PDF Oxu

Müxalifət

  • 15

DEMOKRATİK AB-HAVA MÜXALİFƏTİ ÇAŞ-BAŞ SALIB

DEMOKRATİK AB-HAVA MÜXALİFƏTİ ÇAŞ-BAŞ SALIB

Demokratik cəmiyyətin əsas atributlarından biri də söz və fikir plüralizmi, insan hüquq və azadlıqlarının müdafiəsidir. Beynəlxalq təşkilatların mövqelərinə, eləcə də, KİV-lərdə aparılan müzakirələrə əsasən, demək olar ki, hüquqi-demokratik dövlət quruculuğunda inamla irəliləyən Azərbaycanda yuxarıda sadalanan prinsiplərə ən yüksək səviyyədə riayət olunur. Düzdür, bəzi öyrədilmiş və yaxud xarici maraqlı qüvvələrdən təlimat almış şəxslər Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq üçün ən yaramaz vasitə və üsullardan istifadə etməyə cəhdlər göstərirlər.
Bu kateqoriyaya aid olan yarıtmaz qüvvələr sırasında Müsavat, AXCP (i), AMİP, ALP və bu kimi digər siyasi partiya yetkililəri daha çox seçilir və tanınırlar. O mənada ki, bu üzdəniraq siyasi partiya funksionerləri xaricdən aldıqları beş-üç manata aldanaraq, doğulub boya-başa çatdıqları, çörəyini yeyib, suyunu içdikləri Azərbaycan haqqında beynəlxalq aləmdə yanlış təsəvvürlər formalaşdırmağa çalışırlar. Hətta xatırlamaq lazımdır ki, Müsavat başqanı İsa Qəmbərov Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsi Almaniyaya gedərək, orada Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanla qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalamışdır. Təbii ki, sazişin əsas məğzini Azərbaycanın daxili məsələlərini erməni A.Manukunyan vasitəsilə maraqlı xarici ölkələrə çatdırılması nəzərdə tutulur.

RADİKAL MÜXALİFƏT FİASKOYA UĞRAYIR

Seçkilərin təbliğat-təşviqat kampaniyasının qızğın gedişində Müsavat başqanının və onun müavini Arif Hacıyevin erməninin ayağına gedərək, onunla işbirliyinə getməsi, təbii ki, onlar üçün əsas mübarizə hədəflərinin Azərbaycan əleyhinə iş aparmaq olduğunu göstərir. Yəni seçkilərin nəticələrinin onlar üçün az əhəmiyyət daşıdığı məlum olur. Həm də ona görə ki, radikal müxalifət xalqın parlament seçkilərində onlara dəstək verməyəcəyini aydın şəkildə başa düşürdü. Məhz buna görə də, "pul qazanmaq daha düzgündür" deyərək, Azərbaycanın 20 faiz torpaqlarının işğal edilərək, 1 milyondan çox insanların ev-eşiyindən didərgin düşməsində müstəsna rolu olmuş Ermənistanın keçmiş prezidenti Ter-Petrosyanın rəhbərlik etdiyi təşkilatla İ.Qəmbərov qarşılıqlı əməkdaşlıq əlaqəsi qurmağa üstünlük verir. Yazılı KİV-də qeyd olunan məlumatlara görə, İ.Qəmbərov ermənidən dəstək aldıqdan sonra Azərbaycanda müəyyən qarışıqlıq salmağı üzərinə öhdəlik olaraq götürmüşdür. Parlament seçkilərindən sonra AXCP (i) və Müsavatın Bakının mərkəzində icazəsiz mitinqlər keçirməyə səylər göstərmələri, eləcə də, İ.Qəmbərovun və Əli Kərimovun təxribat maşını hesab olunan, "Azadlıq" radiosunda çıxış edərək, Azərbaycan xalqını hədələyən fikirlər səsləndirmələri, hakimiyyət orqanlarına ultimativ mesajlar ünvanlamaları sifarişin xaricdən gəldiyini ortaya qoydu. Amma göstərilən cəhdlərə baxmayaraq, radikal müxalifətin, xüsusilə də, erməni təəssübkeşi rolunda çıxış edən İ.Qəmbərovun və Ə.Kərimovun ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmaq cəhdləri iflasa uğradı. Hesab etmək olardı ki, məhz bundan sonra radikal müxalifət təmsilçiləri siyasi səhnəni tərk etmək üçün addımlar atacaqlar. Ancaq həyasızlığın onlar üçün siyasi mədəniyyətsizlikdən də üstün olması səbəbindən istər Ə.Kərimov, İ.Qəmbərov, istərsə də, Sərdar Cəlaloğlu, Etibar Məmmədov və digərləri oturduqları sədrlik kreslosundan imtina etmədilər. Məhz bu da onların rəhbərlik etdikləri partiyalardan yeni istefaların baş verməsinə gətirib çıxartdı.


MÜSAVAT DAĞILIR, NÖVBƏ AXCP (İ) VƏ ALP-NİNDİR

Seçki uğursuzluğunun ardınca bəzi radikal partiyaların iğtişaşlara, qarşıdurmalara daha çox meyil göstərmələri, təbii olaraq, təşkilatlar daxilində ziddiyyətli məqamların yaranmasına yol açmış oldu. Əlavə olaraq, partiya sədrlərinin üzdə bir, arxada isə fərqli fikir söyləmələri daxili ziddiyyətlərin qarşıdurmalarla əvəz olunmasına səbəb oldu. Nəticədə Müsavatdan ümumilikdə bir həftə ərzində 138 nəfər istefa verdi ki, bu da İ.Qəmbərovun son iki ildə üzləşdiyi ən böyük zərbələrdən hesab olunur. Çünki Müsavatın qurucularından olmuş və müxalifət düşərgəsində əsas söz sahiblərindən hesab olunan Sülhəddin Əkbər, İbrahim İbrahimli, Məzahir Xəlilov, Şakir Abışov və digərləri partiyadan istefa verdilər. Hesab etmək olar ki, bu istefalar Vurğun Əyyubov, Nəsib Nəsibli, Arzu Səmədbəyli və digər şəxslərin hesabına daha da genişlənəcək. Ən azı ona görə ki, Müsavat Divanının keçmiş üzvü İbrahim İbrahimli "Səs"in müxbiri ilə söhbətində partiyadan istefa verənlərin yeni təşkilat yaratmağa hazırlaşdıqlarını bildirmişdir. Söz yox ki, S.Əkbərin rəhbərliyi ilə yaradılan yeni təşkilatda V.Əyyubovun, N.Nəsiblinin rəhbərlikdə təmsil olunması qeyri-mümkündür. Məhz bu amilləri nəzərə alaraq, qeyd etmək olar ki, yaxın bir ay ərzində Müsavatın tamamilə dağılacağı şübhəsizdir. Bunun fonunda isə AXCP (i)-ni və ALP-ni də növbəti istefa dalğasının bürüyəcəyi gözləniləndir. Çünki AXCP (i)-nin kollegial orqanlarının toplantıları son bir ildir ki, keçirilmir. Adi müzakirələrin aparılması üçün sədr aparatına daxil olan şəxslərin ümumi müzakirəsinin aparılması üçün yer tapılmır. Bununla yanaşı, Ə.Kərimov partiya üzvlərinə qarşı etinasız yanaşma nümayiş etdirir. Həmçinin, Ə.Kərimov xaricdən aldığı maliyyə vəsaitlərini yalnız özünün şəxsi ehtiyaclarının ödənilməsinə xərcləyir. Bu halda partiya sözçülərinin maliyyə alması dalana dirənir. ALP-nin də yeni sədri Əvəz Temirxanın qeyri-ciddi siyasət aparması və "Dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib" tatar el məsəlinə əsaslanaraq, müxalifət düşərgəsində təmsil olunan bütün partiya sədrlərinə müharibə elan etməsi təşkilat daxilində həlli mümkün olmayan problemlər yaradıb. Bu və ya digər amilləri nəzərə alaraq, yaxın günlərdə Müsavatdan başlayan dağılma prosesinin AXCP (i) və ALP-də də davam etdiriləcəyini söyləmək olar. Digər partiyalara gəldikdə isə, onların xarici maraqlı qüvvələrə çıxışları müsbət nəticə kimi dəyərləndirilmir. Çünki "DUİ"-də təmsil olunan partiyalar, eləcə də, ADP, "Ümid", AMİP və bu kimi digər təşkilatların xarici qüvvələrlə əlaqələri əvvəlki illərlə müqayisədə məhduddur. Bunu ADP sədri S.Cəlaloğlu da lSəs" qəzetinə açıqlamasında etiraf etmişdir. S.Cəlaloğlu bildirmişdir ki, yazdığı kitabın nəşrinə yardım ayırmaq üçün Norveçin Azərbaycandakı səfirliyinə və Böyük Britaniyanın Londondakı şirkətlərindən birinə müraciət etmişdir. Ancaq əvvəlki illərdən fərqli olaraq, bu dəfə ona mənfi cavab vermişlər.
Bir sözlə, proseslərə və araşdırmalara əsasən, demək olar ki, hazırkı mərhələdə müxalifət düşərgəsində xaos və anarxiya hökm sürür. Bu isə partiyaların dağılmasına gətirib çıxaracaq əsas amillərdən hesab olunur.

Digər xəbərlər