PDF Oxu

Müxalifət

  • 14

Simasızlıq

Simasızlıq

Ölkədə fəaliyyət göstərən bir çox vətəndaş cəmiyyəti institutlarımız, ictimai birliklərimiz mövcuddur. Müxtəlif adlar altında fəaliyyət göstərən bu QHT-lər zaman-zaman ölkəmizin ictimai həyatında önəmli rol oynamaqla yanaşı, vətəndaş cəmiyyəti ilə sıx əlaqələr qurur, onun inkişafı üçün geniş tədbirlər planları həyata keçirirlər. Bu müstəvidə dövlətimiz tərəfindən də genişmiqyaslı addımlar atılır, o cümlədən, QHT-lərin sağlam fəaliyyəti üçün vəsaitlər ayrılır, yardımlar edilir.
Lakin bir sıra QHT-lər də mövcuddur ki, onların mövcudluğu vətəndaş cəmiyyəti institutu adı altında qeyri-obyektiv və səmərəsiz fəaliyyətlərdən ibarətdir. Özü də bu QHT-lər uzun illərdir ki, bu tip fəaliyyətləri ilə hər zaman ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilmişdir. Qeyd edək ki, adları hər kəsə məlum olan Eldar Zeynalov, Leyla Yunusova, Arif Yunusov, Arzu Abdullayeva, Səidə Qocamanlı və bu kimi digər QHT nümayəndələri uzun zamanlardır ki, xarici qüvvələrlə əməkdaşlıq edir, onlardan maddi donor kimi istifadə edir, eyni zamanda da, antiAzərbaycançılıq siyasəti yürüdürlər. Buna misal olaraq, çox da uzağa getməyərək, 2000-ci ilə nəzər salsaq, bunların necə simasız olduqlarının şahidi olarıq. Məsələn, 2000-ci ilin birinci yarısında Azərbaycan dövləti tərəfindən ölkədə fəaliyyət göstərən QHT-lərə 2 milyon dollar vəsait ayrılmışdı. Lakin bundan fərqli olaraq antiAzərbaycan meyilli xarici təşkilatlar Azərbaycanda fəaliyyət göstərən QHT-lərə 21 milyon dollar maddi vəsait ayırmışdı və bu vəsaitlər bilavasitə yuxarıda adları çəkilən ictimai birlik rəhbərlərinə ötürülmüşdü. Məlum məsələdir ki, həmin pulların hansı məqsədlə və kimlərə ötürülməsi nə cür pərdəarxası məqamların arxasında dayanır.

Onların Ermənistan sevgisi

Hələ o zamanlar mətbuatda və İnternet saytlarında, portallarda bu tip QHT-lərin hansı oyunlardan çıxdıqları haqda ictimaiyyətə geniş məlumat verilirdi. Belə ki, Helsinki vətəndaş institutunun Azərbaycan üzrə nümayəndəsi Arzu Abdullayeva ilə Leyla Yunusovanın Ermənistana - beynəlxalq foruma getmələri nəticə etibarilə başqa səmtə yönəlmişdir. Daha dəqiq desək, onların erməni QHT-ləri ilə öncədən razılaşdırılmış gizli görüşləri baş tutmuşdu. Eləcə də, həmin görüşdən sonra adıçəkilənlərin Yerevanın mərkəzində erməni toyunda iştirak etmələri, erməni həmkarları ilə qol-boyun olaraq şəkil çəkdirmələri, erməni havaları altında rəqs etmələri heç kimə sirr deyil. Bu olayla bağlı ictimaiyyətin hiddətinə səbəb olan bu simasızlar müxtəlif vasitələrlə çirkin əməllərini ört-basdır etməyə çalışdılar.
"Siyasi məhbus" kartından da yararlanmağa cəhd edən qeyri-obyektiv ictimai birliklərin də azğın fəaliyyətləri heç kimin yadından çıxmayıb. Məsəl üçün Novella Cəfərovanın Eldar Zeynalovla və digər QHT rəhbərləri ilə bir-bir islah-əmək müəssisələrini gəzmələri, onların müxtəlif cinayətlər törədərək, həbs olunmuş və azadlıqdan məhrum olunmuş şəxslərlə görüş təyin etmələri, onların heç bir səbəb olmadan lsiyasi məhbus" siyahısına adlarının daxil etdirmələri və bunun müqabilində rüşvət qoparmaları da hər kəsə məlumdur. Maraqlıdır ki, ikibaşlı fəaliyyətdə nəzərəçarpan həmin QHT-lərin ikibaşlı da qazancları mövcud olub. Daha dəqiq desək, həm xarici havadarlarının əmrlərini qeyd-şərtsiz yerinə yetirərək müəyyən miqdarda valyutalar qazanır, həm də məhbusların qohumlarını aldadaraq, fırıldaq yolu ilə onlardan pul qoparırdılar. Digər tərəfdən isə palaz-palaz "hesabatlar" hazırlayaraq, müxtəlif beynəlxalq təşkilatlara guya Azərbaycanda demokratik prinsiplərin pozulduğunu bəyan edirdilər. Lakin istənilən halda bu QHT-lərin hansı yuvanın quşu olduğunu dərk edən ciddi beynəlxalq qurumlar onların bu bəyanatlarını və sərsəm hesabatlarına heç bir önəm vermirdilər. Nəticədə çirkli pullar qazanan bu ictimai birliklər sakit halda öz qınlarına çəkilib, susmağı üstün tuturdular. Yəni növbəti xaricdən gələn əmr və tapşırıqları gözləyirdilər.

Satılmışlar bu gün nə edir?

Xatırladaq ki, yuxarıda adları çəkilən həmin QHT rəhbərləri bu gün də qeyri-obyektiv və xəyanətkarlıqları ilə gündəmdədirlər. Guya fəaliyyət istiqamətlərini dəyişdiklərini elan edən bu ünsürlər artıq öz işlərini daha geniş şəkildə həyata keçirməyə səy göstərirlər. "Fredom House" və "Human Riç Vatç", eləcə də, bu kimi digər antiazərbaycan meyilli xarici təşkilatlarla əlaqələr quran həmin təşkilat rəhbərləri artıq onlardan maddi vəsaitlər qoparmağa çalışırlar. Buna misal olaraq, prezident və parlament seçkilərində adları çəkilən xarici təşkilatlarla müştərək işlədiklərini nümayiş etdirən satılmış QHT rəhbərləri, əslində, bütün qanunlara zidd olaraq, siyasi fəaliyyət planlarını reallaşdırmağa cəhd göstərirdilər. Məlum məsələdir ki, QHT-lər istər biznes, istərsə də, siyasət anlamından uzaq durmalı, yalnız vətəndaş cəmiyyəti institutu timsalında aşkar fəaliyyət göstərməlidir. Ancaq onların fəaliyyətlərində nə aşkarlıq, nə ictimaiyyətçilik, nə də demokratik inkişafa meyillilik müşahidə olunur. Bu hal isə həmin QHT-lərin fəaliyyətlərinə nəzər salmağın vacibliyini sübut edir. Eləcə də, bu tip QHT-lərin vaxtaşırı olaraq süzgəcdən keçirilməsi tendensiyası da əsas götürülməlidir. Əks halda, onların dövlətimizin və xalqımızın inkişaf perspektivinə xələl gətirmək kimi çirkin əməlləri davam edə bilər. Eyni zamanda, müvafiq hüquq-mühafizə strukturları da onların xəyanətkar, satqınçılıq və digər əməlləri barədə maraqlanmalı, ölçü götürməlidirlər. Bu, həm də sağlam düşüncəli ictimaiyyətin tələbi kimi də qəbul edilə bilər.

Digər xəbərlər