PDF Oxu

Müxalifət

  • 11

Sifarişli birləşmə baş tutmadı

Sifarişli birləşmə baş tutmadı
Parlament seçkilərindən sonra müxalif düşərgədə qarşılıqlı münasibətlərin yenidən gərginləşməsi diqqətdən yayınmır. Bu gərginlik müxalifətdə baş verən qruplaşmalar və yerdəyişmələrin intensivləşməsində, daxili ziddiyyətlərin kəskinləşməsində özünü göstərir. Belə ki, bir tərəfdən müxalifətin birləşməsi zərurətindən danışanlar, digər tərəfdən, seçkilər ərəfəsində müxalif düşərgədəki rəqiblərini bütün mümkün vasitələrlə sıradan çıxarmağa çalışırlar. Bu, radikal düşərgənin əsas təmsilçiləri sayılan AXCP (i) ilə Müsavatın fəaliyyətində özünü daha çox nəzərə çarpır.
Belə ki, seçkilər ərəfəsində birləşmək, vahid namizədlərlə seçkilərə getmək şüarı ilə çıxış edən AXCP (i) ilə Müsavat arasında parlament seçkilərində qarşılaşmış olduqları acı və biabırçı məğlubiyyətdən sonra gərginlik artmaqda davam edir. AXC-Müsavat iqtidarı dönəmindən barışmaz rəqiblərə çevrilən bu iki təşkilat arasında sonradan müxalifət düşərgəsində aparıcı mövqeyə yiyələnməkdən ötrü hər zaman gərgin mübarizə gedib. Ən sadə məsələlərdə belə, bir-birilərinə güzəştə getmək istəməyən bu iki qurumun başbilənləri bütün mümkün vasitələrlə qarşı tərəfi zəiflətməyə, öz nominal müttəfiqlərini maksimum zəiflətməyə, sıradan çıxarmağa çalışıblar.
Ən ziddiyyətli, paradoksal məqamlardan biri də budur ki, əvvəlcə AXC-nin, daha sonra isə AXCP (i)-nin parçalanmasında böyük fəallıq göstərən Müsavat başqanı İsa Qəmbərov indi də müvafiq qurumların birləşməsi zərurətindən danışır. Üstəlik, bunu müvafiq qurumların Elçibəy-Rəsulzadə xəttinin davamçısı olması ilə əsaslandırmağa çalışır. Əlbəttə, zahirən belə görünə bilər ki, İ.Qəmbərov müxalif həmkarlarının başına açdığı oyunlardan peşman olub və Müsavatın rəhbərliyindən gedərkən, onların heç olmasa, müəyyən qismini bir araya gətirərək, özünü təmizə çıxarmaq istəyir. Burada isə istər-istəməz "tülkü həccə gedir" zərb-məsəli yada düşür. Başqa sözlə, digərlərinə necə olub necə görünmək barədə gen-bol məsləhətlər verən İ.Qəmbərov özü nə olduğu kimi görünə, nə də görünmək istədiyi kimi ola bilir. Bu səbəbdən siyasi səhnədə çıxılmaz vəziyyətə düşən İ.Qəmbərov birləşmə şousu ilə gündəmə gəlmək, düşərgə daxilində imicini az da olsa, müsbətə doğru dəyişmək istəyir.
Bununla yanaşı, bu süni birləşmə oyununun xarici təzyiq qrupları tərəfindən maliyyələşdirilməsi barədə səsləndirilən mülahizələri də yaddan çıxarmaq lazım deyil. Hər iki partiyanın onlara yaxın olan bəzi QHT-lərin xətti ilə müəyyən xarici dairələrdən maliyyələşdiyini nəzərə aldıqda müvafiq ideyanı muzdlu sifariş əsasında ortaya atılması da istisna deyil. Həm AXCP (i)-də, həm də Müsavatda partiya fəallarının və bəzi müavinlərin etirazlarına baxmayaraq, Əli Kərimovla İ.Qəmbərovun bu birləşmədə israrlı görünməsi bunu bilavasitə təsdiqləyir. Sözarası onların hər ikisinin pulsuzluqdan şikayətlənməsi və bu partiyaların birləşəcəyi təqdirdə, maliyyə problemlərinin həll olunacağını dilə gətirməsi belə bir sifarişin mövcudluğuna əminlik yaradır. Doğrudur, bu, müvafiq təşəbbüsdən narazı cəbhəçiləri və müsavatçıları neytrallaşdırmaq üçün edilən manipulyasiya kimi də yozula bilər. İstisna deyil ki, bununla həm Ə.Kərimov, həm də İ.Qəmbərov birləşmə şousu ilə bağlı yarana biləcək narazılıq dalğasının qarşısını irəlicədən almağa çalışırlar. Lakin belə aldadıcı vədlər partiyalar birləşdikdən sonra hər iki şəxsə çox baha başa gələ bilər. Həm AXCP (i) sədri, həm də Müsavat başqanı dəfələrlə oxşar vəziyyətlə üzləşdiklərindən, bunu çox yaxşı anlayırlar. Aydındır ki, onların birləşmədən sonra maliyyə vəziyyətlərinin düzələcəyi ilə bağlı vədləri reallaşmasa, onda bu, tam əks prosesə - dağılmaya çevriləcək. Sıraları həddən artıq seyrəlmiş iki müxalif təşkilatın nominal birləşməsindən ortabab bir partiya yaratmaq istəyən bu iki şəxsin müvafiq planı isə belə şəraitdə tam pozulacaq. Odur ki, burada Müsavat başqanı ilə AXCP (i) xarici təzyiq qruplarından müəyyən məbləğdə vəsait qoparmaq üçün razılaşdırılmış addımlar atdığı aydın görünür.
Bütün bunların fonundan hər iki partiyanın blok şəklində parlament seçkilərində iştirak etmək istiqamətində həyata keçirdikləri tədbirlər cəmiyyətdə ciddi şübhə ilə qarşılandı və seçki günü seçicinin birmənalı mövqeyi bunu bir daha təsdiqləmiş oldu. Aşkar görünür ki, bu "birlik" daha çox xarici dairələrdən gələn sifariş əsasında həyata keçirilir, görüntü xarakteri daşıyır. Əslində, hər iki partiyanın məqsədi ictimai rəyi çaşdırmaqdan ibarətdir. Eyni zamanda, məqsəd bir-iki müxalifət partiyasının süni izdivacını yaradaraq, maraqlı Qərb dairələrindən qrant adı ilə pul qoparmaqdır. Bu iki partiyanın birləşmək qərarına gəlməsi, ümumilikdə, onların ayrılıqda fəaliyyət göstərmək iqtidarında olmadığını təsdiqləyir. Bu mənada, müvafiq birləşmə şousu həm də zəifliyin etirafı deməkdir. AXCP (i) ilə Müsavatın arxasında duran dairələr, xaricdən partiyaların saxlanılması üçün maliyyə ötürənlər bu şəxslərə birmənalı şəkildə bildiriblər ki, istənilən halda sözügedən iki partiya qeyd-şərtsiz birləşməlidir. Əks təqdirdə, birləşmə olmasa, partiyalara maliyyə ayrılması dayandırılacaq.
Beləliklə, biri digərini qəbul etməyən bu iki partiyanın zorən birləşməyə məhkum edildiyi aydın sezilir. Bəlli olan odur ki, sifarişli birləşmə və ya korporativ maraqlar üzərində qurulmuş süni birlik oyunu nə bu iki partiyanı, nə də müxalifətin radikal qütbünü iflasdan xilas etməyəcək.

Digər xəbərlər