Müsavatda şərəfsizlər axtarılır
Son vaxtlar müxalifət düşərgəsində olduqca maraqlı olaylar baş verməkdədir. Bu gün bir-birilərinə dost olan müxalifət yetkililəri səhərisi gün qatı düşmənlərə çevrilirlər. Artıq 20 ildir ki, Azərbaycan cəmiyyəti bu cür halların şahidi olur. Ona görə də, müxalifət düşərgəsində baş verənlər cəmiyyəti zərrə qədər də olsun maraqlandırmır.
Parlament seçkilərində növbəti biabırçı uğursuzluqla üzləşən müxalifət son günlər, nəinki cəmiyyətin, eyni zamanda, düşərgə funksionerlərinin daha kəskin mövqeyi ilə qarşılaşır. Bunu düşərgədə baş verən proseslərdən də açıq şəkildə görmək mümkündür. Yaranmış ziddiyyətin kəskinləşməsində məqsəd müxalifətin istək və arzularanı reallaşdırmaq üçün hələ də öz mövcudluqlarını saxlamaqda israrlı olmalarıdır. Əgər belə olmasaydı, düşərgədə ara qarışdırmaqda ad çıxarmış AXP-nin keçmiş sədri Pənah Hüseynov Müsavat başqanı olmaq iddiasına düşməzdi.
Xatırladırıq ki, P.Hüseynov yaxşı bilirdi ki, növbəti parlament seçkilərində qələbə qazanmayacaq. Bu səbəbdən də, dəfələrlə Müsavat partiyasının Divan iclaslarında və daxili toplantılarda məcburi olsa da, iştirak edirdi. Doğrudur, bu hala qarşı çıxanlar olsa da, nəticə dəyişməz olaraq qalırdı. İndi isə partiyanın hər küncündə müzakirə olunaraq, aşkarlanan məsələdən agah olan P.Hüseynov artıq qurumu özü idarə etmək barəsində müəyyən təkliflərlə çıxış edir. Eyni zamanda, bu istəkdə olan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da İ.Qəmbərovun getməyi müqabilində hər hansı bir şəxsin müqəvva kimi başqanlıq kreslosunda əyləşməsinə razılıq verib.
Bir məqamı da vurğulayaq ki, Müsavat başqanı İ.Qəmbərov partiya məclisinin keçirilən iclasında hesabat xarakterli çıxışı zamanı partiyanın gələn il keçiriləcək qurultayında partiyanın yeni başqanı seçiləcəyini və buna heç kimin şübhəsi olmadığını söyləyib. İ.Qəmbərov, həmçinin, partiyadan gedənləri "yorulmuş adamlar" adlandırıb. Bildirib ki, "bu yorğunluqdan istifadə edərək, onları tələyə salırlar". İ.Qəmbərov Müsavatda şərəfsizlərin də olduğunu və onların tapılması üçün komissiya yaradılacağını da söyləyib.
İ.Qəmbərovun bu "bəyanatına" cavab verən P.Hüseynov başqanın xam xəyyallarla yaşadığını və 2010-cu ilin onun siyasi meydanda son ili olduğunu söyləyib. P.Hüseynov, həmçinin, İ.Qəmbərovun gedənlərin "yorulmuş adamlar" adlandırmasına da münasibət bildirərək, düşərgə "sakinlərinin" başqanın əlindən boğaza yığıldığını deyib. Çünki İ.Qəmbərov Müsavat Divanının toplantılarında davamlı şəkildə məsələlərə və müzakirə olan mövzulara öz münasibətini bildirərkən, həmişə ziddiyyətli məqamlar yaradır. AXP sədrinin fikrincə, daxili çəkişmələrin də əsil səbəbkarı elə başqandır: "17 ilə yaxındır ki, Müsavata başqanlıq edən İ.Qəmbərov partiyanın istənilən bir prosesdə uğur əldə etməsinə nail ola bilməyib. Sadəcə olaraq, siyasi "mədəniyyət" naminə, həmişə addım atmağa hazır olan İ.Qəmbərov, əslində, siyasi proseslərdən bixəbər bir adamdır. Çünki bu illər ərzində İ.Qəmbərov ancaq öz şəxsi ambisiyalarının həyata keçirilməsinə çalışıb. Ona görə də siyasətlə ancaq bu məsələlərdən başı çıxan adam məşğul olmalıdır".
Müsavat partiyasının Divan üzvü Adil Qeybulla da pənahların, isaların, əlilərin - hamısının bir bezin qırağı olduğunu deyib: "Siyasi mədəniyyətdən uzaq" olanlar İ.Qəmbərovun toruna düşürlər. Çünki Müsavat başqanı öz mənasız, məntiqsiz yanaşmaları ilə həm özünü, həm ətrafındakıları hörmətdən, ləyaqətdən salır. Nə qədər ki, gec deyil, İ.Qəmbərov başqanlıq postundan əl çəkməlidir".