PDF Oxu

Müxalifət

  • 20

AXCP (i)-Müsavatın birlik oyununda növbəti ayrılığı təmin edəcək qarşıdurmalar

AXCP (i)-Müsavatın birlik oyununda növbəti ayrılığı təmin edəcək qarşıdurmalar

Son günlər müxalifət düşərgəsində daha çox müzakirə və mübahisə predmeti olan AXCP (i) ilə Müsavat partiyalarının birləşmə məsələsi artıq kritik bir dönəmə qədəm qoyub. Düşərgədə əvvəlcədən də bu birlik ideyasının əleyhinə çıxan qüvvələr maraqlarının son anda olsa belə reallığa çevrilməsinə çox məmnun görünürlər. Amma yaranmış situasiyada bədbinlik keçirən qüvvələr isə baş verənlərdən özlərini sığortalamağa çalışırlar.
Ona görə də, artıq birləşmə məsələsində adları hallanmış tərəflər olan AXCP (i) və Müsavat yetkililəri prosesi müxtəlif rakurslardan yanaşmaq diqqəti daha çox başqa səmtə yönəltməkdə israrlıdırlar. İşin gedişi isə onlar arasında, sözün əsil mənasında, kritik bir mübarizənin getdiyini təsdiqləyir.
Müsavat partiyası yetkililərinin birləşmə ilə bağlı səsləndirmiş olduğu bəyanatlar böyük narahatçılıq keçirən AXCP (i) üzvləri qarşı tərəfin iddialarını cavabsız qoymaq istəmirlər. Ona görə də, son günlər tərəflər arasında, demək olar ki, qarşılıqlı ittihamlar açıq şəkil alıb. Elə o dövrdən də, bu birləşmə prosesinin əleyhinə olduğunu indi artıq birmənalı şəkildə etiraf edən AXCP (i) Ali Məclsinin sədri Həsən Kərimov müsavatçı "dostlarının" yanaşmasından da böyük məyusluq keçirdiyini bildirib. "Onsuz da həm Müsavat partiyası daxilində olan qüvvələr, həmçinin də, ona kənardan havadarlıq edənlər bu birləşmənin əleyhinə çıxacaqdılar" deyən H.Kərimov növbəti dəfə AXCP (i) sədri Əli Kərimovun İsa Qəmbərov tərəfindən aldadıldığını dilə gətirib: "Müsavat partiyası ilə birləşmə məsələsində AXCP (i) olaraq biz tərəfdən nə lazımdırsa, edilib, qarşı tərəfin mövqeyini gözləyirik. İndi söz qarşı tərəfindir". O, eyni zamanda, qeyd edib ki, Müsavat partiyasının ayrı-ayrı funksionerlərinin mətbuatdakı açıqlamalarından birləşmə mövzusunda tərəddüdləri hiss olunur: "Ancaq son qərarı həmin funksionerlər deyil, partiyanın Divanı, Məclisi, yaxud qurultayı verir. Ona görə də biz Müsavatın ayrı-ayrı funksionerlərinin açıqlamalarını ciddi qəbul etmirik, partiyanın rəsmi orqanının qərarını gözləyirik". H.Kərimov Müsavat partiyasında AXCP (i) ilə birləşmə tərəfdarlarının sayının çox olduğunu, ona görə də bu məsələ ilə bağlı müsbət cavab gözlədiklərini bildirib: "Müsavatın rayon təşkilatlarında birləşmə ilə bağlı xeyli pozitiv fikir var, mənim müşahidələrimə görə, birləşmə tərəfdarları üstünlük təşkil edir. Ümidliyəm ki, tərəddüd edən şəxslər, nəhayət, müsbət qərar qəbul etməyə meyillənə bilərlər". H.Kərimov Müsavat başqanı İ.Qəmbərovun AXC-nin ildönümündə etdiyi çıxışı da xatırladıb: "Bu birlik təşəbbüsü 16 iyul 2010-cu il tarixdə - AXC-nin yaranmasının ildönümündə İ.Qəmbərov tərəfindən meydana atılıb. Ona görə də İsa "bəy" verdiyi sözün arxasında durmalıdır" deyən H.Kərimov qeyd edib.

Əli Əliyevdən Müsavat başqanına sərt ittihamlar

"VİP" sədri: "İsa Qəmbərov "başqanlıqdan gedərəmsə, partiya dağılar" tezisini cəmiyyətə sırımağa çalışır"
AXCP (i) ilə aralarandakı böhranlı vəziyyətdən qurtulmamış Müsavat başqanı İ.Qəmbərov müxalifət düşərgəsində də, rəqibləri tərəfindən "top" atəşinə tutulub. "Vətəndaş və İnkişaf Partiyası" başda olmaqla ADP, "Ümid" və digər müxalif qurumlar İ.Qəmbərovun məqsədli şəkildə atmış olduqları addamları qətiyyətlə pisləyiblər. "VİP" sədri Əli Əliyev İ.Qəmbərovu potoloji xəstə adlandırıb. Onun iddiasına görə, Müsavat başqanının xəstəliyi qısa müddət sonra yenidən baş qaldırıb. Ə.Əliyev bütün bunlarla yanaşı, İ.Qəmbərovun ünvanına olmazın ifadələr işlədəib və yeni böhtanlar yağdırıb. O, Müsavat başqanını parlament seçkilərindən öncə "Azadlıq" blokunu dağıtmaqda və hakimiyyətlə bazarlığa getməkdə ittiham edib. Ə.Əliyev bir məqamı da diqqət çatdırıb ki, İ.Qəmbərov "başqanlıqdan 2010-cu ildə gedəcəyəm" bəyanatını verməsinə baxmayaraq, indi "mən gedərəmsə, partiya dağılar" tezisini cəmiyyətə sırımağa çalışır. "Əslində, o, deputat mandatı qazanmadığına görə, partiya başqanlığında qalmaq barəsində qərarını dəyişməli olub. İndi İ.Qəmbərovun guya partiyada qalması üçün yazılan "zəhmətkeş məktubları" və digər addımlar onun növbəti dönəmdə də partiya sədri olmasına istiqamətlənmiş məqsədli addımlardır. Müsavat partiyasından səslənən bəyanatlar, hazırlanan "zəhmətkeş məktubları" nədənsə, parlament seçkisindən sonra başladı" deyən Ə.Əliyev bu mətləblərin arxasında daha ilginc detalların dayandığını da dilə gətirib.

Mehman Cavadoğlu: "Əli Əliyev unutmamalıdır ki, "Azadlıq" bloku məhz onun apreldə ifşa olunan xəyanət konsepsiyasından sonra dağıldı"
Müsavat partiyası başqanının müavini Mehman Cavadoğlu isə Ə.Əliyevin ittihamlara fərqli münasibət bildirib. Onun iddiasına görə, Ə.Əliyev ayda bir dəfə İ.Qəmbərova qarşı ittihamlarla çıxış etməsə ürəyi partlayar. Bu qədər hirsin arxasında hansısa bir şəxsi detalların olması ilə bağlı ünvanlanan suala M.Cavadoğlu öz ampluasına uyğun cavab verib. M.Cavadoğlu başqa məsələlərə də aydınlıq gətirərək, "VİP" sədrinin səsləndirdiyi fikirlərə əks arqumentlər səsləndirib. O bildirib ki, "Azadlıq" blokunun dağılmasında İ.Qəmbərin rolunun olmasını birinci dəfədir Ə.Əliyevdən eşidirəm. M.Cavadoğlu, eyni zamanda, Ə.Əliyev qərəzli yanaşmasının olduğunu və onun və kimlərinsə sifarişi ilə bu cür danışdığını da dilə gətirib. "Ə.Əliyev, əslində, bununla "Azadlıq" blokunun dağılmasının günahını öz üzərindən atmağa çalışır. Blokun üzvü olmayan Müsavat başqanını həmin bloku dağıtmaqda ittiham etmək isə reallıq hissini itirməkdir. Ə.Əliyev elə bilir ki, bu ilin aprelində ifşa olunan xəyanəti insanların yadından çıxıb. "Azadlıq" blokundakı müttəfiqi Əli Kərimovu və AXCP (i)-ni siyasi səhnədən silmək konsepsiyasını yazmaq və hakimiyyətə yaxın təşkilatın hazırladığı kitabçada çap etdirmək kimi xəyanətə məhz Ə.Əliyev imza atıb" deyən - M.Cavadoğlu qeyri-ciddi insanların müxalifət düşərgəsində heç də az olmadığını da etiraf edib.
"İndi Ə.Əliyevin "Azadlıq" blokunun dağılmasını başqalarının üstünə atması gülüncdür. İfşa olunmuş birisinin bu cür hərəkətləri anormallıqdan başqa bir şey deyildir. Onun yerinə özünə azacıq hörmət edən istənilən şəxs olsaydı, məlum xəyanətinin üstü açılandan sonra siyasətdən gedərdi".

Müsavatda Məclis sədri postu üstündə mübarizə qızışır

Müsavatın Ali Məclis postuna Arzu Səmədbəyli iddialıdır
Az qala özünü "ana müxalifət" kimi təqdim edən Müsavat partiyası xırda problemlər məngənəsindən belə çıxış yolu tapa bilmir. Bir neçə gün öncə, keçmiş AXP sədri Pənah Hüseynovun Müsavatın Ali Məclis postuna gətirilməsi ilə bağlı səslənən fikirlər artıq öz çəkisini, demək olar ki, itirməkdədir. Çünki indi Müsavat daxilində baş verən proseslər bunun tam əksini söyləməyə imkan vermiş olur. Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu bildirib ki, dekabrın 26-da keçiriləcək toplantıda boş qalan Divan və Məclis üzvü yerlərinə, eləcə də, Məclis sədrliyinə iddialı şəxslərin ərizələri artıq qəbul edilib. "Boş qalan 20 Məclis üzvü yerinə 32, Divandakı 3 boş yerə 6, Məclis sədrliyinə namizədliyə isə 1 nəfərin ərizəsi daxil olub" deyən T.Yaqublu Arzu Səmədbəylinin Müsavatın Ali Məclis sədrliyinə yeganə namizəd olduğunu da bəyan edib.
Xatırladaq ki, Müsavatın Ali Məclis sədrliyinə bir neçə Divan üzvü iddialı idi. Partiya rəhbərliyində mühüm mövqe tutan Adil Qeybulla, Nüşabə Sadıxlı və İkram İsrafilin Ali Məclis sədrliyinə namizədliklərini irəli sürəcəkləri gözlənilirdi.

Digər xəbərlər