PDF Oxu

Müxalifət

  • 11

Radikal müxalifət yenidən mitinq sevdasına düşüb

Radikal müxalifət yenidən mitinq sevdasına düşüb
Noyabrın 7-də keçirilən parlament seçkilərində acı və biabırçı məğlubiyyətlə üzləşən müxalifət təmsilçiləri növbəti dəfə öz rüsvayçılıqlarını ört-basdır etməyə çalışırlar. Hələ seçkidən öncə, bir neçə dəfə mitinqlər keçirmək barəsində yalan bəyanatlar verən və sonradan qərarlarını dəyişən müxalifətçilərin indiki halda piket təşkil etmək imkanları sıfıra bərabərdir. Çünki radikallar seçkiöncəsi mövcud ictimai-siyasi sabitliyi pozmaq üçün xarici havadarlarından almış olduqları göstərişləri yerinə yetirə bilməyiblər. Məhz ölkədə mühüm bir proses ərəfəsində mitinq keçirmək adı altında müəyyən təxribatlara əl atmaq, ictimai gərginlik yaratmaq müxalifətə verilən tapşırıqlar sırasında idi. Amma parlament seçkisi öncəsi keçirəcəkləri oyuncaq aksiyaları ilə cəmiyyətin gülüş hədəfinə çevriləcəklərini yəqinləşdirən müxalifətçilər bu sevdalarını müəyyən müddətə təxirə salmış oldular. Dəfələrlə mitinq və ya piketlər keçirmək üçün cəhdlər etməsinə baxmayaraq, müxalifətin bu qondarma aksiyasında heç kəsin iştirak etməməsi onların böyük məyusluq keçirməsinə zəmin yaradıb. Bu baxımdan da, müxalifət təmsilçiləri müəyyən məqamlarda, maraqlarına uyğun situasiyalarda mitinqlər keçirəcəklərini, aksiyalar təşkil edərək cəmiyyətin diqqətini bu istiqamətə yönəldəcəklərini bildirirdilər. Amma heç bir halda kiçik bir aksiya təşkil etmək niyyətlərinin reallaşmayacağını əmin olan müxalifətçilər, sadəcə olaraq, müəyyən müddət çərçivəsində diqqət mərkəzində olmağa can atırlar. Eyni zamanda, onlara verilmiş göstərişlər də, müxalifətçilərin bu cür uydurma bəyanatlar səsləndirməsinə rəvac vermiş olur. Çünki onların öz ixtiyarları öz əllərində olmadığı üçün səsləndirdikləri bəyanatlar da, sifarişdən başqa bir şey deyil. Parlament seçkilərində acı və biabırçı məğlubiyyətlə üzləşmiş müxalifət təmsilçilərinin indiki məqamda mitinqlər keçirməsi ilə bağlı səsləndirdikləri bəyanatlar heç bir reallığı əks etdirmir. Müxalifət düşərgəsində gündə ən azından 10 dəfə bu cür bəyanat vermələri və uydurma qərar çıxarmaları, artıq adi bir hal alıb. Bu baxımdan da, düşərgədə səslənən fikirlər və qondarma bəyanatlar sadəcə olaraq onların öz çərçivəsi daxilində eşidilir. Digər bir reallıq isə ondan ibarətdir ki, bu gün müxalifət düşərgəsindən istənilən bir təşkilatın aksiya təşkil etməsinə cəmiyyətin mövqeyi birmənalıdır. Onlar məhz ictimai dəstəkdən məhrum olduqları üçün belə duruma düşüblər. Reallıqda isə onların mitinq keçirməklə kimləri bu aksiyaya gətirə biləcəyi böyük sual altındadır. Çünki müxalifət dəfələrlə bu cür aksiyalar təşkil edib və hər dəfə də, özlərini gülünc duruma salıblar. Bu dəfə onların özlərini daha betər bir gülüş hədəfinə çevirmələri isə qaçılmaz olub.

Digər xəbərlər