PDF Oxu

Müxalifət

  • 11

Radikallar siyasi arxivə gedir

Radikallar siyasi arxivə gedir
7 noyabr parlament seçkilərində böyük məğlubiyyətə uğrayan radikal müxalifət düşərgəsinin təmsilçiləri, adətləri üzrə, yenə də uğursuz şəkildə seçkilərin nəticələrinə kölgə salmağa çalışırlar. Başqa sözlə, destruktiv davranış taktikasına sadiq qalan radikallar seçidə düçar olduqları məğlubiyyəti heç cür həzm etmək istəmirlər. Əslində, radikalların bu seçkidə böyük uğursuzluğa düçar olacağı irəlicədən bəlli idi.
Hələ parlament seçkiləri ərəfəsində, təbliğat-təşviqat kampaniyasından əvvəl radikalların siyasi-təşkilati cəhətdən, acınacaqlı, pərakəndə durumu onlar qaçılmaz məğlubiyyətini irəlicədən şərtləndirən amillərdən biri kimi dəyərləndirilirdi. Bu baxımdan, radikal düşərgənin bir çox namizədlərinin elə imzatoplama kampaniyasının gedişində uğursuzluğa düçar olması müxalifətin mövcud məğlub durumunu irəlicədən şərtləndirirdi. Bunu hiss edən radikal düşərgə - özünü ictimai rəydə "sığortalamaq" ümidi ilə seçki kampaniyasının başlanğıcından indiyək iqtidara, hakim Yeni Azərbaycan Partiyasına qarşı açıq "qara piar" aparmaqla məşğuldur. Belə ki, öz cəfəng iddialarını həqiqət kimi ictimai rəyə sırımağa cəhd edən AXCP (i)-Müsavat cütlüyü, və ya İsa Qəmbərovla Əli Kərimovun uğursuz tandemi bununla, əslində, öz miskin simalarını ortaya qoyurlar.

Seçicilər radikallığa "yox" deyib

Fakt, reallıq ondan ibarətdir ki, seçicilər bu seçkidə radikal müxalifətə birmənalı şəkildə "yox" deyib, dağıdıcı, yırtıcı təfəkkürlü, siyasi-əxlaqi cəhətdən naqis insanları parlamentdə görmək istəmədiyini bildirib. Nəticədə onlar siyasi rəqabətdə biabırçı şəkildə məğlub olaraq, xalq tərəfindən növbəti dəfə siyasi meydanın kənarına atılıblar. Başqa sözlə, budəfəki seçkilər də birmənalı şəkildə xalqın iradəsini və rəyini əks etdirib. Artıq hər kəsə bəllidir ki, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə seçkilər beynəlxalq standartlara uyğun, demokratik, şəffaf, ədalətli, seçici fəallığı şəraitində keçirilib. Beynəlxalq müşahidəçilər seçki prosesinin və səsvermənin gedişatından, səslərin hesablanması prosedurundan tam razı qalıblar. Seçicilərin yüksək fəallığı, seçki prosesinin qanunauyğun və yüksək səviyyəli təşkili, Mərkəzi Seçki Komissiyasının, "Seçkilər" İnformasiya Mərkəzinin, dairə və məntəqə komissiyalarının fəaliyyəti həm beynəlxalq, həm də yerli müşahidəçilər tərəfindən birmənalı şəkildə təqdir olunub. Onlar seçki prosesinin yekunları barədə müsbət fikirlər bildiriblər, seçki prosesinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu, heç bir qanun pozuntusuna rast gəlinmədiyini xüsusi vurğulayıblar. Eyni zamanda, seçki prosesini izləyən müşahidə missiyaları keçirdikləri mətbuat konfranslarında seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini təsdiq ediblər.
Bununla bağlı, ATƏT, AŞPA və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransında ATƏT-in qısamüddətli missiyasının rəhbəri Volfhanq Qrossruk bildirib ki, bir sıra seçki məntəqələrində səsvermə prosesində problemlər qeydə alınsa da, müsbət məqamlar kimi seçkinin dinc atmosferdə keçməsini, bütün siyasi partiyaların prosesdə iştirakını, MSK-nın iclaslarının açıq olmasını, namizədlərə 4 dəqiqəlik efir vaxtının verilməsini və milli azlıqların da prosesdə təmsil olunmasını göstərmək olar. Diqqəti çəkən odur ki, ATƏT-in Müşahidə Missiyası hakimiyyətin ədalətli seçki prosesinin təmin edilməsi istiqamətində səylərini xüsusi vurğulayıb. Digər tərəfdən, ötən seçkilərlə müqayisədə, bu seçkilərdə normal, sakit mühitin mövcudluğu, insidentlərin olmaması, eyni zamanda, seçicilərin fəallığı müsbət təmayüllər kimi dəyərləndirilib. Eyni zamanda, müşahidə missiyası Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin yüksək texniki hazırlığının təmin edilməsini müsbət hal kimi qeyd edib.
AŞPA müşahidə missiyasının rəhbəri Poll Vill isə bildirib ki, seçkilər beynəlxalq standartlara və ATƏT standartlarına tam uyğun keçirilib.
Xatırladaq ki, MDB-nin və Birliyin Parlamentlərarası Assambleyasının Müşahidə Missiyalarının üzvləri isə birgə mətbuat konfransında parlament seçkilərinin Azərbaycanın seçki qanunvericiliyinə uyğun, yüksək səviyyədə keçirildiyini bildirmişdilər. Onlar seçkilərin demokratik, şəffaf və yüksək səviyyədə keçirildiyini vurğulayıblar, seçki komissiyalarının üzvləri və yerli müşahidəçilər arasında qadınların sayının çox olmasını yüksək qiymətləndiriblər.
Avropa Seçkiləri Müşahidə Akademiyasının (ASMA) Azərbaycanda parlament seçkilərini müşahidə etmiş missiyasının üzvləri keçirdikləri mətbuat konfransında qeyd ediblər ki, Azərbaycanda keçirilmiş parlament seçkilərində səsvermə prosesi mütəşəkkil, beynəlxalq standartlara uyğun təşkil olunub. Belçika parlamentinin üzvü Detxe Alain müşahidə missiyasının yekun mövqeyini açıqlayaraq, bildirib ki, seçki məntəqələrinə giriş azad olub, seçici fəallığı müşahidə edilib, hətta məntəqələrdə seçicilərin növbəsi yaranıb.
TürkPA Müşahidə Missiyasının üzvləri də Azərbaycanda seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini diqqətə çatdırıblar. GUAM-ın Müşahidə Missiyası isə öz rəyində bildirib ki, Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara, o cümlədən, ATƏT və Avropa Şurası qarşısında götürülən öhdəliklərə uyğun keçib.

Ağı qaradan seçə bilməyənlər...

Beynəlxalq müşahidəçilərlə yanaşı, xarici mətbuat orqanları da Azərbaycanda keçirilən parlament seçkilərinə xüsusi diqqət göstərib, xarici televiziya kanalları, mətbuatda, internetdə verilən materiallarda seçki prosesi gedişi və yekunları yüksək qiymətləndirilib. Müxalifəti əndişəyə salan odur ki, radikalların tez-tez istinad etdiyi, "sitat" gətirdiyi KİV-lər də parlament seçkilərinin nəticələrini yüksək dəyərləndiriblər. Burada bir məqamı, xüsusi olaraq, qeyd etmək lazım gəlir. Araşdırmalarımız nəticəsində bəlli olub ki, əslində, radikal mövqeli müxalifət mediası xarici KİV-ə istinadən yaydıqları materialları, qəsdən, məqsədli, qərəzli şəkildə təhrif edir, çox zaman öz uydurmalarını qeyri-ciddi şəkildə, xarici KİV-dən əldə etdikləri məlumatlar kimi təqdim edirlər. Belə vəziyyət radikal ovqatlı medianın müəyyən müxalif dairələrin əlində alətə çevrildiyini bir daha təsdiqləyir. Bəlli olan odur ki, onlar yazdıqlarının yalan, böhtan, iftira olduğunu çox yaxşı bilirlər. Oxucuları isə başdan-ayağa çirkab, üfunət qoxuyan belə yazılar, sadəcə olaraq, iyrəndirir. Görünür, qarayaxmaya adət edən bu şəxslər müsbəti, yaxşını, ağ rəngi, ümumiyyətlə, seçə bilmirlər.
Bəlli olan odur ki, radikalların iddialarının əksinə olaraq, budəfəki seçkilər Azərbaycanın həyatında uğurlu bir məqam kimi yadda qalıb və demokratik nailiyyət kimi dəyərləndirilib. Əldə edilən nailiyyətlər o dərəcədə qabarıqdır ki, bunu avropalı müşahidəçilər və xarici KİV bizdən də yaxşı və yüksək səviyyədə vurğulayırlar.
Demokratik inkişaf yolunda böyük tərəqqiyə nail olan Azərbaycan bu gün sivil inkişafın bütün parametrlərinə görə, nümunəvi dövlətlərdən sayılır. Azərbaycanın müvafiq qurumları həmişə seçkilərin şəffaf və ədalətli keçməsi zəruri prosedurlara ciddi riayət edirlər. Həmişə olduğu kimi, bu dəfə də bütün siyasi qüvvələrə qanuni resurslardan istifadə üçün bərabər imkanlar yaradılıb. Seçki qanunvericiliyinin getdikcə daha da təkmilləşdirilməsi, cəmiyyətin bütün təbəqələrinin siyasi proseslərdə fəal iştirakının təmin edilməsi Azərbaycanın demokratik dəyərlərin təsisatlaşmasında və cəmiyyətin aparıcı ideya-siyasi xəttinə çevrilməsində kifayət qədər maraqlı olduğunu aydın şəkildə göstərir.

Radikalların xalqa deməyə sözü yoxdur

Qeyd edək ki, 7 noyabr seçkilərində bütün siyasi partiyalar seçkilərində bütün siyasi partiyalar iştirak ediblər və parlamentdə 40 min seçicini təmsil etmək üçün 11 partiyanın nümayəndələri təmsilçilik hüququ qazanıb. Bununla yanaşı, bütün müxalifət üzvləri MSK-da öz yerlərini tutublar. MSK Seçki Məcəlləsinə ciddi riayət edərək, tez-tez açıq görüşlər keçirib, bütün zəruri tələblər qanun çərçivəsində nəzərdə tutulmuş vaxtda yerinə yetirilib. Başqa sözlə, seçki ilə bağlı bütün qaydalara yüksək səviyyədə əməl olunub. Eyni zamanda, MSK bütün namizədlərə İctimai Televiziyada 4 dəqiqəlik efir vaxtı ayırıb, qeydiyyatları ləğv olunmuş 172 namizədlərdən 43-nün qeydiyyatı yenidən bərpa edilib. Radikal müxalifətin üzdə olan bir sıra fiqurları - Ə.Kərimov, Arif Hacıyev və digərləri onlara ayrılan bu vaxtdan, yaradılan bərabər şəraitdən istifadə etməyiblər. Təbliğat-təşviqat kampaniyasının gedişində radikal müxalifətin nümayəndələrinin bir çox hallarda rəqibləri ilə açıq debatlardan yayınması onu göstərir ki, fikirləri, niyyətləri şər-şəbədədən yoğrulan bu insanların xalqa deməyə, sadəcə, sözləri yoxdur.
Parlament seçkilərində diqqəti çəkən məqamlardan biri də odur ki, bu dəfə seçkiləri müşahidə etmək üçün parlament seçkilərində çox yüksək sayda beynəlxalq və yerli müşahidəçilər qeydə alınmışdı. Beynəlxalq müşahidəçilər MSK ilə əməkdaşlıqdan çox razı qalması seçkilərin tam şəffaf, demokratik keçməsini təsdiqləyən çoxsaylı arqumentlərdən biridir. Bütün bunlar bir daha Azərbaycanda seçkilərin şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini və ölkəmizin sivil, demokratik, dövlət quruculuğu sahəsində böyük nailiyyətlər əldə etdiyini söyləməyə əsas verir. Odur ki, radikal müxalifətin cəfəng iddiaları reallıqdan uzaqdır və hər hansı ciddi arqumentə söykənmir.

Digər xəbərlər