Radikal müxalifət düşərgəsində sürətlə bir-birini əvəz edən qalmaqallar partiyalardan-partiyalara, funksionerlərdən-funksionerlərə keçməklə düşərgədaxili münasibətləri daha da gərginləşdirməkdədir.
Birliklərin, blokların, mərkəzlərin yaradılmasına rəğmən qarşısıalınmaz prosesə çevrilən parçalanmalar və istefalar bu gün də davam edir. Buna baxmayaraq, bütün hallarda özlərini ana müxalifət obrazında sərgiləməyə çalışan radikal təxəyüllülər bu ad uğrunda da mübarizə aparmağı davam etdirirlər. Bu baxımdan, özünü daha "şanslı" hesab edən "Ümid" partiyasının sədri İqbal Ağazadə son vaxtlar daha çox canfəşanlıq edir. Eyni zamanda, parlamentdəki təmsilçiliyini önə çəkən partiya sədri bunu özünə böyük bir "kozır" hesab edir. Belə ki, parlament daxilində iflasa uğrayan fraksiya məsələsi sona çatmamış özünü ortaya atan İ.Ağazadə yeni fraksiya yaratmağı düşünür. Bununla, o, nümayiş etdirmək istəyir ki, həm parlamentdənkənar, həm də parlamentdaxili müxalifət kuluarlarında ən sözükeçən şəxs məhz onun özüdür. Əlbəttə ki, hər bir halda, onun ana müxalifətçilik yolunda verdiyi çabaları nəticəsiz qalacaqdır. Çünki İ.Ağazadə daha öncələr də bu tipli səylərlə nəyəsə nail olmağa çalışmışdır.
Məsələyə münasibət bildirən digər parlamentdaxili müxalifət partiyalarının sədri Ağazadənin bu addımını sərsəmlik kimi qələmə verirlər. Məsələn, BAXCP sədri Qüdrət Həsənquliyev, ümumiyyətlə, "Ümid" sədrini müxalifətin sözükeçən şəxsi olduğunu hesab etmir: "Əgər İqbal bəy öz partiyası daxilində hər hansı bir problemi həll etmək iqtidarında deyilsə, onun istər ana müxalifətçi obrazında sərgilənməsi, istərsə də, partiyaları birləşdirərək, farksiya yaratması çox gülünc görünür".
Göründüyü kimi, bu sözləri konstruktiv müxalifət partiyası kimi qəbul edilən bir siyasi təşkilatın sədri söyləmişdir. Bu isə, o anlama gəlir ki, parlamentdə təmsil olunmağına baxmayaraq, İ.Ağazadə hələ də radikallıq ab-havasından ayrıla bilmir. Bunu digər müxalifətçi millət vəkili öz sözlərində demişdir. Belə ki, VHP sədri Sabir Rüstəmxanlı hazırda, ümumiyyətlə, müxalifətin birliyinin baş tutmasına inanmadığını hesab edir: "Biz, nəinki birləşə bilmirik, eləcə də, müəyyən konsensusa da gələ bilmirik. Bunun müqabilində İ.Ağazadənin hər hansı bir birlik ideyası və ya müxalifət daxilində lider olmaq arzusu heç bir məntiqə sığmır".
P.S. Əslində, tamamilə çökmüş bir müxalifətin ya "anası", ya da "atası" olmağın heç bir fərqi yoxdur. Çünki bu müxalifət, sözün əsil mənasında, kimsəsiz, yetim və soysuz müxalifətdir.