PDF Oxu

Müxalifət

  • 19

Əbədi uğursuzluq Bu vaxta qədər olan əməlləri müxalifət

Əbədi uğursuzluq Bu vaxta qədər olan əməlləri müxalifət
Azərbaycanda keçirilən parlament seçkiləri müxalifət partiyalarının xalqdan heç bir dəstəyinin olmadığı faktını bir daha ortaya qoydu. Uzun illərdən bəri müxalifət adını öz üzərinə götürərək, yalnız seçkilərdən - seçkilərə ortaya çıxaraq "burada biz də varıq" deyən müxalifət partiyaları üçün, əslində, belə bir nəticənin yaranacağı əvvəlcədən özlərinə də məlum idi. Çünki müxalifət "liderləri" bu vaxta qədər nəinki xalq üçün bir iş görməyiblər, ümumiyyətlə, kabinetlərindəki kreslolardan möhkəm yapışaraq, oradan ayaqlarını bir addım kənara qoymayıblar ki, xalq onları görsün. Bu baxımdan da, onlara xalq tərəfindən hansı münasibətin göstəriləcəyi əvvəlcədən məlum idi. Baxmayaraq ki, bütün zamanlarda olduğu kimi, bu seçkilər vaxtı da müxalifət "liderləri" öz bəyanat və açıqlamalarında xalqın adından istifadə etməyə çalışırdılar, bütün hallarda ortada olan son nəticə kimin kim olduğunu bir daha ortaya qoydu. Ümumiyyətlə, müxalifətin xalq tərəfindən dəstəklənməməsinin tək və yeganə səbəbi heç də onların fəaliyyətində yalnız öz maraqlarını güdməsi ilə bağlı deyil. Məsələ burasındadır ki, bu gün müxalifət "lideri" kimi ortaya çıxıb xalq üçün boş vədlər verən insanların çoxu vaxtilə vəzifə başında olanda öz kimliklərini xalqa çox yaxşı şəkildə bəlli ediblər. Ona görə də bu gün onların durub xalqın adından danışması və hansısa vədlər verməsi qeyri-ciddi səslənir. Digər tərəfdən isə, bu insanların antimilli yönümlü fəaliyyət göstərməsi də xalqa aydındır və xalq tərəfindən qəbul edilmir. Necə deyərlər, "xalqın gözü tərəzidir". Bu baxımdan da, seçkilərdən sonra müxalifət "liderləri"nin onun nəticələrinə gölgə salmaq üçün Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlara danoslar yazması bir növ "daldan atılan daş" anlamına gəlir. Çox maraqlıdır ki, müxalifət özləri bildiyi halda, hələ də seçkilərdə səs qazandıqlarını iddia edirlər. Amma məsələnin kökündə duran əsas səbəb heç də bu deyil. Sadəcə olaraq, müxalifət düşərgəsini narahat edən məqam ilbəil xarici təşkilatlardan gələn maliyyə yardımlarının azalmasıdır. Müxalifətin xalq içində dəstək qazana bilməməsi və kabinet müxalifətinə çevrilməsi artıq xarici təşkilatlar tərəfindən də birmənalı qarşılanmır. Bu isə, təbii ki, həmin partiyalara gələcəkdə maliyyəsiz qalmaq perspektivi vəd edir. Odur ki, bundan sonrakı proseslərdə müxalifət düşərgəsindəki çəkişmələrin daha da dərinləşməsi və bu düşərgənin bir siyasi qüvvə kimi siyasi səhnədən silinməsi baş verə bilər ki, bu da istər-istəməz meydana yeni daha sağlam və sivil yollarla rəqabət aparmağı bacaran qüvvələrin çıxmasını sürətləndirəcək. Məsələn, bu il keçirilən parlament seçkilərinin nəticələrini 2-3 partiya istisna olmaqla, müxalifət düşərgəsində təmsil olunan qalan partiyaların rəsmən tanıması buna nümunə sayıla bilər. Odur ki, Azərbaycanda seçkilərlə bağlı praktika artdıqca meydanda qalmaq istəyən siyasi partiyalar da öz fəaliyyətlərini təkmilləşdirməli olacaqlar.

Digər xəbərlər