PDF Oxu

Müxalifət

  • 20

Fələk

Fələk

Atalar demişkən, "sən saydığını say, gör fələk nə sayır?" İndi Müsavatda fələk nə təhər sayıbsa, həmin o sayılan fələk gəlib düz başqanın başında çat verib. Özü də necə?! Belə ki, bu partiya özünə siyasi təşkilat adı yapışdırandan sonra həmin təşkilatın yapışıb-qopmayan başqanı İsa Qəmbərov "bəy-ağa" bu vəzifədən getmək istəmir.
Sizi inandırım ki, onun bu postunun dili-ağzı olsaydı, adam kimi ağzını açıb deyərdi: "Əşşi, əl çək da məndən! Düz on səkkiz ildi oturubsan mənim üstümdə, özünü yelə verirsən, nə dalın bilinir, nə qabağın, nə dala gedirsən, nə də ki, qabağa. Ətrafındakılara da imkan vermirsən ki, cınqırını çıxardıb söz desin, "Bəli, bu sözləri İ.Qəmbərovun oturduğu post deyərdi, əgər ki, dili olsaydı. Amma təəssüflər olsun ki, bu partiyada, hələ ki, belə bir "texnologiya" icad olunmayıb. Ancaq buna baxmayaraq, başqa nə kimi geydirmə icad desən, burada var. Elə götürək İsa "bəy-ağayla" AXCP (i)-nin köhnəlib iyverən Əli "Kərimulla"sını... Necə deyərlər, birini qoyub, o birisini deyim. Deyim ki, bu iki cici-bacı xalqın seçdiyi parlamenti bəyənməyərək "təzə parlament" - "kölgə parlamenti" yaratmaq istəyirlər. Düzdü, bu "icad"i bir neçə gündü öz qəzetlərində reklam eləsələr də, bir şey ortaya çıxmır. Çünki hələ indiyə qədər heç yerdə görünməyib ki, insanlar kölgələrdən səmərə görsün. Ona görə də bunlar "kölgə parlament" yaratsalar belə, həmin kölgə günün müxtəlif vaxtlarında gah uzanacaq, gah gödələcək, gah da ümumiyyətlə, görünməyib yox olacaq. Bu barədə növbəti məqaləmdə tam təfsilatı ilə yazacam. Elə bu səbəbdən də qayıdaq birinci məsələyə - İ.Qəmbərov "bəy-ağa"nın rəhbərlikdən getməmək məsələsinə. Qardaş, vəziyyət o həddə çatıb ki, onun getməməyini görən həm imtiyazlı, həm də sıravi müsavatçılar yavaş-yavaş oradan uzaqlaşmağa başlayıblar (Qarşıda isə bu yavaş-yavaşın "birdən"i də var desəm, yanılmaram - R.R.). Nə isə, istefalara start verilib və bu istefalar qarşısıalınmaz proses kimi tam reallığı əks etdirir. Lakin ortada digər məqamlar da mövcuddur ki, həmin məqamlardan biri də istefa verən şəxslərin başqa siyasi təşkilatlara transferləridir. Yəni, məlum olduğu kimi, Müsavatda əmək haqlarının qismən ödənilməsi və ya heç ödənilməməsi, bir sıra partiyadaxili təşkilatların, faktiki olaraq, yalnız quruca adı ilə fəaliyyəti, eyni zamanda, az-çox siyasi kuluarlarda müstəqil ekspert qismində tanınan səlahiyyətlilərin istefalara start vermələri qeyd olunanları qabarıq şəkildə isbat etmiş olur. Fəqət, bütün bunlara göz yuman İ.Qəmbərov heç nə olmamış kimi, özünü siyasi korluğa (bəlkə də fiziki - R.R.) vurub orda-burda laqqırtı döyür. Bir də gözünü açıb görəcək ki, ətrafında nə hin qalıb, nə də cin... Hamı, həm işsizlik sarıdan, həm də başqanın ucbatından dabanına tüpürüb qaçıb Müsavatdan. Maraqlıdır, görəsən, onda kimin başqanı olacaq İ.Qəmbərov? Yəqin ki, özü-özünə başqanlıq edəcək. Lap 2003-cü ildəki prezident seçkilərindən sonrakı kimi.
Xatırladaq ki, onda da biabırcasına məğlub olan və bu məğlubiyyəti həzm edə bilməyən İsa "bəy ağa" düz yarım il (!) üzə çıxmadı. Hələ bu qalsın bir tərəfə, o zaman onu görənlər mətbuata sızdırmışdılar ki, bəs İsa özü-özünə qapılaraq, güzgüyə baxıb özü ilə söhbət edir. Sonra da onun səsi xaricdə fəaliyyət göstərən psixoloji dispanserlərdən gəldi. Birtəhər çulunu sudan çıxardan Qəmbərov yenə oldu "ağıllı-kamallı". İndi əziz oxucular, deyəsən, həmin Fələk yenə bu adamın başını girləyir. Özü də bu dəfə, deyəsən, yaman fısqırıq qopacaq Müsavatda. Belə də ki, onsuz da tək qalan İsanın özü-özünü istefaya göndərəcəyi də labüdləşməkdədir. Hər halda, qara Fələyin İsa "bəy-ağa"nı girlədiyi halda, ondan başqa heç nə gözləmək mümkün deyil. Nə möhtac qaldığı çürüntü radikal "liderlərlə" hər hansı kölgəli - "zatemlyonnı" parlamenti, nə də ki, başqa çabaları onu düşdüyü durumdan çıxarda bilməyəcək.

P.S. Sonda onu da İsa "bəy-ağa"nın nəzərinə çatdırım ki, yaxın zamanlarda özü də işsiz qaldıqdan sonra dövlətimizin, mütəmadi olaraq, təşkil etdiyi əmək yarmarkasına müraciət edə bilər. Qeyd edim ki, orada partiya filan yoxdur haa! Sadəcə, əhali işlə-güclə təmin olunur. Amma çifayda... Çünki Qəmbərov işsiz qaldıqdan sonra yarımçıq qalmış aspiranturasını bitirməlidir...

Digər xəbərlər