PDF Oxu

Müxalifət

  • 22

RADİKAL MÜXALİFƏTİN SEÇKİ MƏĞLUBİYYƏTİ ONLARIN SİYASƏTDƏN GETMƏSİNİ REALLAŞDIRDI!

RADİKAL MÜXALİFƏTİN SEÇKİ MƏĞLUBİYYƏTİ ONLARIN SİYASƏTDƏN GETMƏSİNİ REALLAŞDIRDI!

Dünya siyasət palitrasında yazılmamış qanunlardan biri də hədəflər uğrunda mübarizədə sağlam və konstruktiv siyasətə daha böyük üstünlük verməkdir. Digər tərəfdən isə atılan addımlarda milli və dövlətçilik maraqları ön planda olmalıdır.
Eyni zamanda, istənilən seçki yarışmasının sonunda udan və uduzan tərəflər bir-birini başa düşməli və ikincinin birincini təbrik etməsi üçün irəliyə doğru addım atmalıdır. Çox təəssüflər olsun ki, qeyd olunan prinsiplər Azərbaycanın radikal müxalifəti üçün yaddır. Daha dəqiq desək, dünyada qəbul edilən prinsiplərə riayət etmək dar düşüncə tərzinə malik olan radikal müxalifət üçün qəbuledilməzdir. Onlar üçün əsas amal xaricdən verilən tapşırıqları, nəyin hesabına olur-olsun, yerinə yetirmək və bununla da ən azı "Azadlıq" radiosunda təbliğ olunmaq imkanını əldə etmək. Təbii ki, pul-para əldə etmək də öz yerində.

"AXCP (İ)-MÜSAVAT" BLOKUNUN SEÇKİ MƏĞLUBİYYƏTİ GÖZLƏNİLƏN İDİ

Üç ay davam edən və noyabrın 7-də başa çatan parlamentdə seçki yarışması radikal müxalifət üçün yenə də uğursuz oldu. Araşdırmalar aparsaq və proseslərə bir daha nəzər yetirsək, radikal müxalifətin uğursuzluğa düçar olacağını cəmiyyətin hər bir fərdinin əvvəlcədən bildiyini görmək mümkündür. Əvvəla, ona görə ki, Müsavat, AXCP (i), ADP, AMİP və bu kimi partiya funksionerləri üç aylıq seçki marafonunda səhv seçki siyasəti tətbiq etmişlər. Yəni fəaliyyətlərini daha çox İTV-nin canlı efirindən, eləcə də, mini-görüşlərdə insanlara yalan vədlər vermək, populist çıxışlar etməyə yönəltmişlər. Digər tərəfdən isə, Müsavat və AXCP (i) yetkililərinin xarici maraqlı qüvvələrlə, xüsusilə də, ermənilərlə iş birliyinə getmələri seçicilərin onlara olan nifrətini 7 noyabr seçkilərində açıq şəkildə ortaya qoymuş oldu. Xatırlatmaq lazımdır ki, seçkilərin təbliğat-təşviqat kampaniyasına start verildiyi ərəfədə Müsavat başqanı İsa Qəmbərov Almaniyaya səfər edərək, orada Ermənistanın müxalifət liderlərindən olan Aram Manukyanla qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzaladı. Bu o zaman idi ki, Azərbaycan xalqı milli qəhrəman Mübariz İbrahimovun və iki gün öncə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmiş baş leytenant Fərid Əhmədovun meyitlərinin qaytarılması üçün beynəlxalq təşkilatlardan ermənilərə təzyiq göstərilməsini tələb edirdilər. Belə həssas məqamda İ.Qəmbərovun erməni müxalifətinin lideri ilə iş birliyinə getməsi Azərbaycan xalqının müxalifətə olan nifrətinin hüdudsuz olmasına səbəb oldu.

İSA QƏMBƏROVUN ƏLİKRAM HÜMBƏTOVDAN FƏRQİ VARMI?

Müsavat başqanı İ.Qəmbərovun A.Manukyanla əməkdaşlıq haqqında müqavilə imzalaması üzdəniraq gədalardan olan Əlikram Hümbətovun qondarma "Talış-Muğan Respublikası" yaratmağa cəhdindən fərqlənmir. İkinci Azərbaycanın suverenliyini pozmağa cəhd göstəribsə, İ.Qəmbərov da Azərbaycan torpaqlarının işğal edilməsində və 1 milyondan çox insanın ev-eşiyindən didərgin düşməsində böyük fəaliyyəti olmuş Ter-Petrosyanın lideri olduğu Ermənistan Ümummili Hərəkatı ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Yerlərdən gələn çağırışlara uyğun hərəkət edilsə idi, o zaman İ.Qəmbərov da Ə.Hümbətov kimi Hollandiyaya yola salınmalı idi. Budurmu İ.Qəmbərovun dövlətin ona göstərdiyi humanist yanaşmaya dəyəri? Görünür, xalq dövlətin atmadığı addımı 7 noyabr parlament seçkilərində "AXCP (i)-Müsavat" seçki blokunun namizədlərinə bir daha "yox" deməklə mövqelərinin sərt olduğunu nümayiş etdiriblər. Bunun da nəticəsi olaraq, AXCP (i) sədri Əli Kərimov 31 saylı Suraxanı ikinci seçki dairəsindən cəmi 17 faiz seçici səsi qazanmaqla, 43 faiz seçici dəstəyi qazanan keçmiş əqidə yoldaşı Fərəc Quliyevə məğlub oldu. İ.Qəmbərov isə 15 saylı Yasamal birinci seçki dairəsindən cəmi 21 faiz səs əldə etməklə 55 faiz seçici səsi qazanan telejurnalist Etibar Hüseynli tərəfindən peşman edildi. Bunu Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumatla yanaşı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və "Parlament-2010" Seçki Monitorinqi Koalisiyası da keçirdikləri "exit-poll"un nəticələri də təsdiqləyib.

MÜXALİFƏT İNDİ DƏ ATƏT VƏ MDB-DƏN OLAN MÜŞAHİDƏÇİLƏRƏ ŞƏR ATIR

Yuxarıda qeyd etdiyimiz kimi, müəyyən ölkələrin normal müxalifəti seçki məğlubiyyətinə görə, özlərini günahkar bilib, siyasətdən getmək qərarı verirlər. Azərbaycanın radikal müxalifət isə həyasızcasına, utanıb-çəkinmədən sədrlik kreslosundan bərk-bərk yapışıb, istefa vermirlər. Demək olar ki, bir qədər də uzağa gedərək, seçki məğlubiyyətlərinə görə, cəmiyyətin müxtəlif təbəqələrini, xüsusilə də, xarici ölkələrin müşahidəçilərini günahlandırırlar. AXCP (i) sədri Ə.Kərimov və İ.Qəmbərov beynəlxalq təşkilatların və ayrı-ayrı xarici ölkələrin müşahidəçilərini hakimiyyət tərəfindən pulla ələ alınmaqda ittiham ediblər. Ə.Kərimovun sərsəmləmələrinə görə, beynəlxalq təşkilatların müxalifətin seçki uğursuzluğuna göz yumması onların mübarizə aparmaq hədəflərində ruh düşgünlüyü yaradıb.
"AXCP (i)-Müsavat" bloku başbilənlərinin ciddi narahatlıq keçirmələri və anlaqsız şəkildə hay-küy salmaları onu göstərir ki, seçki məğlubiyyəti radikal müxalifəti siyasətdən uzaqlaşdırmaq astanasına sıxışdırıb. Bu isə onların xarici ağalarının gözündən düşmək və bununla da maddi və mənəvi dəstəkdən məhrum olunması deməkdir. Ona görə də, beynəlxalq təşkilatların müşahidəçilərinin ünvanına şər-böhtan səsləndirməklə üzləşdikləri rüsvayçılığı sığortalamağa çalışırlar. Xatırlatmaq yerinə düşər ki, seçki prosesini yaxından izləmiş 1000-dən yuxarı xarici müşahidəçi 7 noyabr parlament seçkilərinin azad və ədalətli keçirildiyini bəyan etmişlər. Dünən isə MDB və MDB Parlament Assambleyasının müşahidə missiyasının üzvüləri mətbuat konfransı keçirərək, 7 noyabr parlament seçkilərinin Azərbaycanın seçki qanunvericiliyinə uyğun, yüksək səviyyədə keçirildiyini bildiriblər. Müşahidə missiyasının rəhbəri Sergey Lebedev bildirib ki, 8 MDB ölkəsindən 352 müşahidəçi 3 minə yaxın seçki məntəqəsində seçki prosesini müşahidə etmiş və hər hansı qanun pozuntusuna rast gəlinməmişdir. S.Lebedev MDB müşahidə missiyasının qiymətləndirilməsinin Qərbdən olan müşahidəçilərin rəyləri ilə üst-üstə düşdüyünü də söyləyib. Dünən Avropa Seçkiləri Müşahidə Akademiyasının (ASMA) Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən missiyanın mətbuat konfransında Belçikadan olan parlament üzvü Detxe Alain məntəqələrdə səslərin hesablanmasının şəffaf şəkildə həyata keçirildiyini söyləyib: "Səsvermə proseduru professional, mütəşəkkil şəkildə, beynəlxalq standartlara uyğun təşkil olunub, seçki günü seçicilərin aktivliyi müşahidə olunub, hətta bəzi məntəqələrdə növbələr yaranıb". Eyni zamanda, Türkdilli Ölkələrin Parlament Assambleyası, GUAM və digər beynəlxalq təşkilatlardan olan müşahidəçilər də dünən keçirdikləri mətbuat konfranslarında Azərbaycanda keçirilən 7 noyabr parlament seçkilərinin sakit, azad və ədalətli şəkildə başa çatdığını bəyan ediblər. Bütün bu tip ədalətli, reallığı əks etdirən mövqelər radikal müxalifətin bağrını çatladır. Ona görə də, başlayıblar ənənəvi metodlarından istifadə etməklə, xarici ölkələrin və beynəlxalq təşkilatlardan olan müşahidəçilərə şər-böhtan atmağa. Bu cür yanaşmanı və fəaliyyəti isə yalnız bu cür qiymətləndirmək olar: Ar olsun sizlərə.

Digər xəbərlər