“Ümid” partiyasının ümidi qalmayıb
Müxalifət cəbhəsində yaranmış acınacaqlı vəziyyət davam etməkdədir. Bu acı durum Müsavat, AXCP (i) və bəzi partiyalar kimi, "Ümid" partiyasını da öz cənginə alıb. Radikal "bəy"lərin tutduqları yanlış mövqe və yürütdükləri səhv siyasət rəhbərlik etdikləri partiyaların dağılması və partiyadaxili böhranların yaranaraq, dərinləşməsinə səbəb olur.
"Ümüd" partiyasının sədri İqbal Ağazadə müxalifət düşərgəsinin nümayəndələri tərəfindən qəbul olunmur. Belə ki, parlamentdə təmsil olunan müxalifətçi millət vəkillərinin heç biri İ.Ağazadəni müxalifət cəbhəsinin təmsilçisi hesab etmirlər. Onlar bildirirlər ki, "Ümid" partiyası və bu partiyanın rəhbərliyi müxalifət düşərgəsini təmsil edə bilməz və bu partiya müxalifət cəbhəsində hər zaman birliyi, bərabərliyi pozub. Ümumiyyətlə, son zamanlar, "Ümid" partiyasının durumu daha acınacaqlı hal alıb. Partiya daxildən parçalanmaqdadır. Partiya üzvlərinin İ.Ağazadəyə inamı azalıb və onlar partiya sıralarını tərk etməyə başlayıblar. "Ümid" partiyasının üzvləri bu partiyanın ümidləri doğrultmadığını görərək, partiya rəhbərliyini siyasi səriştəsizlikdə, bacarıqsızlıqda günahlandırırlar. Partiyanın içərisində olan bu dağılma prosesini aciz vəziyyətdə qalaraq, kənardan izləyən partiya rəhbəri İ.Ağazadə isə çarəsiz qaldığını artıq dilə gətirməyə çalışır. Çünki "Ümid" partiyasının rəhbəri artıq nə edəcəyini, partiyanı bu vəziyyətdən necə xilas edəcəyini bilmir.
Son zamanlar digər müxalifət partiyalarının dağılmasından, bu partiyalarda yaranmış acınacaqlı vəziyyətdən istifadə etməyə çalışan və özünü müxalifət cəbhəsinin lideri adlandırmağa başlayan İ.Ağazadə hazırda elə faciəli günə düşüb ki, nəinki müxalifət cəhbəsinin lideri, heç öz partiyasının rəhbəri adını daşıyıb-daşımayacağına da zəmanət verə bilmir. Məlumdur ki, AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov arasında baş verən ciddi qalmaqallardan, münaqişələrdən İ.Ağazadə öz xeyirinə istifadə etmək istəyərək, özünü müxalifət cəbhəsində daha fədakar və daha çox siyasi qabiliyyətə malik olan müxalifətçi kimi göstərməyə çalışırdı. Lakin açıq-aşkar şahidi oluruq ki, radikal "bəy"lər hər zaman bir-birlərinə quyu qazır və bu quyuya özləri düşürlər. Bir məsələ məlumdur ki, həm İ.Qəmbərov, həm Ə.Kərimov və həm də İ.Ağazadə siyasi səriştəsi olmayan, düşüncəsiz, bacarıqsız, siyasətdən, ümumiyyətlə, başı çıxmayan, hər zaman öz mənafeləri naminə çalışan, öz maraqlarını müdafiə edən, xalqa, millətə xeyir verməkdən daha çox öz ciblərinin xeyirini düşünən insanlardır.
Sonda isə qeyd edək ki, bir-birlərinə düşmən kəsilən, bir-birlərinin qanına susayan müxalifət düşərgəsinin nümayəndələrinin tezliklə siyasi səhnədən silinəcəklərinə səbəb olan amillərdən biri də onların özlərinə düşmən kəsilmələridir.