PDF Oxu

Müxalifət

  • 16

İsa Qəmbərov Avropaya qaçmağa çalışır

İsa Qəmbərov Avropaya qaçmağa çalışır

Ölkəmizdə keçirilən parlament seçkilərində öncə xarici havadarları olan təşkilatların birbaşa dəstəyi və göstərişi ilə Almaniyada səfərdə olan Müsavat başqanı İsa Qəmbərov məhz seçki dövründə ona verilmiş tapşırıqların hesabatını vermək üçün yenidən Avropaya səfərə hazırlaşır.

Artıq başqana dekabrın sonuncu həftəsində Almaniyada olmaq barəsində məktub da göndərilib. Ona görə də, İ.Qəmbərov hazırda sanki, köz üstündə dayanıbmış kimi hərəkətlər edir. Hətta rəhbərlik etdiyi qurumda baş verən istefalara da biganə yanaşır, partiyasındakı söz-söhbətlərdən, dedi-qodulardan canın qurtarmaq üçün səfər vaxtını gözləyir. Sülhəddin Əkbərin Müsavat Ali Məclisindən və partiyadan istefa verməsi, İbrahim İbrahimlinin Divan üzvü kimi, ümumiyyətlə, qurumdan imtina qərarı İ.Qəmbərova nə isti, nə də ki, soyuq bir ruzigar kimi görünür. Çünki İ.Qəmbərov bu dəqiqə Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanla yeni ildə partiyasında hazarlıq işlərinin necə keçirildiyini düşünür. Xəyallarında gündə azı 10 kərə oralara gedib-gələn başqan üçün Müsavatda baş verənlər milçək vızıltısı qədər görüntü yaradır. Ona görə də, İ.Qəmbərov hazırda Müsavatı, demək olar ki, bütövlükdə, partiyanın icra aparatının rəhbəri Arif Hacıyevə tapşırıb. A.Hıcıyevə "özün nə bilirsən et", deməklə böyük səlahiyyətlər verən İ.Qəmbərov nədənsə işin sonrakı aqibətini gözləmir. Tamamilə başını itirmiş İ.Qəmbərov səfər vaxtının gecikməsindən başqa heç nəyə görə narahat görünmür. Eyni zamanda, bu yaxınlarda onunla partiyalarını birləşdirib bir quruma düzəltmək niyyətində olan AXCP (i) sədri Əli Kərimov da çox rahat görünür. İ.Qəmbərovla son iki ayda münasibətlərində müəyyən qədər istilik yaratmış Ə.Kərimov isə Müsavat başqanın yenidən Almaniyaya çağrılmasını sevinclə qarşılayıb. Çünki keçən dəfə olduğu kimi, bu dəfə də onunla bağlı məsələlər İ.Qəmbərovla havadarları arasında müzakirə olunacaq. Məhz bu görüşlərdə onunla bağlı xeyirli qərarların veriləcəyi də planlaşdırılıb. Amma Ə.Kərimovdan başqa partiyasında qalmış üç-beş nəfər ona seçmiş olduğu yanlış yola görə öz etirazlarını çatdırıblar. AXCP (i)-nin başı bəlalı sədr müavini Fuad Qəhrəmanlı Ə.Kərimovla yanaşı, bu birlik məsələsini yubatdığına görə Müsavat rəhbərliyini də ittiham edib. Onun iddiasına görə, belə bir proses əgər bu cür nəticələnəcəkdisə, niyə partiya sədrləri konkret qərar verirdilər?
Fuad Qəhrəmanlı: "Bütün nəzərlər Müsavata dikilib və diqqəti başqa məsələlərlə yayındırmadan onların hansı addım atacağını gözləyirik"
Elə bu söz-söhbətlərin hər iki partiya arasındakı münasibətlərə də son qoyacağını bildirən F.Qəhrəmanlı açıq şəkildə müsavatçıları ləng qərar verməkdə və ayrı-seçkilik etməkdə ittiham edib.
"Sülhəddin Əkbər və İbrahim İbrahimlinin Müsavat Partiyasından istefa verməsi belə bir rəy yarandı ki, bu məsələ AXCP (i) ilə birləşmə prosesinə mənfi təsir göstərəcək. Belə fikirlər də var ki, qəfil istefalar olmasaydı, bəlkə də məsələ həllini tapmışdı. Bu fikir daha çox müstəqil ekspertlərdə və Müsavat üzvlərində yaranıb. AXCP (i) olaraq biz düşürürük ki, bu istefaların birləşməyə heç bir maneçiliyi ola bilməz və hər şey veriləcək qərarlardan asılıdır. Hesab edirik ki, birləşmənin uzanması ümumi məqsədlərə nail olmaq üçün atılacaq addımlara ziyandır" deyən A.Qəhrəmanlı hər ehtimala qarşı Müsavatdakı istefaların birləşmə prosesinə tormozlayıcı təsir göstərməsini söyləmək üçün onların əlində ciddi əsasların olduğunu da açıqlayıb. "AXCP (i) ilə Müsavatın birləşmə məsələsinin ciddi səbəb göstərilmədən yubanması iki nəfərə görə deyil. Müsavatın 16 Divan üzvündən cəmi ikisi istefa verib gedib. Yerdə qalan 14 Divan üzvünün müsbət qərar verməsinə kim mane olur? Müsavat Ali Məclisinin yaxın vaxtlarda sessiyası olacaq. Müsavat nizamnaməsinə əsasən qurultayı gözləmədən Ali Məclisin bu cür məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti vardır. Yəni istəsələr məsələni Məclisin iclasında həll edə bilərlər. Sual yarana bilər ki, kim mane olur bu qərarın qəbul olunmasına. Biz hesab edirik ki, bu məsələ birbaşa Müsavat rəhbərliyinin iradəsi ilə həll olunmalıdır. Kənar təsirlər yoxdur. Əgər iradə, həqiqi istək olacaqsa, birləşmək qərarı veriləcək" deyən F.Qəhrəmanlı bütün nəzərlərin Müsavat partiyasına dikildiyini də vurğulayıb. Ona görə də, Müsavat ondan asılı olan addımı atmalıdır və məsələyə aydınlıq gətirməyin vaxtının qurtardığını bildirən sədr müavini diqqəti başqa məsələlərə yayındırmadan Müsavatın hansı addım atacağını gözlədiklərin də diqqətə çatdırıb.
Digər tərəfdən, kəskin proseslər, qalmaqallar, didişmələr baş verdiyi bir halda özünü müxalifətin texnoloqu hesab edən Pənah Hüseynov isə Müsavatın Divan üzvlərinə qənim kəsilib. Onun iddiasına görə, divan üzvləri Müsavatı parçalamaq və tamamilə başqa bir yeni qurum yaratmaq üçün gizlin danışıqlar aparırlar. Bu gizlin danışıqlara Müsavatın Türkiyədə ali məktəblərin birində işləyən Divan üzvü Vurğun Əyyubovun da qatıldığı bildirilir. Bir neçə gün öncə "Yeni Müsavat" qəzetinin redaksiyasında debatda İ.İbrahimliyə də bu barədə eyham vuran P.Hüseynov gizlin görüşmələrlə bağlı tutarlı faktlara malik olduğunu da açıqlayıb. O, üzünü İ.İbrahimliyə tutaraq, bütün qaranlıq mətləblərə aydınlıq gətirməsini tələb edib. "Məndə olan məlumata görə, Vurğun Əyyubov Türkiyədən Bakıya gələndə, onu görmək adı ilə bir görüşünüz olub. Sonradan isə məlum olub ki, bu həm də bir siyasi xarakterli tədbir imiş. Orada Sülhəddin "bəy"lə sizdən başqa Müsavat Divanına daxil olan bir xeyli şəxs iştirak edib və orada partiya daxilində yaranmış vəziyyət müzakirə olunub. Bu, dedi-qodu da ola bilər, amma mən bunu mötəbər mənbə hesab etdiyim şəxslərdən eşitmişəm. O toplantıda Müsavatda yaranmış vəziyyət, başqanlıqla, AXCP (i)-Müsavat birləşməsi ilə bağlı məsələlər də müzakirə olunub" deyən P.Hüseynov özünü "Vikileaks" saytının yaradıcısı Culian Assanca oxşadaraq, az bir müddətdən sonra müxalifət üçün böyük rezonans doğuracaq açıqlamalar verəcəyini də söyləyib.
Bütün bunlar isə, müxalifət düşərgəsindəki təlatümlərin artıq real parçalanma və qopmalarla yekunlaşmasını zəruri edən amillər sırasındadır.

Digər xəbərlər