PDF Oxu

Müxalifət

  • 17

“Kiçik biznes”dən başlanan murdar “əməkdaşlıq”

“Kiçik biznes”dən başlanan murdar “əməkdaşlıq”
Aparılmış ibtidai istintaq nəticəsində quldurluq cinayətinin Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlu tərəfindən törətmələri müəyyən edilmişdir. Adı çəkilən şəxslər ötən ilin noyabrında şübhəli şəxs qismində tutularaq, barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Mirzə Ağayev, Qabil Məmmədrzayev, Racu Mehralıyev, Elnur Mirzəliyev və Hüseyn Qurbanov qabaqcadan əlbir olaraq qrup halında Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı mənzildə olan külli miqdarda pulu basqın yolu ilə ələ keçirmək barədə razılığa gəlmişlər. Belə ki, 2009-cu ilin noyabr ayının əvvəllərində Mirzə Ağayev əvvəllər sürücüsü işlədiyi Ruqiyyə Məmmədovanın imkanlı və yaşadığı mənzildə külli miqdarda pulun olmasını Qabil Məmmədrzayevə deyərək, həmin pulu qanunsuz yolla ələ keçirmək barədə onunla qabaqcadan əlbir olmuş, binanın yerləşdiyi yeri, mənzildə yaşayan ailə üzvlərinin sayı və nə işlə məşğul olması barədə məlumat verməklə Ruqiyyə Məmmədovanın fotoşəklini ona vermişdir. Q.Məmmədrzayev isə cinayət əməlini başqa şəxslərin törədəcəyini və əldə olunan puldan ona 10.000 ABŞ dolları verəcəyini vəd etmişdir. Bundan sonra, Qabil Məmmədrzayev Ruqiyyə Məmmədovanın mənzilində külli miqdarda pulu basqın yolu ilə ələ keçirmək barədə Racu Mehralıyevlə razılığa gəlmiş və həmin yeri 2009-cu ilin əvəllərində sonuncuya göstərmiş, ev sahibinin fotoşəklini ona vermiş, sonra R.Mehralıyev 2009-cu ilin noyabr ayının ortalarında binanın ətrafında pusqu quraraq, mənzildə yaşayanların evdən nə vaxt çıxması və girməsini dəqiqləşdirmiş, Elnur Mirzəliyev və Hüseyn Qurbanovdan ibarət qrup təşkil etmişdir. 2009-cu il noyabrın 23-də Elnur Mirzəliyev "Memar Əcəmi" stansiyasının yaxınlığında Racu Mehralıyev və Hüseyn Qurbanovla görüşür. Əvvəlcədən razılaşdıqları kimi, Hüseyn Qurbanovla binanın yanında güzləmiş, Racu Mehralıyev isə Ruqiyyə Məmmədovanın oğlu, Azadlı Qədir Azad oğlunun təhsil aldığı 54 saylı orta məktəbdən yaşadığı binaya kimi təqib edərək, gəldiyini işarə etdikdən, sonra hadisə yerinə yaxın yerdə dayanaraq gözləmişdir. Hüseyn Qurbanov mənzilin giriş qapısından içəri girmək istəyən yetkinlik yaşına çatmayan Azadlı Qədir Azad oğlu və sonuncunun sinif yoldaşı Kərimli Əmir İbrahim oğlunu zorla içəri salaraq, basqın yolu ilə qanunsuz olaraq evə daxil olmuşdur. H.Qurbanov özü ilə gətirdiyi silah qismində istifadə olunan tapançanı Qədir Azadlı və Əmir Kərimliyə tuşlayaraq, həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq etmə hədəsi ilə sakit qalmağı tapşıraraq, onların yanında dayanmış, R.Mehralıyev isə yataq otağına, otağın qapısını sındırmaq yolu ilə daxil olaraq, həmin otaqda paltar şkafının içərisində, salafan torbada olan 200.000 ABŞ dollarını, 50 manat dəyərində "Sony" markalı videokameranı, 1000 manat dəyərində qızıl-zinət əşyalarını, 30 manat dəyərində büjiteriya, həmin otaqda çarpayının yanında olan şkafdan 9600 ABŞ dolları və 1500 manat pulu ələ keçirdikdən sonra özləri ilə gətirdikləri skoçla Azadlı Qədir Azad oğlu və Kərimli Əmir İbrahim oğlunun əl-qolunu bağlayaraq, hadisə yerindən getməklə, zərər çəkmiş şəxs Ruqiyyə Məmmədovaya külli miqdarda ziyan vurmaqla quldurluq etmişlər.
Bundan başqa, Elnur Mirzəliyev qanunsuz olaraq 3 ədəd 9 mm kalibrli, həmin kalibrə malik "Makarov" və "Steçkin" tapançalarından istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronları və soyuq silah hesab edilən kustar üsulla hazırlanmış vurucu-dağıdıcı xassəyə malik kaseti əldə etmiş, yaşadığı mənzildə saxlamış və həmin mənzildə axtarış keçirilərkən göstərilən patronlar və kaset aşkar edilərək götürülmüşdür. Bu günədək keçirilən məhkəmə iclaslarında zərərçəkənlər, şahidlər, eyni zamanda, təqsirləndirilən şəxslər ifadə verərək, cinayət hadisəsinin bu və ya digər məqamlarına aydınlıq gətirilib. Əksər məhkəmə iclasları isə bu və ya digər səbəblərdən təxirə salınıb.
Dünənki məhkəmə iclasında şahid qismində ifadə verən Hikmət Axundov təqsirləndirilən şəxslərdən Racu Mehralıyev və Qabil Məmmədrzayevi tanıdığını bildirdi. Qeyd etdi ki, R.Mehralıyevlə neçə illərdir ki, dostluq əlaqələri var. Qabil Məmmədrzayevlə tanışlığı isə futbol oyunlarına pul qoyuluşundan başlanıb. Onun ibtidai istintaq zamanı verdiyi ifadə ilə dünən məhkəmə prosesində ifadəsinin üst-üstə düşməməsi həm vəkillər, həm də təqsirləndirilən şəxslər tərəfindən müxtəlif sualların yaranmasına səbəb oldu. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirməklə, bu faktı etiraf etdi ki, Q.Məmmədrzayevə olan 100 manat borcunu ödəmək üçün onunla görüşə dostu Racu ilə getdiyi halda, geri dönəndə tək olub. Bu görüş zamanı əsası qoyulan "əməkdaşlıq" çox keçməmiş quldurluq yolu ilə külli miqdarda vəsaitin əldə olunmasına yol açıb. Qabil Məmmədrzayevin Ruqiyyə Məmmədovanın mənzilində külli miqdarda pulu basqın yolu ilə ələ keçirmək barədə, ilk olaraq, Racu Mehralıyevlə razılığa gəlməsi də bu "əməkdaşlığın" dərin köklərə malik olduğunu təsdiqləyir. Şahid ifadəsi də bunu təsdiq etdi. H.Axundov bildirdi ki, həmin görüşdən bir neçə gün sonra televiziya vasitəsilə "yeni dost"ların həbs olunması xəbərini eşidib.
Məhkəmə prosesi zərərçəkənin yenidən ifadə verməsinə ehtiyacın olduğuna görə, noyabrın 26-dək təxirə salındı.

Digər xəbərlər