Parlament seçkilərindən dərhal sonra radikal müxalifət düşərgəsində başlanan yarpaq tökümü və ardıcıl istefalar yüksək sürət alıb. Çünki noyabrın 7-də keçirilən seçkidə biabırçı məğlubiyyətlə üzləşmiş müxalifət düşərgəsində qalmağı özləri üçün mənasız bir anlam kəsb etdiyini anlayan şəxslər bundan imtina edirlər. Çox təəssüflər olsun ki, düşərgədə oyuncaq qurumlara rəhbərlik edən şəxslər bu reallığı qəbul etmək istəmirlər. Amma fakt odur ki, düşərgədə indi çox çətin bir durum yaşanmaqdadır. Az qala özünü "ana müxalifət" kimi qələmə verməyə çalışan Müsavat partiyasında baş verən real istefaların ardınca onunla müttəfiqlik pərdəsi yaratmağa çalışan AXCP (i)-də qapısını istefalara açmalı olub.
Sülhəddin Əkbər: "İsa Qəmbərov da başda olmaqla bütün Divan üzvləri AXCP (i) ilə vahid təşkilatda birləşməni istəmirlər"
Qeyd edək ki, bir müddət öncə, Müsavat partiyası Ali Məclisinin sədri Sülhəddin Əkbər və Divan üzvü İbrahim İbrahimli nümayişkaranə şəkildə qurumdan istefa veriblər. Sonradan isə belə bir addım atmalarının səbəblərini açıqlayan sabiq müsavatçılar özlərinə qarşı olan böyük etimadsızlıqdan və ayrıseçkilikdən yana bu qərara gəliklərini bildiriblər. Amma Müsavatdan istefa verdikdən sonra, həmişə olduğu kimi, bu dəfə də sükutu pozmamağa çalışan İ.İbrahimli sadəcə bir bəyanatla öz hərəkətinə haqq qazandırıb. Həmişə olduğu kimi, prosesin tam məğzinə çatmaqda israrlı olan S.Əkbər isə hələ də susmaq istəmir. O açıqlamalarında mətbuata verdiyi müsahibələrdə Müsavat partiyasındakı ağır durumdan başqa İ.Qəmbərovun yarıtmaz fəaliyyətindən ardıcıl olaraq informasiyalar çatdırmaqdadır. S.Əkbər son zamanlar AXCP (i) Müsavat birləşməsi ətrafında yaranan mənzərəyə də açıqlama gətirib. Bildirib ki, Müsavatda böhran günü-gündən daha da dərinləşməkdə olsa da, AXCP (i) bunu arxada qoyub. Müsavat və AXCP (i) birləşməsə, Müsavat partiyasında vəziyyətin daha da pisləşəcəyini bildirən S.Əkbər bu ideyanın baş tutmayacağı təqdirdə, baş verə biləcək proseslərdən də bəhs edib. "Bu birlik baş tutmamış, Müsavatdan artıq iki Divan üzvü gedib. Partiyaların birləşməyəcəyi halda Müsavatdan qopmaların olacağını düşünmək olar. Birləşmənin baş tutmayacağı halda, ictimai gözləntilər mənfi işarəyə çevriləcək və ictimai qınaq, əsasən, Müsavat partiyasına yönələcək. Müsavatın AXCP (i)-nin ona uzatdığı əli qəbul etməyəcəyi halda pis nəticələr olacaq" - deyə S.Əkbər AXCP (i) ilə Müsavatın birləşməsində bəzi adamların şəxsi maraqlarını önə çəkərək, bunun əleyhinə çıxış etməsi barədə də şok açıqlamalar verib: "Bəziləri düşünür ki, birləşmənin baş tutacağı halda, Əli Kərimov birləşmiş partiyanın sədri olacaq. Ona görə də siyasi qısqanclıq nümayiş etdirirlər. İsa Qəmbərov da başda olmaqla bütün Divan üzvləri bu iki partiyanın vahid təşkilatda birləşməsini istəmirlər. Bəziləri də düşünürlər ki, bu birləşmənin nəticəsi mexaniki olaraq "bir üstəgəl bir bərabərdir iki" olmayacaq. Nəticə ikidən az olacaq. Çünki partiyaların birləşəcəyi təqdirdə, partiyalardan qopmalar da olacaq. Ancaq mən deyirəm ki, birləşmə olacağı təqdirdə, nəticə ikidən də çox olacaq. Çünki digər təşkilatlar da bu birliyə qoşulmağa meyilli olacaqlar".
S.Əkbərin təbirincə, partiyadan istefa vermələrinin səbəbi Müsavat rəhbərliyinə ictimai təzyiqi artırmaq olub. Onlar bundan başqa seçim imkanına malik olmadıqlarından belə qərar verdiklərini bildiriblər: "Müsavat partiyasının Divanında sonuncu dəfə iştirak etdiyim iclasında bütün Divan üzvlərinin bu prosesə qarşı olduğunu gördüm. Mən və İ.İbrahimli hər bir Divan üzvünün, o cümlədən, partiya sədrinin qərarını biləndən sonra bu qərara gəldik. Orada hamı birləşmə əleyhinə idi. Biz istefa verərək, cəmiyyətə "SOS" siqnalı verdik. Vəziyyətin nə yerdə olduğunu, bunun hansı nəticələri verəcəyini göstərmək və cəmiyyətin bu prosesə cəlb olunmasını istədik. Biz öz istefamızla bu prosesə mane olmağa cəhd edənlərə ictimaiyyətin təsir göstərməsinə çalışdıq". Onun fikrincə, bu proses açıq və şəffaf aparılmalıdır ki, cəmiyyət bu prosesə mane olanları görsün.
Xatırladaq ki, iyulun 15-də AXCP (i)-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İ.Qəmbərov Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyaların birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP (i)-dən gəlib. AXCP (i)-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat partiyasına birləşmək haqqında qərar qəbul olunub.
Ölkənin müxalifət düşərgəsində indi ən çox müzakirə edilən məsələ - AXCP (i) və Müsavat partiyalarının birləşməsi problemi ilə bağlı ziddiyyətli məqamlar tükənmək isə bilmir. Bununla bağlı zaman keçdikcə müxtəlif mülahizələr və yanaşmalar ortaya çıxır. Müsavat başqanının müavini Mehman Cavadoğlu prosesin qızğın dönəmində rayonda olduğunu və partiyasında baş verənlərdən xəbərsizliyini bildirsə də, sonradan nə dərəcədə doğru danışdığını özü də yalanlamış oldu. Müsavatdakı olayla bağlı olan məsələlərə aydınlıq gətirən M.Cavadoğlu bildirib ki, partiyanın sabiq funksioneri S.Əkbər AXCP (i) və Müsavat dərhal birləşməsini və Ə.Kərimovun sədr olmasını istəyirmiş. Onun sözlərinə görə, S.Əkbər Müsavat Divanındakı son çıxışında bu mövqeyini açıq şəkildə ifadə edib. Divan isə müzakirələr zamanı müxalifətin inteqrasiyanı sürətləndirmək, birlik istiqamətində danışıq və müzakirələri davam etdirməklə bağlı qərar verib. M.Cavadoğlu özünü partiyasının tədricən siyasi müstəvidən tamamilə çıxmasından bixəbər göstərməyə çalışıb. "Uzun müddətdir ki, müzakirə edilməkdə olan birlik ideyası, əslində, sırf AXCP (i)-Müsavat birliyi olaraq təklif edilməyib. Cəmiyyətə yanlış mesaj ötürülüb və biz yanlış mesajın əsirinə çevrilmişik. İ.Qəmbərov Elçibəy-Rəsulzadə xəttində olan qüvvələrin vahid təşkilatda birləşməsini təklif edib. Sonradan müxtəlif insanlar bu ideyanı hərəsi öz marağına uyğun bu və ya digər şəkildə təhrif etməyə başladılar. Elə bundan sonra da hamı ancaq AXCP (i)-Müsavat birliyi barədə danışmağa başladı" deyə M.Cavadoğlu bu təklifin mahiyyətində təkcə iki partiyanın nəzərdə tutulmadığını bildirib.
Mehman Cavadoğlu: "AXCP (i) yalnız Əli Kərimovun sədrliyi altında Müsavatla birləşməni istəyir"
"Ə.Kərimovu sədr görmək arzusu İbrahim bəyin də istefasının səbəbidirmi" sualına M.Cavadoğlu fərqli münasibət bildirib. Qeyd edib ki, İ.İbrahimlinin istefasının səbəbi məlumdur, seçki zamanı o, MSK-ya üzv getmək istəyirdi. "O zaman məsələ Divanda müzakirə olunub fərqli qərar çıxarılanda Sülhəddin bəy də buna etiraz əlaməti olaraq iclasdan çıxıb getmişdi, deyən M.Cavadoğlu onların birgə bəyanatında istefalarının səbəbi kimi göstərdikləri arqumentlərə şəxsən onu inandıra bilmədiklərini də söyləyib. M.Cavadoğlunun sözlərinə görə, bu gün AXCP (i) yalnız Müsavatla birləşmək istəyir, qalan partiyalarla bir təşkilatda birləşmək müzakirəsinə hazır görünmür: "Proses tək iki partiyanın birləşməsi ilə başlasa, digərləri kənarda qalacaq. Müsavatda birliyin, inteqrasiyanın əleyhinə olan insan yoxdur. Ancaq indiki mərhələdə müxtəlif modellər müzakirə edilir. Məsələn, bizim nizamnaməyə görə, İ.Qəmbərov bu qurultayda başqan seçilə bilməz və AXCP (i)-nin Müsavata üzv olması modelində onu başqası əvəz eləməlidir. Yox, birləşib yeni qurum, yeni nizamnamə yaradılırsa, o zaman İ.Qəmbərovun Müsavat partiyasının nizamnaməsi qarşısındakı öhdəlikləri təsirini itirmiş olur və bu yeni qurumun rəhbərliyinə o da iddialı ola bilər. Ümumiyyətlə, birliyin forması ilə bağlı təkliflər və variantlar çoxdur. Müəyyən adamlar var ki, sədrlik məsələsini önə çəkməklə prosesi axırdan başlayıb əvvələ gətirmək istəyirlər. Hazırda bütün mətbuatın diqqət mərkəzində sədrin kim olacağıdır, hamı bunu müzakirə edir. Nəticədə zərbə birləşmə prosesinə dəyir. Sədr məsələsinin həlli üçün onlarla variant var ".
"Müsavat nizamnaməsinə görə, İsa Qəmbərov partiyanın bu qurultayında başqan seçilə bilməz"
AXCP (i)-Müsavat birləşməsində özünü zərərçəkmiş tərəf kimi göstərən Ə.Kərimov tərəfdarları isə məsələyə öz prizmalarından yanaşırlar. Onların iddiasına görə, Müsavat partiyası tərəfindən irəli sürülmüş bütün təkliflər kobud şəkildə pozulmaqadadır. AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, təmsil olunduğu partiya İsa Qəmbərovun Elçibəy-Rəsulzadə yolunda olan təşkilatların bir araya gəlməsi təklifini müsbət qarşılayıb və AXCP (i)-nin qurultayında da Müsavat partiyası ilə birləşmək haqqında qərar qəbul edib. "AXCP (i)-nin qurultayında çıxış edən İ.Qəmbərov da həmin təklifi dəstəklədiyini bildirdi. Ancaq məsələ burasındadır ki, bəzən Elçibəy-Rəsulzadə yolunda olan təşkilatların bir araya gəlib birləşməsi ilə AXCP (i) ilə Müsavat partiyasının birləşməsini qarşı-qarşıya qoymaq təşəbbüsləri olur. Ancaq mahiyyət etibarı ilə bunlar zəncirvari bağlı proseslərdir"- deyən F.Qəhrəmanlı açıq şəkildə Müsavat rəhbərliyini iradəsizlikdə ittiham edib.
Fuad Qəhrəmanlı: "Birləşmə sonrası Əli Kərimovun sədr olması ideyasını müsavatçılar gündəmə gətiriblər və sadəcə, ola bilsin ki, kimlərdəsə sədr qorxusu, ya da kompleksləri var"
Qeyd edib ki, AXCP (i) ilə Müsavat partiyası birləşdikdən sonra Ə.Kərimovun sədr olması barədə məsələsi indiyədək AXCP (i) təmsilçiləri tərəfindən dilə gətirilməyib: "Əksinə, birləşmiş partiyada Ə.Kərimovun sədr olması ideyası zaman-zaman Müsavat partiyasının funksionerləri tərəfindən gündəmə gətirilib. Bizim isə yanaşmamız bundan ibarətdir ki, önəmli olan sədr məsələsi deyil, əsası bu iki partiyanın bir araya gələrək, vahid güc mərkəzinə çevrilməsidir. Kimin sədr seçilməsini birləşdirici qurultay müəyyənləşdirəcək. Sadəcə, ola bilsin ki, kimlərdəsə sədr qorxusu, ya da kompleksləri var".
AXCP (i)-Müsavat birliyində olanlara onları əhatə edən siyasi yetkililərin də mövqeyi birmənalı deyildir. Çünki adıçəkilən hər iki partiya və ona rəhbərlik edən şəxslər zaman-zaman müxalifətin zəiflədilməsi, öz iradələrinə tabe etdirilməsi, konyuktur maraqlarına uyğun qərarların çıxaralması üçün bir çox uyğunsuz hərəkətlərə yol veriblər. Bu baxımdan da, onların təmsil olduğu düşərgədə özlərinə qarşı münasibət sarıdan demək olar ki, həm Ə.Kərimov, həm də, İ.Qəmbərov çox korluq çəkirlər. Siyasi düşərgədə özlərini aparıcı "güc" kimi təqdim etmək iddiasında olan şəxslərin bu gün sadə bir məsələni aralarında həll edə bilməməsini "Tərəqqi" partiyasının sədri Çingiz Dəmiroğlu özünə məxsus formada izah edib. O bildirib ki, hazırkı qeyri-müəyyənlik bilavasitə müxalifət düşərgəsindəki vəziyyətlə bağlıdır. Müxalifət düşərgəsində ümumi süstlük olan yerdə hansısa partiyanın əlahiddə fəallığının çətin məsələ olduğunu söyləyən Ç.Dəmiroğlu səslənən ideyaların elə söz olaraq da qalacağına əminliyini ifadə edib. O, AXCP (i)- Müsavat partiyaları arasındakı birlik oyununa fərqli prizmadan yanaşdığını da dilə gətirib. "Təbii, birləşmək və ya birləşməmək həmin partiyaların öz işidir, bizim də o işə qarışmaq hüququmuz yoxdur. Lakin kənar müşahidəçi qismində demək istərdim ki, birləşməkdənsə, daha sıx əməkdaşlıq etmək effekt verərdi. Məncə, bu partiyaların birləşməsi ilə bağlı müzakirələr genişlənib intensivləşdikcə həmin partiyaların sıralarında olan, birləşməyə qarşı çıxan şəxslərin sözügedən təşkilatlardan ayrılması sürətlənəcək. Ona görə AXCP (i) və Müsavat partiyalarının birləşməyindənsə, inteqrasiyası daha yaxşı olardı" deyən Ç.Dəmiroğlu proseslərin axarından daha ilgin olayların olacağına da işarə edib.
AXCP (i)-də daxili münaqişələr istefalara yol açmış oldu
Vurğuladığımız kimi, Müsavat partiyasının ardınca onunla birləşmə oyununa cəlb edilmiş AXCP (i)-dən də proqnozlaşdırılan istefa xəbərləri gündəmə gəlməkdədir. Belə ki, AXCP (i) fəalı kimi tanınan Akif İslamzadə artıq adıçəkilən qurumdan istefa verdiyini bəyan edib. Bildirib ki, bu gün Azərbaycanda müxalifət çox zəifdir. "Amma əfsuslar olsun ki, bizim müxalifət partiyalarının özü də müxalifətçilik etmir. Builki seçkilər ərəfəsində onların müxalifətçilikdən uzaq olduqları daha aydın şəkildə müşahidə olundu. Müxalifət partiyalarının liderləri daha çox öz problemlərini, öz şəxsi ambisiyalarını həll etməyə çalışdı. Təbiidir ki, belə bir mövqedə dayanan müxalifət uğursuzluğa düçar olmalı idi.
Akif İslamzadə: "Əvvəldən də bilirdim ki, Müsavatla AXCP (i)-nin birliyi alınmayacaq"
A.İslamzadə Müsavatla AXCP (i)-nin birləşmək ideyasına münasibətinin də birmənalı olduğunu açıqlayaraq, bildirib sözügedən birlik ideyası müxalifətin parçalanması, uğursuzluğu kimi yadda qalacaq. "Çünki bu hal Müsavat partiyasında istefalarla yadda qaldı" deyən A.İslamzadə AXCP (i)-nin Müsavatla birləşmək fikrindən sonra partiyadan birmənalı şəkildə çıxdığını vurğuladı. O, dəfələrlə AXCP (i) rəhbərliyinin onu partiyaya çağırdığını və birdəfəlik oraya getməmək barəsində qarar verdiyini də dilə gətirib. "Çünki onların nə işlə məşğul olduğunu hamı kimi mən də çox gözəl bilirəm. Hadisələr göstərir ki, AXCP (i) və Müsavat rəhbərləri başqa məqsədlər güdürlər. Əvvəlcədən də bilirdim ki, Müsavatla AXCP (i)-nin birliyi alınmayacaq. Zaman da göstərdi ki, bu birlik müxalifəti uğursuzluğa apardı. Bu, lazım olan addım deyildi. Çünki bu partiyaların başçılarının özlərinin öz şəxsi ambisiyaları olmaqla yanaşı, buna partiyaların daxilində razı olmayan qüvvələr də vardı. Belə birliyi yaratmaqdansa, ayrı taktikalardan istifadə etmək daha yaxşı olardı. Amma hadisələr göstərir ki, bu partiyalarda olan rəhbərlər başqa məqsədlər güdürlər" deyən A.İslamzadə müxalifətin potensial imkanlarının itirildiyini də vurğulayıb.