Son günlərin ən səs-küylü məsələlərindən olan "Vikileaks" saytının dünyanın aparıcı ölkələrində, xüsusən də, ABŞ, Türkiyə və İranla bağlı yaymış olduğu informasiyaları sırasına Müsavat partiyasıdakı son istefalar və bundan sonra gözlənilən qopmalar da daha da rəng qatmış olub. Çünki məlum sayt olayından sonra ABŞ dövlət katibi Hillari Klinton qədər həyəcan keçirənlərdən biri də, başıbəlalı Müsavat başqanı İsa Qəmbəroviç oldu.
Birdən-birə partiyasından iki aparıcı yetkilinin istefaya getməsi başqan Qəmbərovun düzənini pozmuş olub. Amma həmişə olduğu kimi, bu dəfə də, özünə təsəlli obyekti tapan İ.Qəmbərov "mənim Silvio Berluskonidən nəyim artıqdır?" deməklə bir qədər ürəklənib. Ona görə də, başqan partiyasında olanları da, "Vikileaks" saytı ilə bağlamağa çalışıb. Hətta əldə etdiyimiz digər məlumatlarda ötən gün AXCP (i) sədri Əli Kərimovla görüşən İ.Qəmbərov Azər Əhmədov "olayını" da bu saytın ayağına yazmağa çalışır. Elə bu səbəbdən də, Culian Assange İsveçrədə gənc qızlara qarşı zor tətbiq etdiyinə görə, İnterpol tərəfindən axtarışdadır. Bu iki məsələdə fərqli cəhət isə odur ki, guya zora məruz qalan tərəf A.Əhmədovdur (insaf naminə, onun özü belə deyib). Sülhəddin Əkbərlə İbrahim İbrahimlinin məsələsinə gəldikdə isə, İ.Qəmbərov elə Ə.Kərimovla məlum pıçhapıçında bu söhbəti "Vikileaks"in ayağına yazmaqla canını birdəfəlik qurtarmaq istəyində olduğunu bildirib. Amma hazırda həm Müsavat daxilində, həm də, AXCP (i)-də əsas müzakirə predmeti məlum birləşmə mövzusudur. Çünki tərəflər uzun müddətdir ki, ayrı-ayrılıqda müzakirə aparsalar da, konkret mövqeyə gələ bilməyiblər. Srağagün "Yeni Müsavat" qəzetinin redaksiyasında AXP-nin keçmiş lideri Pənah Hüseynovla debata çıxmış sabiq Müsavat Divanının üzvü İbrahim İbrahimli də qaranlıq qalan əsas mətləblərə yenidən aydınlıq gətirib. Rauf Arifoğlunun iştirakı ilə keçirilən məlum debatda açıq şəkildə P.Hüseynovun AXCP-Müsavat birləşməsinə qarşı olduğu təsdiqlənib. Eyni zamanda, R.Arifoğlu da, hazırda müzakirəsi gedən birləşmə məsələsinə çox gülünc bir taktika kimi yanaşdığını bəyan edib. O, eyni zamanda, AXCP (i)-nin ünvanına sərt mesajlar da göndərib.
Rauf Arifoğlu: "Əli Kərimovun ətrafında adam qalıb ki, ona partiya həvalə olunsun"
Debatın gedişində daha sərt münasibətlərin yaranması fonunda R.Arifoğlu İ.İbrahimliyə qarşı olduqca aqressiv münasibət sərgiləyib. "Əli Kərimovun ətrafında adam qalıb ki, biz ondan ötəri bu qədər canfəşanlıq edirik. Onun ətrafında heç kimin olmadığını və opponentlərin də, bu birləşməyə vermiş olduğu qimyət məlumdur" deyən R.Arifoğlu bizimlə söhbətində ancaq qəzetlə bağlı məsələlərə aydınlıq gətirmək iqtidarında olduğunu desə də, amma məlumdur ki, onun öz redaksiyasında açıq şəkildə siyasət bazarı açdığı ikrahla qarşılanır.
Bu məsələlərdə isə daha çox güncə sıxışdırılan və birbaşa İ.Qəmbərovun göstərişi ilə İ.İbrahimli və S.Əkbəri atmış olduqları addımlara görə peşmançılıq yaşatmağa çalışanlar, deyəsən, artıq hərəkətə keçiblər. Çünki başqan onu vuralan bu zərbənin müqabilində istefa verən hər iki şəxsə peşmançılıq hissi ilə yanaşı, "bir qələtdir elədik" dedizdirmək istəyir.
Hər bir halda, Müsavat qazanından pay uman AXP lideri P.Hüseynov isə özünə aid olmayan məsələlərdə hansı predmetlərə görə, əl-ayağa düşüb? Heç, deyəsən, ondan soruşan da yoxdur ki, "qardaş, sənə nə düşüb?"
Pənah Hüseynov: "Mən Əli Kərimovu siyasi lider kimi qəbul edə bilmərəm"
Maraqlı cəhətlərdən də bir budur ki, İ.Qəmbərov tərəfindən adıçəkilən iki şəxsə qarşı aparılan repressiv "əməliyyatlara" P.Hüseynov rəhbərlik edir. O öz açıqlamasında ikibaşlı danışsa da, prosesin tam ortasında olan şəxslərdən birinin də məhz P.Hüseynovun olduğu açıq aydın görünür. "Bu istefalardan iki-üç gün öncə mənim, Sülhəddin Əkbərin və adını çəkmək istəmədiyim başqa bir şəxsin iştirakı ilə İsa Qəmbərovla keçirilən görüşdə mən yalnız özümə aid olan hissəni deyə bilərəm. Bunu ilk dəfədir səsləndirirəm. Mən İsa "bəy"ə bildirdim ki, hadisələrin inkişafını doğru saymadığım, yanlış istiqamət hesab etdiyim vəziyyətdə fəal siyasətdən çəkilə bilərəm. Bu dərəcədə açıq və gərgin müzakirələr getdi. Bu görüşdə həm də müəyyən mövqelərin açıqlanması, ortaya qoyulması oldu. Mən müəyyən addımlar gözləyirdim, amma partiyadan getmək məsələsini yox" deyən P.Hüseynov leksikonundakı bütün ifadələrdən istifadə etməklə özünü məsələdən bixəbər kimi göstərməyə çalışsa da, dili dolaşan düzünü deyər məsəli burada yerinə düşüb.
Müsavatdan istefa verdiyinə görə, keçmiş həmkarları tərəfindən az qala topa tutulan S.Əkbər və İ.İbrahimli vermiş olduqları qərardan az bir müddət keçsə də olduqca çox önəm kəsb edən məqamlara işıq salmış olublar. Mənsub olduğu partiyadan birmənalı şəkildə bilavasitə başqan İ.Qəmbərovun ona qarşı olan münasibətindən sonra imtina qərarı verdiyini bildirən İ.İbrahimli özünə olan biganə münasibətdən bərk hiddətləndiyini də gizlətməyib.
İbrahim İbrahimli: "Parlament seçkilərindən sonra İsa Qəmbərovun fikirlərində tam dəyişikliklər yarandı"
İ.Qəmbərov başda olmaqla P.Hüseynov, R.Arifoğlu tərəfindən lap küncə sıxılmış İ.İbrahimli başına belə müsibətlərin gətirilməsindən, deyəsən, təngə gəlib. Ona görə də, İ.İbrahimli bildiyi bütün bilgiləri ictimaiyyətə açıqlamaqla rəqiblərinə cavab verməyə çalışır. "Lap açıq danışaq. Müsavat partiyasının daxilində gedən müzakirələrdən hər kəs məlumatlı deyil. Amma eyni zamanda, İsa Qəmbərovun, Arif Hacıyevin, digərlərinin, Ali Məclisin üzvlərinin əksəriyyətinin də fikirlərini gözəl bilirik. Bilirsiniz ki, bu ideyanın reallaşması təhlükə qarşısında idi. Məndə belə bir qənaət formalaşdı ki, İsa "bəy"in parlament seçkilərinə qədər qəbul etdiyi qərarda seçkilərdən sonra dəyişiklik yarandı. Bəlkə İ.Qəmbərov düşünürdü ki, parlamentdə müəyyən bir kəsim təmsil olunacaq, yeni bir ovqat yaranacaq, bu birləşməni istəməyən, şəxsi istəklərinin əsiri olan adamların maraqları təmin olunacaq və bu ideya rahat gerçəkləşəcək" deyən İ.İbrahimli zaman keçdikcə tamam başqa mətləbləri və əsil faktları aşkarlayacağını vurğulayıb.