AXCP (i)-Müsavat birliyini kimlər sifariş verib?
"Soros" fondunun "Nauman" təşkilatının Azərbaycanda icraçısı funksiyasını yerinə yetirən Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Əli Kərimova yeni bir göstəriş verilib. Birbaşa adıçəkilən təşkilatlardan asılı vəziyyətdə olan hər iki partiya sədrinə verilmiş tapşırığın yerinə yetirilməməsi onlar üçün müsibətlərlə nəticələnə bilər.
Çünki İ.Qəmbərovla Ə.Kərimov artıq 15 ildən çox bir zaman çərçivəsində məhz sifarişlərlə öz maraqlarını təmin edib. Hələ parlament seçkilərindən öncə İ.Qəmbərovla Ə.Kərimova bir partiya ətrafında birləşmək göstərişi verilmişdi. Eyni zamanda, AXCP (i)-nin qurultayında da Ə.Kərimov aralarındakı bütün məsələləri bir kənara atıb Müsavat partiyası ilə birliyə hazır olduqlarını söyləmişdi. Baxmayaraq ki, nə Müsavat partiyasında, nə də ki, AXCP (i)-də bu birliyə normal münasibət mövcud deyil. Amma nəzərə alınmalıdır ki, Müsavat başqanı ilə AXCP (i) sədrinin bu variantdan başqa çıxış yolu yoxdur. Çünki onların seçkidə qarşılaşmış olduqları biabırçı məğlubiyyət Ə.Kərimovla İ.Qəmbərova başqa seçim imkanları buraxmayıb. Bu baxımdan da, radikal düşərgədə AXCP (i)-Müsavat yaxınlaşmasının normal şəraitdə keçəcəyinə də isti münasibət mövcud deyildir. Bir faktı da, qeyd etmək lazımdır ki, birləşmək niyyətində olan tərəflər arasında bütün prinsipial məsələləri bir kənara atıb həmrəy olmaq barəsində də yekdil rəy yoxdur. Nəzərə alaq ki, Müsavat partiyasında AXCP (i) sədri Ə.Kərimov başda olmaqla onun bütün tərəfdaşlarına qarşı münasibət heç də birmənalı deyildir. AXCP (i)-də Müsavatla birləşməyi can bir qəlbdən arzulayan şəxsə də rast gəlmək səhrada su axtarmaq kimi bir şeydir. Eyni zamanda, hər iki qurumun təmsil olunduğu radikal düşərgədə də, bu birliyin baş tutucağına zərrə qədər inamı olmayan şəxslər mövcuddur. "KAXCP" sədri Mirmuhmud Fəttayev açıq şəkildə bəyan edib ki, AXCP (i)-Müsavat yaxınlaşması baş tutmayacaq. Kimlərinsə təsiri ilə bu birliyin baş tutacağı təqdirdə, onun siyasi səhnədə heç bir təsir imkanlarına malik olmayacağını bildirən M.Fəttayev bu cür məsələlərin müxalifətin ümumi mənzərəsini dəyişməkdə əhəmiyyətsiz olduğunu vurğulayıb. Qeyd edib ki, "KAXCP" AXCP-Müsavat yaxınlaşmasına birmənalı münasibət sərgiləyib. "Çünki bu cür məsələlər bizi qətiyyən narahat etmir" deyən M.Fəttayev hər bir məsələdə qarşılıqlı səmimiyyətin qorunmasının başlıca şərt olduğunu dilə gətirib.
Bütün bu olanlara və düşərgədə parlament seçkilərindən sonra baş verən anormal mühitin səbəblərinə nəzər salaraq, belə qənaətə gəlmək olar ki, radikal müxalifət özü ömrünün son dönəmlərinə başlayıb. Amma maraqlısı budur ki, İ.Qəmbərovla Ə.Kərimov birləşmə məsələsində bir qədər tələsgənlik edirlər. Çünki Müsavat başqanının son Almaniya səfərində ona və AXCP (i) sədrinə verilmiş "proqram" xarakterli göstərişdə məhz onların silsilə xarakterli görəcəkləri "iş"lər öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, Müsavat başqanı növbəti dəfə "Nauman" təşkilatının dəvəti ilə Almaniyaya çağırılıb və ondan çox güman ki, verilmiş tapşırıqların icra vəziyyəti soruşulacaq. Elə bu səbəbdən də, İ.Qəmbərov gecəsini-gündüzünə qatıb AXCP (i) ilə birləşməyin konturlarını cızır. Radikal müxalifət düşərgəsində isə heç kəsin İ.Qəmbərova bu "iş"ində köməklik göstərəcəyi gözlənilmir. Ona görə də, Müsavat başqanı Ə.Kərimovla məsləhətləşərək, bu məsələnin onların ikisinə aid olduğunu nəzərə alıb əl-ayağa düşüblər. Əgər İ.Qəmbərov noyabrın sonuna qədər Almaniyaya növbəti səfər müddətinə, "birlik" məsələsini həll edə bilməsə onun "iş"i heç də yaxşı olmayacaq. Əks təqdirdə, adıçəkilən təşkilatların onlardan imtina edərək, müxalifət düşərgəsində başqa partnyorlar axtarması qaçılmaz olacaq. Əlindən yağlı tikənin bu cür asanlıqla çıxmasını seyrçi kimi qarşılamağı özünə bağışlamayan Müsavat başqanı bütün iyrənc variantlarını işə salıb.