7 noyabr parlament seçkilərindən müəyyən vaxt ötsə də, radikal müxalifət düşərgəsində ziddiyyətli proseslər getdikcə kəskinləşməkdədir. Bir tərəfdən radikal "lider"lər bəyan edir ki, bəs seçki qurtarsa da, biz qalib gələcəyik, digər tərəfdən isə əsassız ittihamlar, böhtanlar deməkdən usanmırlar. Ən gülünc hal isə odur ki, bu bədbəxtlər həmişə o qədər xam xəyallarla yaşayıblar ki, indi də adət etdikləri vərdişdən əl çəkə bilmirlər. Lakin baş verən proseslər onu göstərir ki, radikal müxalifətdən başqa şey də ummaq olmaz. Çünki bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də radikal müxalif partiya namizədləri ölkədə yaradılmış demokratik şəraitdən yararlanmaq, seçicilərin etimadını qazanmağa çalışmaq əvəzinə, məğlubiyyətlərinə həmişə əvvəldən bəhanə axtarmaqla məşğul olub. Məsələn, seçkiöncəsi "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu əlində külli miqdarda pulu və iki partiyadan ciddi dəstək almasına baxmayaraq, səs toplaya biləcəyinə ümidi yox idi. O üzdən də öz qəzetində ona qarşı "qara piar" aparıldığı haqda cəfəngiyyat danışırdı. Bu gün də eyni əməllərini davam edir. Elə buna görə də, böyük məğlubiyyətə uğrayan radikal müxalifət düşərgəsinin təmsilçiləri, adətləri üzrə, yenə də uğursuz şəkildə seçkilərin nəticələrinə kölgə salmağa çalışırlar. Ancaq bilmək lazımdır ki, demokratiya seçkilərin ədalətli və şəffaf keçirilməsi ilə bir şəxsin istənilən dairədən lazım olan uğuru qazanmaması ilə ölçülmür. İstər İsa Qəmbərovun, istər Əli Kərimovun bu seçiklərdə uğur qazanmaması demokratiya və şəffaflıq məfhumu ilə eyniyyət təşkil etmir. Bir də, 20 faiz torpağımızı işğal edən, bir milyondan çox soydaşlarımızı qaçqın edən düşmənlə saziş imzalayan və sonra da gedib Azərbaycan xalqından onun parlamentdə təmsil olunmasına səs verməsini istəmək, ancaq düşüncəsiz bir xəyaldır.
Radikallar siyasi arxivin sakinlərinə çevrilib
Xalq tərəfindən 16 ildən çox siyasi arxivə atılan radikal müxalifət yenə də öz həyasızlığını göstərərək, noyabrın 7-də keçirilən parlament seçkilərinə qatıldılar. Bu yerdə ataların sözü yada düşür: "Utanmasan, oynamağa nə var ki". İmzatoplama kampaniyasının gedişində uğursuzluğa düçar olduğunuz halda, utanmadan yenidən seçkiyə qatılmağınız həyasızlıq deyilmi? Eyni zamanda, bu gün radikal müxalifət liderlərinin iqtidarın ünvanına böhtanlar deməsi də bir daha onların anormallığını sübut etdi. Belələrindən soruşmaq lazımdır ki, bir siyasi-ictimai qurumun rəhbəri kimi sən nə etmisən ki, indi də havalı-havalı danışırsan? Öz aramızdır, bu dəqiqə AXCP (i) sədri Əli Kərimovu danışdır, bülbül kimi ötsün, İ.Qəmbərov da asta-asta altdan iş görsün. Bu adamlar "babam mənə kor deyib, gəlib-gedənə vur deyib" prinsipini əsas tuturaq, "məndən" yoxdur deməklə, cəmiyyətin gözünə kül üfürməyə çalışırlar. Amma unutmaq olmaz ki, Ə.Kərimovu, İ.Qəmbərovu, E.Namazovu və başqalarını xalqımız bizdən də, sizdən də yaxşı tanıyır. Ona görə də, onların mövcudluqları barəsində bu gündən sabaha güman qalmayıb. Çünki unudulmuş və uduzulmuş radikal müxalifət 7 noyabr seçkilərində xalq tərəfindən birdəfəlik arxivə atılıblar.