Fəaliyyətlərini dayandırmış bloklar
Ölkədə hər hansı bir seçki və ya digər mühüm hadisələr öncəsi müxalifət düşərgəsində müşahidə olunan transferlər, partiya birləşmələri və aparılan təşkilatlararası danışıqlar ictimaiyyətdə "düşərgənin fəaliyyətində olmasını" sərgiləyən blef oyunudur.
Bu cür oyunların sonucları gah blok, gah birlik, gah da mərkəz yaradılması ilə başa çatır. Yəni ictimaiyyətin qarşısında elə bir ab-hava yaradılır ki, guya həmin bloklar hər bir olayı nəzərdə saxlamaqla, siyasi səhnədə böyük nailiyyətlər qazanacaqlar. Lakin bütün hallarda, bu və ya digər formada dağılmağa məhkum olmuş bloklar, birliklər və mərkəzlər bir-birilərində günahlar axtarır, qarşı tərəfi fəaliyyətsizlikdə suçlayır.
Həmin bloklardan biri də "İnsan naminə" blokdur ki, həmin blokda "cəmləşmiş" Əli Əliyevin "VİP"-i və ALP hazırda, demək olar ki, fəaliyyətsizdirlər. Nəzərə alsaq ki, vaxtilə hər iki partiya "Azadlıq" blokunda parçalanmasında da müəyyən rol oynayıblar, onda "VİP"-lə ALP-nin daha sonra "İnsan naminə" blokunda bir araya gəlmələrinin arxasında dağıdıcılıq prinsipinin olduğunu desək yanılmarıq. Ancaq indi onların özləri dağılmaq prosedurunu yaşayır və yuxarıda bildirdiyimiz kimi, qarşılıqlı olaraq bir-birini günahlandırırlar.
Belə ki, ilk daşı "VİP" sədri Əli Əliyev atıb. O deyib ki, blokda birləşən təşkilatlar bundan sonra münasibətlərinə aydınlıq gətirməlidir: "İnsan naminə" seçki bloku faktiki fəaliyyətini dayandırıb. Ancaq bunun rəsmiləşdirilməsi hələ baş verməyib." Ancaq sonrakı ifadəsində, necə deyərlər, "xalaxətrin qalmasın" tipli ifadəsində Əli Əliyev bildirib ki, "bu ayın sonuna qədər müəyyən müzakirələrdən sonra növbəti mərhələdki münasibətlərimizə aydınlıq gətirəcək."
Maraqlıdır, əgər özünə yaxın bildiyin siyasi təşkilatla fəaliyyət göstərmək iqtidarında olmayasan, fəaliyyətini faktiki dayandırasan, axırda da, deyəsən ki, müzakirə aparacığıq. (?) Ətrafında ALP və "Yaşıllar" partiyasından başqa heç bir qüvvə toplaya bilməyən Əli Əliyev sonda bildirib ki, "naxələfliklə bağlı böyük siyasi təcrübəmiz var." Yəqin "VİP" sədri burada özünü nəzərdə tutub. Daha doğrusu, vaxtilə AMİP-də müavin postunu tutmuş Əli Əliyev sonradan Etibar Məmmədova qarşı naxələflik edərək, ondan ayrılıb partiya qurdu. Qısası, "İnsan naminə" blokda nə özləri naminə, nə də mənsub olduqları düşərgə naminə heç nə edə bilmədilər.
"Qarabağ" bloku - "demokratsız" və "ümidsiz"
"Qarabağ" bloku ətrafında da qeyri-ciddi münasibətlər həmin blokun yox olmasına səbəb oldu. Blokda seçkiöncəsi birləşmiş ADP və "Ümid" partiyaları artıq tamamilə ayrı-ayrı müstəvidədirlər. ADP-nin "Ümid"ə göstərdiyi "əliaçıqlıq", nəticədə, "Ümid"in ADP-yə "atış" kəlməsi ilə başa çatdı. Əslində, Sərdar Cəlaloğlunun İqbal Ağazadə ilə anlaşmasına əsasən, ikincisi deputat seçiləcəyi təqdirdə, birinciyə bütün sahələrdə yardım və kömək göstərəcəkdir. Lakin İqbal Ağazadənin sözünə sahib durmaması və digər şəxsi səbəblər üzündən "Qarabağ" bloku dağıldı, dağılmağı ilə yanaşı, iki partiya arasında "qanlı-bıçaq" nifaq düşdü. Artıq ADP sədri açıq-aşkar bildirib ki, "Ümid" partiyası və onun sədri müxalifət düşərgəsinin "persona non- qrata"dır.
"İslahat"ın islahata
ehtiyacı var
Parlament daxilində fəaliyyət göstərən digər müxalifət partiyalarında da vəziyyət gərginləşib. Belə ki, orada cəmləşən müxalifət partiyaları önə çıxmaqla blok yaratmaq arzusunda idilər. Amma irəli çıxmaq istəyən partiyalar, sonradan iki addım geri çəkilməyə məcbur olurdular. İndiki zamanda da, bu, belədir. Məsələn, BQP sədri Fazil Qəzənfəroğlunun "islahat" deputat qrupu yaratmaq arzusu ürəyində qalıb. Ona görə yox ki, o, bunu edə bilmək imkanından məhrumdur. Sadəcə, onun ətrafında heç bir parlamentdaxili müxalifət partiyası birləşmək arzusunda deyil. Belə ki, BAXCP sədri Qüdrət Həsənquliyev, öz növbəsində, tamamilə ayrı "fraksiya" qurmağı düşünür. DİP sədri, ümumiyyətlə, heç bir qrupa birləşmək fikrində olmadığını açıqlayıb. Asim Mollazadə yalnız komissiya tərkibində fəaliyyət göstərəcəyini deyib. Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev isə gələcək təklifləri dəyərləndiriləcəyini bildirməklə, hər hansı müxalifət partiyası ilə iş birliyində olmayacağını dəqiqləşdirib.
Beləliklə, istər radikal, istərsə də konstruktiv müxalifət partiyalarındakı fəaliyyətsizlik ab-havası, konkret olaraq, nəticəsizliklə başa çatır. Fəaliyyətsizlik isə səmərəsizlikdən irəli gələn bir haldır desək, yanılmarıq.