Yanlış seçki taktikası və acınacaqlı məğlubiyyət Müxalifət bütün seçkilərdə belə ağır aqibət yaşayıb
Azərbaycanda keçirilən seçkilərin tarixi ilə maraqlandıqda, məlum olur ki, ölkəmizdə seçkilər yüksək səviyyədə və demokratik prinsiplərə tam uyğun şəkildə keçirilib. Bütün bu seçkilərdə də YAP xalqımızın dəstəyini tam şəkildə qazanıb. Lakin o da məlumdur ki, müxalifətçilər seçkilərin hər birindən öncə, yanlış seçki taktikası seçərək, müxtəlif səviyyəsiz, yersiz, siyasətdən uzaq oyunlara əl ataraq seçkilərə qatılıb və sonda acınacaqlı məğlubiyyətlə qarşılaşıblar.
Bu ilin noyabr ayında keçirilən parlament seçkilərində də müxalifət partiyaları yenə eyni taktikanı seçib, eyni aqibətlə üzləşdilər. Müsavat və AXCP (i) partiyalarının yalan vədlərinə, iyrənc oyunlarına, saxta birləşmələrinə inanmayan xalqımız, hər zaman olduğu kimi, bu dəfə də onlara etimad göstərmədi. Bir məsələni qeyd etmək lazımdır ki, seçkidən öncə müsavatçılar və AXCP (i)-çilər, xüsusən də, partiya rəhbərləri İsa Qəmbərov və Əli Kərimov istənilən çirkin işlərə əl atır və çalışırdılar ki, özlərini əsl siyasətçi, vətəni, milləti düşünən insanlar kimi tanıtsınlar. Amma xalqımız çox yaxşı bilir ki, həm İ.Qəmbərov, həm də Ə.Kərimov heç vaxt vətəni və xalqı düşünməyib və hər zaman öz mənafeləri üçün çalışıblar.
Seçkidən öncə Müsavat və AXCP (i) sədrlərinin ermənipərəst qüvvələrlə görüşmələri, onlarla apardıqları danışıqlar bu insanların onsuz da mənfi olan imiclərinə daha da böyük zərbə vurdu. Yalnış ideyalara və yanlış fikirlərə sahib olan müxalifətçilər seçkidən sonra utanmadan seçkinin qeyri-demokratik keçdiyini iddia etməyə başladılar. Onlar, əvvəlki seçkilərdə də olduğu kimi, yenə də əsassız arqumentlər gətirir və dairə seçki komissiyalarını günahlandırırdılar. Lakin sübut olundu ki, müxalifətçilərin seçkinin demokratik keçirilməməsi ilə bağlı mülahizələri real gerçəkliklə ziddiyyət təşkil edir. Həmçinin, o da sübut olundu ki, ölkəmizdə keçirilən parlament seçkiləri tam demokratik şəraitdə keçirilib. Demokratiyanın nə olduğunu bilməyən İ.Qəmbərov və "Yurd" şefi seçkilərdən sonra seçkilərin qeyri-demokratik keçirilməsi ilə bağlı bir çox mətbuat konfransı keçirsələr də, heç kim onlara inanmadı və onların yalanlarını təsdiqləmədi. Hətta keçirdikləri mətbuat konfransında özlərindən başqa heç kim iştirak etmirdi. Ə.Kərimov və İ.Qəmbərov bir-birilərinin üzünə baxaraq, yalanlar danışır və iki nəfərlik söhbətlərini mətbuat konfransı adlandırırdılar. Əslində, onlar yalan danışmağa və ikiüzlülük etməyə çoxdan alışıblar. Belə işlər onların əsas peşələridir.
Məlumdur ki, seçkidən sonra daha da sarsılan və bütün nüfuzunu itirən müxalifətçilər bir-biriləri ilə çəkişməyə başladılar. Müsavat və AXCP (i) partiyalarının daxilində böyük savaşlar başladı və bu partiyaların rəhbərləri partiya üzvləri ilə özləri arasında böyük uçurum yaradaraq, partiyaları daha bir addım məhvə doğru sürüklədilər. Son günlərdə Müsavat partiyasının daxilindəki istefalar da bunun bir sübutudur. Unutmaq olmaz ki, İsa "bəy" və Ə.Kərimov arasında uzun illərdir ki, sülhlə nəticələnməyəcək böyük bir savaş gedir və onlar heç vaxt bir-birilərinə güzəştə getməyəcək və barışmayacaqlar. Bu, bir reallıqdır. Çünki hər ikisinin bir-birilərinə qarşı kinləri, nifrətləri var. Bunun bir reallıq olduğunu bilərək bu partiyaların nə vaxtsa birləşməsinə inanmaq ağılsızlıq olardı. Bu ağılsız fikirlərə isə yalnız müxalifətçilər özləri inanırlar və sonda da ideyalarının reallaşmadığını görəndə, bir-birlərinə düşmən kəsilirlər.
Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycanı, xalqımızı, dövlətçiliyimizi istəməyən və ölkəmizdə siyasi iğtişaşlar törətməkdə maraqlı olan xarici qüvvələr mövcuddur. Bu qüvvələr hər zaman ölkəmizdə mövcud olan ikiüzlü müxalifətçilərdən istifadə etməklə iğtişaş törətməyə cəhd edirlər. Müsavat və AXCP (i) partiyalarının rəhbərləyi ölkəmizi sevməyən xarici qüvvələrdən külli miqdarda pul alaraq ciddi iğtişaşlar törətməyə çalışırlar. Lakin buna nail ola bilmirlər. Parlament seçkilərindən öncə də İ.Qəmbərov və Ə.Kərimov yenə də Azərbaycanın əleyhinə olan xarici qüvvələrdən maliyyə dəstəyi alıb bunun qarşılığında ölkədə çirkin işlər görməyi planlaşdırmışdılar. Amma hər zaman olduğu kimi, onların bu niyyətləri yenə də baş tutmadı. Sonda isə qeyd edək ki, heç vaxt xalqımız müxalifətçilərin çirkin ideyalarının qurbanına çevrilməyəcək. Çünki bu millət kimin yaxşı, kimin pis olduğunu çox yaxşı bilir.