Keçən əsrin 90-cı illərində ölkədə baş verən siyasi hadisələrdən qaynaqlanan olaylar - xalq hərəkatı ya da milli şüurun oynaması kimi tarixi diktələr...
Bütün bunlar eyforiyaya qapılmış kütlənin respublikanın SSRİ nəhənginin caynağından al qan içində ayrılması ilə nəticələndi. Üstəlik, Qarabağ qığılcımının yeni közərtiləri böyüyərək, alov dilimlərinə çevrilirdi. Demək olar ki, bütün dünya Azərbaycanı, Azərbaycan xalqının təkləmiş, onu yalqız görərək, haqq səsini batırırdı. Nə Vəzirov hakimiyyəti, nə də Mütəllibov iqtidarı baş verənlərin öhdəsindən gəlməyi bacarmadı. Çünki ipli kuklalardan heç də fərqlənməyən bu tipajların Kremldən idarə olunması, eləcə də, onların qarşılarında qoyulmuş siyasəti yürüdə bilməmələri, xalqın haqq səsini boğmaq gücündə olmamaları vəziyyəti daha da gərginləşdirirdi.
Məhz o dövrlər, əllərinə fürsət düşmüş "azadlıq aşiqləri", "müstəqillik fədailəri" gur-gur gurlayaraq, bəlağətli nitq və çıxışları ilə xalqın düşdüyü psixoloji durumundan sui-istifadə edib hakimiyyətə yiyələnməyi qarşılarında məqsəd qoymuşdular. Dağlıq Qarabağda qızğın döyüşlərin getdiyi bir vaxtda üzərinə AXC yazılmış tankları Bakı küçələrinə yeridən, bu vasitələrlə iqtidara yiyələnməyi bacaran "cəbhə qəhrəmanları" yaxın bir il ərzində respublikanın, xalqın başına hələ də oyunlar açacaqd...?!
Məhz o dövrdə ölkəmizdə baş verən hadisələrin dırnaqarası analoqu beynəlxalq aləmi çaş-baş saldı...
İqtidar içində iqtidar yarandı(?!), yəni AXC kimi hakimiyyətə yiyələnmiş siyasi təşkilatdan başqa siyasi təşkilat Müsavat yarandı. Və iqtidarın adı dəyişilərək oldu AXC-Müsavat, sonra da AXCP-Müsavat...
Bəs nədən bunlar baş verdi? Nədən AXC AXCP oldu? Nədən Müsavat adlı partiya gündəmə çıxdı? Bu sualların cavabını tapmaq heç bir çətinlik törətmir. Çünki hakimiyyətdaxili çəkişmələr, vəzifə və postlar uğrunda ard-arda baş verən ziddiyyətlər, qarşıdurmalar, ən nəhayət, ölkə prokurorunun prezidentə həbs qəti imkan tədbirini bilavasitə üzünə oxuması yuxarıda hallandırılan sualların cavabıdır. Qısacası, dünən öz prezidentinin ayaqqabılarından öpən yarımçıq aspirantlar bu gün onun boynunda oturub, dövlət idarəçiliyi barədə düşünürdülər. Müsavat belə yarandı (bərpa edilmədi, məhz yarandı - R.R.), həmin o arıq, cılız "provakator" və agent İsa Qəmbərov belə ortaya çıxıb prezident olmaq istədi. Nəticədə torpaqların itirilməsi, xalqın aclıq və səfalətə sürüklənməsi, nəhayət, Surət Hüseynov "dramı" və ən nəhayət, ölkənin bütövlükdə yox olma təhlükəsi...
Bu tarixi haşiyə hər zaman "parçala və hökm sür" prinsipini bu gün də radikal müxalifətdə davam etdirən, nəticədə, özünün parçalanmasına səbəb olan, reallaşan proqnozları da özündə ehtiva edən İsa Qəmbərovun adı ilə sıx bağlıdır.
Məhvə gedən
"Müsavat yolu"
Heç bir tarixi ziddiyyətdən və sosial sifarişdən tələb olunmayaraq, tökülmüş qanlar üzərində qurulmuş Müsavat partiyasının 20 ilə yaxın "fəaliyyətində" hər hansı müsbət xarakterli məqalə, açıqlama, hətta bildiriş belə yazmaq mümkün deyil. Təbii ki, İsa Qəmbərov kimi agentura xəfiyyəsinin yaratdığı təşkilatdan başqa heç nə gözləmək mümkün deyildi. Hələ o dövrlər, AXCP-ni parçalayaraq "islahatçılar"a və "klassiklər"ə bölməyə müvəffəq olan İsa Qəmbərovun yatanda belə yuxusuna girməzdi ki, qarşıdan gələn illərdə onun da partiyasında ciddi parçalanmalar, qopmalar baş verəcək. Lakin bu günə qədər bilavasitə İsa Qəmbərovun parçaladığı digər birlikləri, mərkəzləri, blokları, ittifaqları nəzərə alsaq, həmin hadisənin mütləq onun da başına gələcəyi bizlər üçün sirr deyildi. Əsasən də, bu günə qədər keçirilmiş bütün parlament və prezident seçkilərindəki qəti məğlubiyyətləri, maxinasiya gedişlərinin uğursuzluqları bunları qeyd etməyə əsas verir. Çox da uzağa getməyərək, Müsavat partiyasından, eyni zamanda, İsa Qəmbərov kimi avantürist hoqqabazdan canlarını xilas edən Nəsib Nəsiblinin, Qabil Hüseynlinin, Hikmət Hacızadənin, Rasim Musabəyovun və digər özünüdərk prinsipinə sonradan riayət edənlərin qapını arxalarınca çırpıb getmələri Müsavatın və İsa Qəmbərovun məhvə doğru yuvarlanmasına stimul verdi.
Partiyanın partiyalara hesablanmış son
akkordları
Musiqi terminologiyası ilə desək, bünövrəsini major tonunda kökləmiş Müsavat partiyasının minor kökündə olan son akkordları vurulmaqdadır. Bu, eyni zamanda, Motsartın "Ölüm marşı" əsərinə daha çox bənzəyən hadisəni xatırladır. Artıq bu gün İsa Qəmbərovun ətrafında özü kimi bir-iki nəfərin qalması heç kimə gizli deyil. Sonuncu olaraq, Sülhəddin Əkbərovun, Vurğun Əyyubovun, İbrahim İbrahimlinin partiyadan çıxıb getmələri, ardlarınca isə kütləvi surətdə funksionerlərin, rayon partiya təşkilatları sədrlərinin istefaları baş tutdu.
Gündəmə isə yeni siyasi ambisiyalar çıxdı. Yəni İsa Qəmbərova düşmən kəsilərək, çıxıb gedənlərin artıq yeni siyasi təşkilatlarda və "Müsavat" adı altında fəaliyyətə hazırlaşmaları (burada "Demokratik Müsavat Partiyası" və "Yeni Müsavat Partiyası" nəzərdə tutulur. - R.R.) hazırkı Müsavat partiyasının parçalanaraq, "Müsavat"lara bölünməsinə dəlalət edir. Bütün bunlar isə yalnız bir həqiqəti - hayla gələnin vayla gedəcəyini bir daha sübut edir. İstənilən vəziyyətdə öncələrdən verilmiş proqnozların tarixi reallıqlara söykənməsi, Müsavat partiyasının və onun başqanı İsa Qəmbərovun bu dəfə qəti olaraq siyasi arenadan getməsi qaçılmaz faktlardan qidalanır. Yəni onun budəfəki siyasi oyun-maxinasiyaları, getməməsi üçün qurduğu "tələlərdən" birinə özüqarışıq həmkarları ilə birlikdə düşəcək. Bu isə Müsavat partiyasının və İsa Qəmbərovun "dövrünün" sonu deməkdir.