Radikal müxalifət düşərgəsində cərəyan edən son hadisələr, demək olar ki, bütün funksioner və səlahiyyətliləri bir-birinə vurmaqda davam edir. Bu dəfə isə hədəfdə ADP-dir. Belə ki, adıçəkilən siyasi təşkilatda "ümumi müxalifət birliyi" söz-söhbəti əsnasında haçalanmış fikirlər sədr və müavin təbəqəsinə qədər yüksəlib. Daha dəqiq desək, AXCP (i) sədri Əli Kərimovun ADP-nin həndəvərindən girib-çıxması ilə həmin partiyanın təməlində sürüşmələr baş verib. İlk narazılardan biri isə Sərdar Cəlaloğlunun müavini Həsrət Rüstəmovdur. Onun "Olaylar"a verdiyi son açıqlamaları bunu deməyə əsas verir: "İndiki halda, ADP-nin hansısa siyasi partiya ilə birləşməsi müzakirə predmeti deyil".
Maraqlı məqam isə odur ki, Həsrət Rüstəmovun verdiyi açıqlamadan hələ bir-iki gün öncə, Sərdar Cəlaloğlu ilə Əli Kərimovun "qardaşyana" görüşləri barədə həm "Azadlıq", həm də "Hürriyyət" qəzetlərində geninə-boluna palaz-palaz materiallar getmişdi. Yəni AXCP (i) sədrinin ADP-yə "həriyə" getməsi nəticəsində "şirinçay içilmişdir". Ancaq bu şirinçayın yaxın günlərdə zəhər-zəqqıuma dönəcəyi də istisna hal deyil.
Başqa bir tərəfdən qeyd edim ki, onsuz da son vaxtlar Sərdar Cəlaloğlu ilə soyuq münasibətlərdə olan Həsrət Rüstəmov onunla "kəllə-kəlləyə" gəlməsi üçün səbəb axtarırdı və bu səbəb reallaşdı. Digər tərəfdən, o, Sərdar Cəlaloğlunu sabiq sədr Rəsul Quliyevin qalığı hesab edir. Ona görə də, onu dəstəkləyən bir çox rayon təşkilatlarının sədrlərinin, funksionerlərinin baş verə biləcək hər hansı bir hadisədə məhz onun tərəfini tutacaqlarına əmindir: "Mərkəzi strukturlarla yerli təşkilatlar arasında birləşmə ilə bağlı anlaşma əldə edildikdə, bu həmin partiyalarda mənfi fəsadlara yol açır". Yəni rayon təşkilatları ilə razılaşdırılmamış qərarlara qarşı sərt addımların atılacağı labüddür.
Qeyd edək ki, ADP-də bir neçə qruplaşmalar mövcuddur və həmin qruplaşmaların arasında yaranan fikir ayrılıqları Sərdar Cəlaloğlu tərəfindən tənzimlənmir. Həmin qruplaşma üzvləri sədrdən çox onun müavini - H.Rüstəmovla hesablaşırlar. Bu isə, digər nüansa diqqət yetirməyimizə yönəlir. - ADP-də yönəldilən partiyadaxili siyasətin uğursuz nəticələri Sərdar Cəlaloğlunun istefası tələbinə qədər gəlib çatır. Əlinə düşdüyü gözəl fürsətdən isifadə etməməyi, sadəcə, "axmaqlıq" hesab edən ADP-nin sədr müavini artıq bu postda özündən başqa heç kimi görmür: "Partiyanın birləşməsi üçün sosial sifariş olmalıdır". Bu kəlmələri söyləyən H.Rüstəmov dolayısı ilə bildirmək istəyir ki, azlığından asılı olmayaraq, ADP-nin "sosial bazası", əslində, S.Cəlaloğlu ilə deyil, onunla hesablaşır.
Nəticə etibarilə belə bir qənaətə gəlmək mümkündür ki, Müsavatdan sonra növbəti parçalanacaq partiya ADP-dir. Bu möhür artıq partiyanın "beyin mərkəzinə" vurulub.