Əli Kərimovun tərəfdarlarının növbəti biabırçılığı
Noyabrın 7-də keçiriləcək parlament seçkilərinin təbliğat və təşviqat kampaniyası çərçivəsində radikal müxalifət düşərgəsində böyük çaxnaşmalar, ilginc təlatümlər yaşanmaqdadır. Eyni zamanda, parlament seçkilərində iştirak edən müxalifət partiyalarının özləri belə cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılandıqlarına görə, çıxış yolunu başqa mətləblərdə axtarmağa çalışırlar.
Xarici donorlardan tamamilə asılı hala düşmüş radikal müxalifət partiyaları sırf onların sifarişləri əsasında fəaliyyətlərini qurublar. Bu sıradan AXCP (i) xüsusi ilə seçilməkdədir. Çünki AXCP (i) parlament seçkisinə məhz "Soros" fondunun sifarişi ilə Müsavat partiyası ilə seçki bloku yaratmaqla qoşulmalı oldu. Bundan əlavə, ABŞ-da olan erməni lobbisinin diqtəsi ilə yaradılan "AXCP-Müsavat" seçki blokunun "hədəflərində" də seçkidə uğur əldə etmək prinsipi dayanmır. Məhz sonradan məlum olub ki, bu seçki bloku heç də seçkidə uğur əldə etmək istəyinə uyğun yaradılmayıb. Sadəcə olaraq, bu addım xarici donorçuların gizlin planlarının pərdələnmiş formasıdır. Onlar istəklərini müəyyən çalarlarla əlaqələndirib, ictimai düşüncəni başqa səmtə yönəltmək niyyətlərini də, məhz bu yolla gizlətməyə çalışırlar. Amma hər bir məqam cəmiyyət üçün maraqlı olduğu üçün müxalifətin növbəti xəyanətinin gizlinləri də tam aydınlaşmış oldu. Radikal müxalifət bu cür çirkin yollarla külli miqdarda vəsait əldə etmək planının ifşası, ilk növbədə, AXCP (i) sədri Ə.Kərimovun niyyətinin iflası ilə nəticələndi.
Ə.Kərimov avropalı havadarlarının və erməni lobbisinin dəstəyi ilə Azərbaycanda seçkiöncəsi çaxnaşmalar, ictimai gərginliklər yaratmaq, küçə və xiyabanlarda iğtişaşlar törətmək üçün aldığı göstərişləri artıq vəd olunan zamanda yerinə yetirə bilməyib. Onun almış olduğu göstərişlər sırasında ilk "hədəf"i ictimai şüura təsir edən bəyanatlar səsləndirməyə hesablanmışdı. Məhz bu səbəbdən də, ölkədə mövcud ictimai-siyasi sabitliyə dırnaqarası yanaşmaq və inkişafı qulaq ardına vurmaqla, cəmiyyətə növbəti dəfə yalanlar danışmaq Ə.Kərimovun məxfi "planı"nın tərkib hissəsi idi. Bu səbəbdən də, AXCP (i) tərəfdarları son günlər özlərinə "mənəvi ata" hesab etdikləri Ə.Kərimovdan bir qədər "fəal" olmaq barəsində yeni göstərişlər alıblar. Artıq Ə.Kərimov tərəfdarlarının növbəti bir "iş" qrafiki müəyyənləşdirərək,"hərəkətə" keçdikləri də məlumdur. Belə ki, AXCP (i)-nin sədr müavini Fuad Qəhrəmanlı İctimai Televiziyanın efirində parlament seçkilərində iştirak edən namizədlər üçün ayrılmış pulsuz efir vaxtından sui-istifadə edərək, öz çirkin niyyətlərini seçicilərə aşılamağa cəhd edib. F.Qəhrəmanlının bu niyyətinin məhz Ə.Kərimovun yeni göstərişi dövrünə düşməsi də deyilənləri bir daha təsdiqləmiş olur. Çünki AXCP (i)-nin sədr müavininin çıxışında erməni lobbisinin Ə.Kərimov üçün müəyyənləşdirmiş olduğu bütün çalarlar çılpaqlığı ilə sezilirdi. Məhz pulsuz efir müddətinin bitməsinə baxmayaraq, almış olduğu sifarişi tam yerinə yetirməyə cəhd edən F.Qəhrəmanlı yalan və böhtan dolu fikirlərini də səsləndirməkdən çəkinməyib. Bu da AXCP (i) sədri Ə.Kərimovun çirkin iş planının ifşası ilə nəticələnib. Çünki Ə.Kərimov son günlər erməni lobbisinin nümayəndələri və Avropada yerələşən anti-azərbaycan meyilli qüvvələrlə əməkdaşlıqda yeni "hədəflər" barəsində razılığa gəlmişdilər. Bu prosesin digər ardıcıllığı isə hazırda AXCP (i) ilə ittifaqda olan Müsavat partiyasının açıq şəkildə ermənilərlə əməkdaşlığa qoşulması da təsdiqlənmiş olur. Müsavat başqanı İsa Qəmbərovun ötən ayın 7-də Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukyanla qarşılıqlı əməkdaşlıq barəsində müqavilə imzalanması da ortada olan inkar olunmaz faktlardandır.
Siyasi arenada heç bir uğur əldə etməyi belə bacarmayan radikal qüvvələrin sonda məhz Azərbaycana düşmən olan dövlət və təşkilatlarla açıq şəkildə əməkdaşlığa girməsi deyilənləri və müxalifətin simasını bir daha nümayiş etdirmiş oldu.