Müsavatda növbəti istefa dalğası
Müsavat daxilində parlament seçkisindən sonra baş alıb gedən istefalar dalğası partiyanın, demək olar ki, bütün tanınmış funksionerlərini yuyub aparır. Növbəti hədəf isə sözügedən təşkilatda kifayət qəbər qəbul olunmuş, öz sözünü deyə bilən Aqil Qeybulladır. Onun istefası barəsində düşünülməsinə səbəb isə Müsavatın Məclis sədrliyinə keçiriləcək seçkilərlə bağlı namizədliyinin təsdiq olunmamasıdır.
Daha dəqiq desək, onun yerinə Arzu Səmədbəylinin Məclis sədrliyinə namizəd kimi alternativsiz qəbulu Aqil Qeybullanı möhkəm qəzəbləndirib. Maraqlıdır, Aqil Qeybullanın Arzu Səmədbəylini qəbul etməməsinin arxasında hansı nüanslar mövcuddur və Müsavatda alternativsiz seçki keçirməyin planını kim və nə üçün təklif edib?
Adıçəkilən partiyada mətbuata verilən məlumatlara görə, Müsavat Divanındakı toplantıda partiyanın Məclis sədrliyinə yalnız bir nəfər - Arzu Səmədbəyli müraciət edib. Eyni zamanda, partiyanın Divan və Məclis üzvü yerlərinə də seçkilər keçiriləcək. Boş qalmış Məclis üzvü yerlərinə 32, Divandakı 3 boş yerə 6 nəfər müsavatçı iddialıdır.
Bu arada, Arzu Səmədbəylinin alternativsiz namizəd kimi təqdim olunmasına qıcıqlanan Aqil Qeybulla bütün bunların "düşündürücü məsələ" olduğunu vurğulayıb. Onun əksinə çıxış edən Arzu Səmədbəyli isə Müsavata yaxın mətbu orqanlarda başqan İsa Qəmbərova "bəy tərifi" yağdırır: "Mən bunu özümə qarşı bir etimad kimi, həm də müsavatçıların avansı kimi qəbul edirəm və mənim namizədliyimi dəstəkləyən hər bir kəsə təşəkkür edirəm".
Arzu Səmədbəyli yüz faiz əmindir ki, Müsavat başqanı İsa Qəmbərov üzünə salıb başqanlıq postunu əldən verməyəcək və ikiəlli öz kreslosundan yapışaraq, yerini kimsəyə bağışlamayacaq. Ona görə də, özünə uyğun taktika seçən Arzu bəy başqanın gedəcəyi təqdirdə, onun yerinə keçmək ehtimalını bu cür dəyərləndirib: "Əgər İsa bəy israr edəcəksə, namizədliyini verməyəcəksə, yeni bir situasiya alacaqsa, onu artıq o dövrə uyğun dəyərləndirəcəyik". (?!)
Xatırladaq ki, Məclis sədrliyinə bir neçə Divan üzvü iddialı idi. Məsələ ilə bağlı namizədlik verənlər içində Adil Qeybulladan başqa, Nüşabə Sadıqlı və İkram İsrafil də var idi. Qeyd edək ki, növbəti iki şəxs də İsa Qəmbərovun başqanlıqda qalmasına etiraz edən qrup arasında cəmləşib. Onlar hazırda Aqil Qeybullanın atacağı addımı gözləyirlər. Ehtimal olunur ki, öz istefasını gerçəkləşdirdikdən dərhal sonra, onlar da partiya sıralarını tərk edəcəklər. Mətbuata verdiyi açıqlamalarında bunu istisna etməyən partiya funksionerləri onu da vurğulayıb ki, partiya rəhbərliyi onun və digərlərinin Müsavat Məclisi sədrliyinə namizəd olmalarına qarşı çıxıb: "Mən ərizə ilə müraciət etmək istəmədim, namizədliyimi şifahi olaraq irəli sürdüm. Çünki uduzulmuş oyuna getmək istəmirəm".
A.Qeybulla Müsavat rəhbərliyini başqa tərəfdən də günahlandırıb. O, qeyd edib ki, öncə rəhbərlik namizədin alternativsizliyindən danışıb, namizəd qeydə alındıqdan sonra, guya ortada heç bir alternativsiz namizədin olmadığı barədə fikirlər səsləndirilib: "Amma o imkan buraxılıb və qəti şəkildə deyilib ki, bir nəfərdən başqa heç kim namizəd ola bilməz".
"Partiya daxilində bu və digər məsələlərin həllindəki haqsızlıq qəbuledilməzdir" deyən funksioner istefaya gedəcəyinin eyhamını vurub: "Yaxşı iş görməyiblər. Əgər bundan sonra fəaliyyət göstərsəm, bu amilləri də nəzərə alacam. Baxarıq vəziyyətə, hər halda, düşündürücü bir məsələdir, hər zaman mövqeyimi açıq ifadə etmişəm, istər mətbuatda, istər başqa yerdə. Çünki bütün prinsipial məqamlarda ortaya mövqe qoymuşam. Təbii ki, bu mövqe məni qane etməyib". ("Şərq" qəzeti, 22 dekabr 2010-cu il).
A.Qeybullanın Nüşabə Sadıqlı və İkram İsrafillə birgə Məclis sədrliyinə namizədliyi qeydə alınmadığı üçün partiya rəhbərliyinin önə sürdüyü arqumentlərin əsassız olduğunu deməsinin arxasında, başda özü olmaqla, hər iki şəxsin də istefası gündəmə çıxan məsələlər arasındadır. Üç-üç, beş-beş istefalara gedən Müsavat funksionerlərinin arxasınca 300, 500 sıravi müsavatçılar tərk edir. Və ortada digər bir sual çıxır: əgər Müsavatda barmaqla sayılacaq adam qalacaqsa, o zaman başqanlıq postu, Məclis sədrliyi və Divan kimin nəyinə gərəkdir?