Şərəfsiz müxalifət liderlərinə düşərgə daxilində də yer yoxdur
Azərbaycanda keçirilən parlament seçkilərinin tam rəsmi nəticələri açıqlanmamış ənənəvi müxalifət partiyalarının liderləri seçkilərin saxtalaşdırıldığını və müxalifətə lazımi şərait yaradılmadığı haqda hay-həşir saldılar.
Halbuki seçkiqabağı təbliğat-təşviat kampaniyası dövründə həm ölkə müxalifətinin nümayəndələri, həm də beynəlxalq təşkilatların nümayəndələri hər kəsə eyni şəraitin yaradıldığını qeyd etmişdilər. Lakin radikal müxalifətin belə şeylərlə arası yoxdur, nədən ki, onlar hələ də ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi, qara-qışqırıqla hakimiyyətə gəlməyin mümkünlüyünə inanırlar.
Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimovun seçki gününün səhəri hələ rəsmi nəticələr tam açıqlanmamış, "exit-poll"un nəticələrinə əsaslanan uduzduqlarını anlamışdılar. Seçkinin səhəri günü keçirdikləri mətbuat konfransında radikal liderlər hər kəsi- medianı, beynəlxalq təşkilatları, seçiciləri, müşahidəçiləri ittiham edərək, məğlubiyyətlərinə şərik edirdilər.
"AXCP (i)-Müsavat" bloku 125 seçki dairəsinin heç üçdə birində belə irəli sürməyə namizəd tapa bilmədilər və bu fakt onların elektoratının tamam tükəndiyini göstərdi. İrəli sürülən namzidələr isə, heç də normal kampaniya aparmadılar. Bunu beynəlxalq təşkilatların nümayəndələri də vurğuladılar.
Məsələn, AŞPA-nın, ATƏT-in, ATƏT Parlament Assambleyasının və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran AŞPA müşahidə missiyasının rəhbəri Pol Ville dedi ki, "Hakim partiyanın namizədləri əsasən təbliğatlarını seçicilərlə görüşüb, müzakirələr aparmaq prinsipi ilə ediblər. YAP tərəfindən irəli sürülən namizədlərin hər biri uğurlu və səmərəli təşviqat kampaniyası aparıb. Müxalifət namizədləri bu istiqamətdə passiv işlər görmələri ilə seçilirdi. Halbuki bütün namizədlərə bərabər şərait yaradılmışdı".
Göründüyü kimi, müxalifətin arqumentləri əsassızdır. Sadəcə, hay-həşirlə parlamentdə yer qoparmaq istəyən liderlər xalqı aldatmağa cəhd edirdilər. İndi əllərində heç bir fakt və sübut olmadan seçkinin saxtalaşdırıldığını iddia etmək gülüncdür.
Əgər belə faktlar var isə, müxalifət müşahidəçiləri dairələrdə qeydə aldıqları neqativ halları məhz həmin an elan etməli idilər. Halbuki onların fikrindən asılı olmayaraq, Mərkəzi Seçki Komissiyası 3 məntəqənin nəticələrini ləğv edib. Ona görə də, müxalifətin bu cür bəyanatları durumun gərginləşdirilməsinə yönələn bir addımdır.
Əksər partiyalar etiraf edirlər ki, seçkilər hər cəhətdən yüksək səviyyədə keçib və MSK ilk dəfə olaraq qeydə alınmayan adamları özü qeydə alıb. Düzdür, müəyyən xırda nöqsanlar olub, lakin bunun bir hissəsini MSK, digər hissəsini Konstitusiya Məhkəməsi aradan qaldırıb.
Onu da qeyd edək ki, bu seçkidə tətbiq olunmuş bəzi yeniliklər Azərbaycan seçki praktikasında yeni bir mərhələ idi. Buraya MDB-də ilk dəfə olaraq "exit-poll" səsverməsi zamanı mobil texnologiyadan istifadə və elektron səsvermə sistemi daxildir.
Ümumiyyətlə, parlament seçkiləri Azərbaycanın seçki tarixində ən demokratik proses oldu. Seçicilər mütəşəkkil qaydada məntəqələrə gəlib səs verdilər. Şəffaflığın maksimum təmin olunduğu seçkidə kimlərsə səs ala bilməyibsə, bunun günahını başqalarında yox, özlərində axtarsalar, yaxşı olar.