"Şəffaf" radikal mətbuatı
Məlum olduğu kimi, təsis olunduqları vaxtdan bu günə qədər yüzlərlə maxinasiyalardan, fırıldaqlardan çıxmış radikal müxalifət qəzetlərinin gəlir mənbələri hər zaman gizli saxlanılmış, ictimaiyyətdən yayındırılmışdır. Onların öz təbirlərinə uyğun "qəzetçilik fəaliyyətləri" şantaj, böhtan, qeyri-ciddi faktlar və süni ajiotaj yaratmaqdan ibarət olmuşdur. Eyni zamanda, radikal müxalifətin ölkədə yaranmış və davamlı olan sabitliyi pozmaq cəhdləri də onlara məxsus mətbuat səhifələrində "xalqa müraciət", ya da "hər kəs küçəyə" kimi provakasiya xarakterli yazılara rəvac vermişdir. Əlbəttə ki, heç bir maddi-mənəvi, texniki və kütlə qıtlığı çəkən radikalların gəlir resursları yalnız və yalnız xarici antiazərbaycan qüvvələrdən qaynaqlanmışdır. Bu, hər zaman belə olmuşdur. Lakin vaxt ötdükcə, öz aralarındakı ziddiyyətli münasibətlərə tənzimləmə gətirə bilmədikləri halda həm radikal müxalifət mətbuatının xarici agentlərə satılmış baş redaktorları, həm də tabe olduqları siyasi təşkilat səlahiyyətliləri öz keçmiş əməllərini ictimaiyyətə açıqlayırlar. Bu da olur onların bir-birindən qisas almaları.
Nəzərinizə Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyevin keçən həftə mətbuat səhifələrində açıqladığı məqamları çatdırmaq istərdim. Onun dediyinə görə, AXCP (i)-Müsavat cütlüyü hakimiyyəti qoyub qaçdıqları ərəfəsində onların mətbuat durumları yox olma dərəcəsinə gəlib çıxmışdı. Bu səbəbdən də, "Azadlıq" qəzetinin yetkililəri Kələkidə sığınacaq tapmış mərhum Elçibəyə müraciət ediblər. O isə bu məsələni Fərəc Quliyevə həvalə edib: "Mən Kələkidə olanda mənə dedilər ki, "Azadlıq" qəzetinin maliyyə vəziyyəti ağırdır. İsgəndər Həmidovla 100 min manat pul göndərdim. Amma qəzetə pul çatmadı. Mənə sonra məlum oldu ki, həmin vəsaitlə gedib Türkiyədə iş qurdular. İsgəndər bəy bütün bunlara Allah şahididir". Budur onların "düzgünlüyü", budur onların "qeyrət-namusu"...
Adıçəkilən mətbuat orqanının çirkaba bulaşmış səlahiyyətliləri, zəhərli fikirlərlə aşılanmış millət qarşısında biabır olurlar. Qənimət Zahidovun "Üç palma" olayındakı tam çılpaqlığı ilə ortaya çıxmış, lüt-üryan özbək qızları ilə şəkil çəkdirməsindən tutmuş, Azər Əhmədovun porno görüntülərinə qədər murdarlaşmış muzdlu qəzetçilərin əməlləri bununla da bitmir...
Rusiya iş adamı kimi tanınan Şahin Ağayevin ermənilərlə iş birliyi qurması, eləcə də, onun "Azadlıq" qəzetini maliyyələşdirməsi, erməni biznesmenlərin siyasi sifarişlərini bu qəzetdə həyata keçirməsi, digər bu kimi hadisələr də yuxarıda qeyd olunanları təsdiq etmiş olur.
Lakin "Azadlıq" təkcə fəaliyyət göstərən radikal mətbuat orqanı deyil. Bu orqana bənzər "Yeni Müsavat" qəzeti də mövcuddur ki, onun da xəyanətkar fəaliyyəti arxasında gizli məqamları mövcuddur. Bütün seçki ərəfələrində geninə-boluna ağıza gələni yazıb "inqilab" çağırışları edən geydirmə "millətçilərin" arxasında bir çox çirkablara bulaşmışdılar. Təkcə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun ayağısürüşkən "jurnalist" Könül Şamilqızı ilə Türkiyədəki İstanbul macəralarını qeyd etsək, onların eyş-işrət məqamlarının İnternet səhifələrində yayımlanmasını yada salsaq, kifayət edər, onların kim olduqlarını, hansı əmələ qulluq etdiklərini ictimaiyyətə çatdırmaq. Eyni zamanda, ölkəmizdəki Norveç səfiri Steynar Gillin müxtəlif vasitələrlə adıçəkilən qəzeti "öz ağuşuna" çəkməsi arxasında da gizli nüansların olması sonradan üzə çıxdı. Onun ermənipərəst qüvvələrə tərəfindən böyük miqdarda pula alınması, həmin valyutaları, "Yeni Müsavat" qəzeti ilə bölüşdürüb ölkədəki sabit ab-havanı pozması da həmin nüanslardan biridir. Eləcə də, "Yeni Müsavat" qəzetinin "Vestmister" ermənipərəst beynəlxalq fondu tərəfindən maliyyələşməsi planından da bilavasitə, xəyanət, satqınçılıq qoxusu gəlir.
Bütün bu halların mövcudluğu bir daha isbat edir ki, ölkədə fəaliyyət göstərən mətbuatın (xüsusilə, radikal müxalifət mətbuatının) şəffaflığı ictimaiyyətdən gizlədilməməlidir. Həmin qəzetlərin maliyyələşməsindəki məqamlar xalqdan gizlədilməməlidir. İstər qanuni, istərsə də mənəvi tərəfdən belə halların mövcudluğu qətiyyən yolverilməzdir.