Axmaq adam xeyirxah ola bilməz, buna onun ağlı çatmaz
Məlumdur ki, parlament seçkilərindən öncə AXCP (i) və Müsavat partiyalarının rəhbərlikləri yalan, fırıldaq, ikiüzlü, mənasız, inandırıcı olmayan çıxışlar edərək, birləşmək istədiklərini söyləyirdilər. Bu fikirlərə, bu sözlərə, yəni onların birləşmələrinə heç vaxt heç kim inanmayıb və inanmayacaq. Çünki AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov barışmaz, bir-birilərinə qarşı kin-küdurət bəsləyən məxluqlar olublar.
"Yurd" şefi son zamanlar çıxışlarında bildirir ki, o, seçkilərdən öncə Müsavat partiyası ilə birləşməni "xeyirxah" prinsiplər üzərində qursalar da, bu "xeyirxah" ideya reallaşmayıb. Əlbəttə, Ə.Kərimovun bu fikirləri başdan-başa yalandan və siyasi hiyləgərlikdən ibarətdir. Ə.Kərimov çıxışında onu da bildirib ki, Müsavat partiyası artıq fəlakətə uğramış, gücünü itirmiş, sıradan çıxmış bir partiyadır. Bu partiyanın dirçəlməsi isə AXCP (i) ilə birləşəcəkləri təqdirdə ola bilərdi. Lakin bu birləşmə baş vermədi. Birləşmə baş vermədiyi üçün Müsavat partiyası daha da zəifləyərək, məhv olacaq. Bu sözləri deyən Ə.Kərimov artıq beşinci dəfədir ki, Müsavat partiyasına və xüsusən də, İ.Qəmbərova qarşı öz düşmənçiliyini nümayiş etdirir. AXCP (i) sədrinin çıxışlarından dərhal sonra ona cavab verən İ.Qəmbərov isə bildirib ki, Ə.Kərimovun yalanları, uydurma fikirləri, hər zaman olduğu kimi, bu gün də davam edir: "Bu fikirlərilə AXCP (i) sədri özünü reklam edir və gündəmdə qalmaq istəyir." Müsavat başqanı, həmçinin, onu da deyib ki, AXCP (i) öz içindəki qalmaqallar nəticəsində parçalanır və həmçinin, bu partiyanın gücü, qüvvəsi çoxdan tükənib.
Baş verən bu olaylar onu deməyə əsas verir ki, AXCP (i) sədri Ə.Kərimovla Müsavat başqanı İ.Qəmbərov arasında gedən dəhşətli qalmaqal daha da alovlanır. Bu alovlar isə Müsavat və AXCP (i)-ni tezliklə yandırıb, külə döndərəcək. Onu qeyd edək ki, istər Ə.Kərimov, istərsə də İsa Qəmbərov siyasi səriştəsi, bacarığı, olmayan insanlardır. "Yurd" şefi və Müsavat başqanı müxalifət səhnəsində daim bir-biriərinə kin, nifrət bəsləyib, həmçinin, ciddi münaqişələr yaratmaqla yadda qalıblar və onlar bu səmərəsiz fəaliyyətlərini bu gün də davam etdirirlər. Çünki bu insanlar yalnız öz mənafeləri uğrunda çalışıblar və çalışırlar. Bu insanlara vətənin, millətin mənafeyi önəmli deyil. Onlar xalqın adından istifadə etməklə hansısa çirkin istəklərini, niyyətlərini həyata keçirmək fikrindədirlər. Lakin xalq buna imkan verməz. Son günlərdə açıq-aşkar şahidi oluruq ki, müxalifət düşərgəsinin namizədləri özləri özlərinə o dərəcədə düşmən kəsiliblər ki, hətta hazırdılar ki, istənilən fürsətdən istifadə edərək, bir-birilərini məhv etsinlər.