AXCP (i)-Müsavat "birliyi" ətrafında gedən "diplomatik" görüşlər iflasa uğradıqdan sonra kuluarlarda sərgilənən "mehriban görüntülər" də yoxa çıxmaqdadır. Ümumiyyətlə, hər iki partiya arasında növbəti soyuq müharibə küləkləri əsməyə başlayıb. Bu əsnada, ilk addımı Əli Kərimovun xüsusi tapşırıqlarına əsasən, müavini Fuad Qəhrəmanlı atmağa başlayıb. "İslahatçılar"a yaxın mətbu orqanlarda onun verdiyi açıqlamaların sətiraltı ifadələri bilavasitə İsa Qəmbərovu və onun yaxın ətrafını vurur.
Daha dəqiq vurğulasaq, əslində, Müsavatı parçalamaq amacı ilə irəli sürülmüş "birləşmə" ideyasının əngəllənməsinin də, məhz İ.Qəmbərov tərəfindən yönəldildiyi deyilir. Bir sözlə, AXCP (i) parçalayır, sonra da günahı Müsavatın boynuna yazır. F.Qəhrəmanlıya isə bu işdə yaxında kömək edənlərin biri də partiyanın Ali Məclisinin sədri Həsən Kərimovdur. Belə ki, onun "Daha AXCP (i)-Müsavat bloku yoxdur" bəyanatı isə "cəbhə"nin bundan sonra, Müsavatla seçki ərəfəsində olduğu kimi, mehriban davranmayacağını göstərir. Həftə içində dərc edilmiş xəbərlər, xəbər portallarında yayımlanmış informasiyalar və fotoşəkillər isə hələ necə deyərlər "bismillah"dır. Qısacası, bütün bunların ətrafında gedən söz-söhbətlərin böyük başlığı belədir - AXCP (i) sədri Ə.Kərimov Müsavata qarşı qəti və amansız hücuma keçib.
Sülhəddin Əkbərovla İbrahim İbrahimlini müxtəlif vəsaitlə yanına çəkib onlardan yetərincə istifadə edən Əli Kərimov növbəti amacını köhnə çayxana üsulu ilə reallaşdırmaqla planının "a" bəndini yekunlaşdırıb. Məsələn, onun "Muğan" çay evində birdən-birə, qəfildən yuxarıda adı çəkilən eks-müsavatçılarla "gizli" anlaşması təsadüfi sayıla bilməz. Xatırladaq ki, İbrahim İbrahimli istefa verəcəyi andan bildirib ki, AXCP (i)-yə keçməyəcək. Sülhəddin Əkbərov isə elmi işlə məşğul olacağını açıqlayıb. Təbii ki, bütün bunlar köhnə gedişdən başqa heç nə deyil. Çünki əldə etdiyimiz yeni məlumatlar da qeyd olunanları sübut edir. Məlum "Muğam" çay evi "anlaşmasına" görə, Ə.Kərimov hər iki şəxsi ayrıca siyasi təşkilat yaratmağa razı salıb. Eyni zamanda, yaradılacağı partiyaya ilkin olaraq, maddi-texniki dəstəyin də onun tərəfindən veriləcəyini vəd edib. Ə.Kərimovun köklü məqsədi Müsavatın rayon təşkilatlarına çıxış tapması və həmin təşkilatları təməlli şəkildə məhv etməkdir. İ.Qəmbərovun digər "sosial bazası" olan Naxçıvan rayon təşkilatların da buraxılaraq yeni partiyaya transferi üçün gizli danışıqlar olub. Eyni zamanda, artıq Bakı şəhəri üzrə də istefa vermiş çoxsaylı müsavatçılar yaradılacağı düşünülən partiyaya üzv olmağa hazırlaşırlar. Əvvəlkilər həmin partiyanın adı "Demokratik Müsavat" kimi təqdim olunsa da, AXCP (i) sədri öz tərəfindən daha iki ad təklif edib - "Milli Müsavat Partiyası" və "Xalq Müsavat Partiyası".
Əldə etdiyimiz məlumatlara görə, yeni siyasi təşkilat birmənalı olaraq, İ.Qəmbərovu və Müsavat partiyasının tənqidi, vurulması üzərində qurulacaq. Yeni partiya qurucuları "İsa Qəmbərov və onun ətrafı müxalifətin birliyinə əngəl törədir" şüarı ilə hərəkət etməklə, digər müxalifətçilərə də bəraət almağa səy göstərirlər. Həm Müsavata yaxın, həm də Müsavatın özündən qüvvələr qoparıb özlərinə birləşdirməyə çalışacaqlar. Eləcə də, AXCP (i)-nin əlində olan bütün resurslar Sülhəddin Əkbərovla İbrahim İbrahimlinin birbaşa ixtiyarında olacaq. Bir sözlə, "Muğan" çayxanasında növbəti müxalifət partiyasının təməli qoyulmaqdadır. Əldə etdiyimiz başqa faktı da nəzərə çatdırmaq istərdim. Vaxtilə Müsavat partiyasının "bərpasında" az xidmətlər göstərməmiş bir neçə eks-müsavatçıların yaradılacaq siyasi təşkilatda postlar tutacağı müəyyənləşdirilib. Siyahı isə ümumilikdə belədir.
1. Sülhəddin Əkbərov-başqan
2. İbrahim İbrahimli - Məclis başqanı
3. Əsgər Əhməd - Divan sədri.
4. Vidadi Hüseynov - Məclis başqanının müavini.
5. İbrahim İbrahimov və Tapdıq Abbas başqan müavinləri.
Partiya yaranan kimi AXCP (i) ilə müttəfiqlik sazişi imzalanacaq. Ə.Kərimov "qisas" xarakterli gedişləri ilə Müsavat partiyasını AMİP-in gününə salmağa çalışır. Xatirinizdədirsə, AMİP-dən qopan "VİP"-də bu cür üsulla yarandı. Bunun ardınca isə "VİP" AXCP (i) ilə "Azadlıq" blokunda müttəfiq olmuşdu. Yəni Sülhəddin Əkbərovun partiyası da "VİP" kimi AXCP (i)-nin qanadı kimi fəaliyyət göstərəcək. Baş verənlərlə bağlı gərginlik içində çalxalanan Müsavat partiyası isə öz canını xilas etməkdən ötrü dəfələrlə işlənmiş "salfet" kimi istifadə etdiyi "KXCP"-dən mədəd ummağa başlayıb. Mirmahmud Fəttayev isə İ.Qəmbərovu tanıdığına görə, ondan edilən təklifləri dolayısı ilə rədd edir.
P.S. Əlqərəz, radikal düşərgədə "köhnə hamam, köhnə tas" prinsipi davam edir. Çayxanalarda təzə-təzə partiyalar yaranır...