Müxalifət öz-özlüyündə cəmiyyətin güzgüsü və ya onun dinamik və təmənnasız qolu olmalıdır. Lakin cəmiyyətin bir hissəsi olmaq da təxribatçılıq demək deyil. Şəxsi ambisiyalar, yersiz iddialar, hər şeyə düşmən münasibət bəsləmək narazı qüvvələri daha çox həqiqi müxalifət çərçivəsindən çıxararaq, ifrat və radikal bir quruma çevirir. Eynilə Azərbaycanın radikal müxalifəti kimi.
Azərbaycanda müxalifət konstruktiv və radikal adlı iki qütbdən ibarətdir. Ortada bir çox maraqlı məqamlar var. Radikal müxalifət özünü daima cəmiyyətin əsas stimulverici qüvvəsi, onların rəhbərləri isə özlərini "lider" kimi qələmə veriblər. Lakin ölkədə baş verən hadisələrə münasibətindən, dövlətçiliyə göstərilən xidmətdən aydın olur ki, radikallıq dövlətə və millətə düşmən olmaqdır. Bunu başa düşənlər də var. Heç də təsadüfi deyil ki, müxalifətin daha radikal qanadı olan Müsavat və AXCP (i)-də istefalar kütləvi şəkil alıb. Bu, həm də onunla bağlıdır ki, istefa verən şəxslər də başa düşür ki, radikallıq düzgün mübarizə yolu deyil və bu yol ancaq məğlubiyyətə aparır. Radikalizmin yararsızlığını uzun illər öncə anlayıb radikal müxalifətdən uzaqlaşan insanlar da kifayət qədərdir. Və bu addım onlara ancaq uğurlar gətirib. Məsələn, vaxtilə Fazil Qəzənfəroğlu ilə AXCP (i) sədri Əli Kərimov eyni cəbhədə idilər. Sonradan onların yolu ayrıldı, Fazil Qəzənfəroğlu konstruktiv mövqe tutdu və Böyük Quruluş Partiyasını yaratdı. BQP indi də konstruktiv müxalifətə daxildir. Fazil Qəzənfəroğlu AXCP (i)-nin şinelindən çıxsa da hal-hazırda BQP ilə AXCP (i) arasında olduqca ciddi fərqlər var. Bundan əlavə, F.Qəzənfəroğlu cəbhəçi olanda onu da anlayırdı ki, radikallıq onu cəmiyyətin təmsilçisi hüququndan məhrum edir və ən azı öz ətrafına sosial baza yığa bilmir. Bu da təsadüfi deyil ki, F.Qəzənfəroğlu 2010-cu il parlament seçkilərində qələbə qazanaraq, millət vəkili seçildi. Yəni dövlətçiliyə qarşı çıxmaq, milləti təhqir etmək, dövlət başçısı və məmurlar haqqında şayiələr yaymaq radikalizmin emblemidir. Bu mövqe radikalları sosial bazadan, obyektiv münasibətdən məhrum edir.
Başqa bir misal gətirim. AXCP (i)-nin keçmiş sədr müavini Fuad Mustafayev o qədər radikallaşmışdı ki, artıq özünü idarə edə bilmirdi və ancaq psixoz, aqressiv addımlar atır, etikadan kənar münasibətlər bildirirdi. Radikallıq, hər şeyə düşmən kəsilmək, onu o həddə gətirdi ki, konstruktiv mövqe tutmağı belə özünə sığışdırmadı və səhhətindəki problemləri əsas gətirərək, AXCP (i)-dən istefa verərək smyasətdən getdi. Başqa bir misal: tarix elmləri doktoru, professor Musa Qasımlı Müsavat başqanı İsa Qəmbərovun ən yaxın tərəfdaşlarından idi. Yadımdadır ki, o, Müsavatı "ata ocağı" sayırdı. Ancaq sonradan tarixi prosesləri çox gözəl bilən Musa Qasımlı da başa düşdü ki, Müsavatın varlığına məhz 2003-cü il son qoydu. Belə ki, prezident seçkilərində biabırçı formada məğlub olan İ.Qəmbərov təxribatçı metodlara əl atdı. İ.Qəmbərov 2003-cü il oktyabrın 15-16-da iyirmi-otuz müsavatçını, daha doğrusu, psixi xəstəni küçəyə çıxartdı, ölkədə təxribat yaratmaq istədi. Şübhəsiz, Musa Qasımlı bunu görürdü. Açığı desək, o, səhvini anladı və düzgün mövqe seçdi. Elə bunun nəticəsidir ki, o da 2010-cu il parlament seçkilərində müstəqil namizəd kimi iştirak edərək, millət vəkili seçildi.
Tarixçi alim, professor Cəmil Həsənli də 2005-ci il parlament seçkilərindən sonra dərhal AXCP (i)-ni tərk etdi. Ona qarşı AXCP (i)-də və radikal qəzetlərdə kampaniya başlandı. Bu da başa düşüləndir. Əli Kərimov vaxtilə C.Həsənlini AXCP (i)-nin "elmi arxivi" adlandırırdı. Amma onun partiyadan getməsindən sonra Ə.Kərimov münasibətini yüz faiz dəyişdi. Məsələ bundadır ki, C.Həsənli, M.Qasımlı tarixçi alimlərdir və siyasi prosesləri qiymətləndirə bilən insanlardır. Onlar çox gözəl bilirlər ki, Müsavat-AXCP(i), AMİP, ADP siyasi xətti ancaq məğlubiyyət vəd edir və perspektivsiz siyasi partiyalardır. Onlar yaxşı anlayırdılar ki, YAP-ın alternativi yoxdur və Azərbaycan xalqı ölkə Prezidentinin ətrafında sıx birləşmişdir.
Radikal müxalifət deyir ki, Azərbaycanda infrastruktur bərbad vəziyyətdədir. Konstruktiv müxalifət isə radikalları başa salır ki, ətrafa baxsınlar. Yeniləşən Azərbaycanda aprılan tikinti-quruculuq işlərini-binalar, yollar, parklar və s... radikallara sübut kimi göstərirlər. Lakin onlar bunu görmək istəmirlər. Radikallar deyir ki, İ.Qəmbərov və Ə.Kərimov Azərbaycan tarixinin ən böyük "lider"ləridir. Konstruktiv müxalifət isə sübut edir ki, XX əsr Azərbaycan tarixinin ən böyük lideri və rəhbəri Ulu Öndər Heydər Əliyevdir. İ.Qəmbərov və Ə.Kərimov isə vətən xaini və erməni əlaltılarıdır.
Radikallar deyir ki, Azərbaycanda azad mətbuat yoxdur. Lakin bu bir faktdır ki, dövlətimiz daima həm iqtidar, həm də müxalifət qəzetlərinə diqqət və qayğı göstərmişdir. Bu da təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə həm də müxalifət qəzetlərinə birdəfəlik maddi yardımlar olundu. Digər tərəfdən "Yeni Müsavat" və "Azadlıq" qəzetlərində ağızlarına gələni yazırlar. Hər kəs öz fikrini açıq formada, hətta təhqiramiz tərzdə ifadə edir. Onlara heç kəs mane olmur, lakin heç nədən səs-küy salırlar.
Konstruktiv müxalifət dövlətimizin hazırkı siyasətini, ölkə Prezidentinin siyasi kursunu, həyata keçirdiyi uğurlu layihələri dəstəkləyir və yeri gələndə təkliflər verir. Radikallar isə buna da qeyri-obyektiv "libas" geydirirlər.
P.S. Radikallar Azərbaycanda nəyi görmək istəmirlərsə, onu görürlər. Məsələn, Azərbaycanın inkişafını və xalqın ölkə Prezidenti ətrafında sıx birləşməsini. Elə buna görə də hər şeyə qara yaxır, məkrli niyyətlərindən əl çəkmirlər. Bu, həm də Azərbaycan xalqı ilə radikal müxalifət arasında olan fərqdir. İnanın ki, radikallar Qarabağ probleminin də həll olunmasını istəmirlər. Və daha nələr...