PDF Oxu

Müxalifət

  • 16

Müxalifət üçün itirilmiş il

Müxalifət üçün itirilmiş il
Sona çatmaqda olan 2010-cu il ölkənin siyasi həyatı üçün də bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Cari ilin ən mühüm siyasi hadisələrindən biri ölkədə keçirilən parlament seçkilərinin uğurla keçirilməsi oldu. Seçkiərəfəsi keçirilən təbliğat-təşviqat kampaniyası zamanı ölkə ictimaiyyəti Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin Milli Məclisə ən layiqli olduğunu bildirirdilər. Lakin bütün bu gerçəkliklər fonunda Azərbaycan müxalifətinin parlament seçkilərinin nəticələri ilə bağlı fikirləri ancaq böhtan və yalandan başqa bir şey deyil. Onu da qeyd edək ki, radikal müxalifət ölkədə keçirilən bütün seçkilərdə belə çirkin əməlləri ilə xalqın yaddaşında qalıblar. Belə ki, radikal müxalifətin istər referendum, istər bələdiyyə, istərsə də bu ilin noyabr ayının 7-də keçirilən parlament seçkiləri ilə bağlı səsləndirdiyi fikirlər reallıqdan çox-çox uzaq idi. Həmişə olduğu kimi, bu seçkilərdə də bütün namizədlərə bərabər imkanlar və demokratik şərait yaradılsa da, bazası sıfır olan müxalifət irəli sürəcəyi namizədlərin axtarışına çıxdı. Sözsüz ki, bir papkalı müxalifət partiya sədrləri baş verən prosesləri ört-basdır etmək üçün, ilk öncə, seçkini boykot etmək çağırışı ilə çıxış etdi. Ancaq neyləmək olar ki, səslərinə səs verən də olmadı. Bu çağırışa cavab olaraq funksionerlər tərəfindən boykot edildilər. Nəticədə uğurla baş tutan seçkilərdə hakim Yeni Azərbaycan Partiyasından namizədlikləri irəli sürülmüş layiqli insanlar seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq, növbəti 5 il müddətinə Milli Məclisə seçildilər. Doğrudur, il ərzində Azərbaycanın ictimai-siyasi həyatında bir sıra irili-xırdalı hadisələr də baş verdi ki, həmin olaylar da cəmiyyət üçün bir müddət aktual olaraq qaldı. Onu da qeyd edək ki, siyasi proseslərin bir nömrəli iştirakçısı olan siyasi partiyalar üçün də 2010-cu il, müəyyən mənada, uğurlu və uğursuz oldu. Bəs görəsən, partiyalar özləri başa vurmaqda olduğumuz 2010-cu ili necə qiymətləndirir və gələn ildən nə gözləyirlər? Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə, əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də ölkədə bütün sahələrdə uğurlar əldə edildiyini söylədi. A.Mirzəzadə parlament seçkilərinin uğurla baş tutmasını Azərbaycan ictimaiyyətinin növbəti dəfə də demokratiyaya uyğun addım atdıqlarını nümayiş etdirdiklərini vurğuladı: "İl ərzində ölkənin bütün sahələrində uğurlar əldə edildi. Belə ki, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamları, iqtisadi sahədə əldə edilən nailiyyətləri bu sıraya aid etmək olar. Həyata keçirilən məqsədyönlü tədbirlər 2010-cu ildə də Azərbaycanın beynəlxalq aləmdə və regionda olan mövqeyini bir qədər də möhkəmləndirdi. Bu müsbət tendensiya gələcək illərdə də davam edəcək və Azərbaycan dünya dövlətləri sırasında öz liderliyini qoruyub saxlayacaq". Aydın Mirzəzadə təmsil etdiyi Yeni Azərbaycan Partiyası üçün də 2010-cu ilin uğurlu olduğunu vurğuladı. Onun sözlərinə görə, ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri və cari ilin noyabr ayının 7-də parlament seçkiləri zamanı Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən layiqli insanların səs çoxluğu ilə seçkilərin qalibi olmaları və növbəti 5 il müddətinə hər iki qurumda əldə olunacaq nailiyyətlər hakim partiyanın uğurlarından sayılır. Ancaq müxalifət partiyaları üçün 2010-cu ili, əvvəlki illərdə olduğu kimi, uğurlu il saymaq olmaz. Ümumilikdə, son 17 ildə heç bir uğur əldə edə bilməyən radikal müxalifət başa vurmaqda olduğumuz ildə də daha çox uğursuzluqlarını ört-basdır etməyə, bəzi perspektivsiz gedişlərlə cəmiyyətə "var" olduqları mesajını verməyə üstünlük verdilər. Bu düşərgənin heç bir uğur əldə edə bilmədiyi, siyasi proseslərin aktiv iştirakçısı olmadığı ayrı-ayrı partiya liderləri tərəfindən də açıqca etiraf edilir. Düzdür, müəyyən fərqli yanaşmalar olsa da, bütün hallarda 2010-cu ilin müxalifət üçün uğurlu il olmadığı vurğulanır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədlinin verdiyi açıqlamasına görə, təmsil etdiyi partiya da il ərzində hər hansı bir uğurlar əldə etməyib: "Partiyanın həyatı üçün bir sıra mənfi hallar da baş verib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimovun il ərzində məlum səbəblərdən pasport ala bilməməsi, partiyanın qərargah probleminin həll edilməməsi kimi məsələləri, ən başlıcası isə, Milli Məclisdə təmsil olunmamasını AXCP (i)-nin il ərzində üzləşdiyi problemlər sırasına aid etmək olar". Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə, 2010-cu ili durğunluq ili kimi qiymətləndirdi. Partiya sədrinin sözlərinə görə, başa vurmaqda olduğumuz il müxalifət cəbhəsində heç bir inkişaf baş vermədi: "Dünyada iqtisadi böhranın baş verməsi istər 2009, istərsə də 2010-cu ildə Azərbaycan üçün müəyyən problemlər yaratmadı. Bunu növbəti il üçün qəbul olunan büdcəyə əsasalanıb söyləmək olar. Lakin müxalifət üçün ən uğursuz proses parlament seçkilərində də qələbə qazanmaması oldu". ADP sədrinin sözlərinə görə, 2010-cu il, ümumilikdə, müxalifət üçün uğursuz olub və əvvəlki illərdə olduğu kimi, yenə də müxalifət daxilində parçalanmalar baş verdi və ayrı-ayrı partiyalar arasında qarşılıqlı ittihamlar artdı. "Vətəndaş və İnkişaf" partiyasının sədri Əli Əliyev 2010-cu ili Azərbaycan müxalifəti üçün itirilmiş illər kimi qiymətləndirdi. "VİP" sədri parlament seçkilərində uğursuzluqlarına ürəkağrısı keçirdiyini bildirib: "Lakin gələcəyə nikbin baxmaq lazımdır. Çalışmaq lazımdır ki, növbəti qarşıdan gələn illərimiz də itirilmiş illərdən olmasın".

Digər xəbərlər