PDF Oxu

Müxalifət

  • 13

REVANŞ

REVANŞ

Radikal müxalifət düşərgəsində partiyadaxili münasibətlərin gərginləşməsi, artıq onu deməyə əsas verir ki, bütün hallarda siyasi iflasa uğrayan düşərgə mənsubları artıq şəxsi düşmənçilik müstəvisindədirlər. Eyni zamanda, bu hadisələrə revanş xarakterli öc alma prinsipi ilə qiymət versək də yanılmarıq.
Müsavatın başına gələnlər
Bu partiyada baş verən hadisələrdə, şübhəsiz ki, Əli Kərimovun əli var. Yəni AXCP (i) sədri plan "b"-yə əsasən, düşərgədəki düzəni öz xeyirinə dəyişməkdədir. Artıq 2013-cü il xülyalarına dalan Əli Kərimov qərar verib ki, həmin düzəni, məhz o pozacaq və vaxtı çatdıqda "vahid namizəd" kimi ortaya çıxaraq, "ana müxalifətin lideri" qismində özünü təqdim edəcək. (İstənilən halda ölkənin siyasi arenasında onun qalması ictimaiyyətdə şübhə doğurmaqdadır). Vaxtilə Əbülfəz Elçibəyi belə şəxsi maraqlarına qurban verərək, bütöv AXCP-ni parçalayan və ayrıca qanad yaradan Əli Kərimov götürdüyü bu "sürətin" qarşısını almaq ixtiyarında olmayacaq. Lakin buna baxmayaraq, Müsavat partiyasını heçə sayan AXCP (i) sədri öz revanşını sona qədər planlaşdırmağı nəzərdə tutub.
Xatırladaq ki, bu qisasın tarixi 10 il öncəyə - 2000-ci ilə dayanır. Hələ o zamanlar Əbülfəz Elçibəyin vəfatından yararlanan İsa Qəmbərov və onun yaxın ətrafı olan Arif Hacıyev və Pənah Hüseynov cütlüyü AXCP-ni param-parça etmişdi. Xüsusilə də, Ə.Kərimovun "islahatçılar" qanadını nokauta salan bu cütlük vəziyyəti İ.Qəmbərovun xeyirinə dəyişməyə cəhd etmişdilər. Hətta vəziyyət o həddə yetmişdi ki, Müsavat başqanı nə Ə.Kərimovu, nə də onun sədrlik etdiyi siyasi təşkilatı lider və öncül hesab etmirdi. Daha dəqiq desək, bütün söhbətlər parlamentdə təmsil olunmağın və mandat məsələsinin üzərində qurulmuşdu. Məhz bu səbəbdən də, on il sonra Ə.Kərimovda qatı qisas hissi baş qaldırdı. Və bu gün artıq hər şey tam əksinədir. Artıq İsa Qəmbərov Ə.Kərimova nisbətən zəifləyib, eləcə də, düşərgə daxilində söz deyə bilmək hüququnu bütün mənalarda itirib. Partiyada elə bir hal yaranıb ki, hər kəs oradan getməyə kiçik də olsa bəhanə axtarır. Bütün məqamlarda bu fürsətdən istifadə edən AXCP (i) sədri Müsavatı ya birləşməyə məcbur edir, ya da həmin partiyanı birdəfəlik siyasi arenadan silir.

AXCP (i) Müsavatı AMİP-in gününə salır
Hələ 2000-ci ildə AXCP (i)-AMİP müqaviləsi imzalanmışdı. Həmin müqaviləyə əsasən, 2003-cü il prezident seçkilərində AXCP (i) AMİP-in vahid namizədini dəstəkləməli idi. Qeyd edək ki, həmin vaxt Ə.Kərimov Etibar Məmmədova dəstək vermişdi. Lakin bütün bu siyasi oyunlara baxmayaraq, AMİP 2005-ci ildə tamamilə əks-mövqe göstərərək, razılığa əsasən, AXCP (i)-yə güzəştə getmək əvəzinə, ondan imtina etdi. Etibar Məmmədovun bu addımı Əli Kərimovu bir sıra revanş planların yaratmasına sövq etdi. Nəticədə qısa müddət sonra AMİP daxilində ciddi narazılıqlar yarandı və qurultayda Etibar Məmmədova etimadsızlıq məsələsi gündəmə çıxdı. Az sonra isə AMİP daxilində narazılar qrupunun başçısı Əli Əliyev adıçəkilən partiyanın adına sahib çıxdığını bildirərək, özünü sədr elan etdi. Lakin eyni adda iki partiyanın iki ayrı-ayrı şəxslər tərəfindən idarə olunması qanunamüvafiq olmadığına görə, Əli Əliyev "VİP" adlı siyasi təşkilatı qeydiyyatdan keçirdi. Nəticə etibarilə "VİP" AMİP-in parçalanmış formasından başqa bir şey deyildir.

Bütün dəstəklər Əli Kərimov tərəfindən verilir

Əldə etdiyimiz məlumatlara görə, elan olunması planlaşdırılan "Demokratik Müsavat" partiyasının projesi artıq hazırdır. Qeyd edək ki, Müsavat partiyasından istefa vermiş şəxslərin böyük əksəriyyəti, eləcə də, daha öncələr partiyadan istefa vermiş funksionerlər bu partiyada cəmləşəcəklər. Lakin bu da son deyil. Ə.Kərimovun parçalama kampaniyasından digər müxalifət partiyalarının dadacağı da məlumdur. Bu isə, o deməkdir ki, istər 2000-ci ilin, istərsə də, 2003-cü ilin hadisələri təkrarlanır və bu hadisələr eyni məzmunda, lakin başqa səpkidə inkişaf edir.

Digər xəbərlər