsil olunanlara qarşı hücuma keçib. Ə.Temirxan müxalifətin "İctimai Palata" formatında birliyə nail olacağına inanmadığını söyləyib: "Bu qurumun gələcəyi yoxdur. "İctimai Palata"da səmimilik yoxdur. Uzun zaman müxalifətin birliyindən siyasi alver məqsədilə istifadə edənlər bu qurumda üstünlük təşkil edir. Əslində, birlik pərdəsi altında bəziləri müxalifəti parçalayır və iqtidarın sifarişi olmadan belə, hakimiyyətin xeyirinə işləyirlər".
P.S. Əvəz Temirxanı üzə çıxması münasibətilə təbrik etməyə dəyər. Ə.Orucun isə Xocasən qəsəbəsindəki şəxsi təsərrüfatında artım baş verib. Belə ki, Əhməd "bəy"in inəklərindən biri iki gün öncə əkiz buzov doğub.