Güclü dövlət, yüksək rifah
- Siyavuş müəllim, bu gün Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti necə dəyərləndirirsiniz? YAP iqtidar partiyası olaraq, hansı arqumentləri əsas götürərək, parlament seçkilərinə qatılır?
- Hər bir ölkənin hərtərəfli inkişafının təməlində ilk olaraq möhkəm ictimai-siyasi sabitliyin mövcudluğu dayanır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra AXC-Müsavat cütlüyündən miras qalmış anarxiya və xaosu aradan qaldırdı, özbaşına fəaliyyət göstərən silahlı qruplaşmalar ləğv edildi. Ən əsası isə torpaqlarımızın Ermənistan tərəfindən işğalının qarşısı alındı və 1994-cü ilin mayında atəşkəs rejimi yaradıldı. Məhz yaradılan ictimai-siyasi sabitliyin nəticəsi idi ki, dünya dövlətləri Azərbaycana diqqətlə yanaşmağa başladılar. 1994-cü ilin sentyabrında Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi Qərbin iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" adı ilə tarixə düşmüş neft kontraktlarını imzaladı. Bununla da Azərbaycanda iqtisadi inkişafın əsası qoyuldu. Bu gün Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Oktyabrın 20-də Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda qeyd olundu ki, bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Nəzərə alsaq ki, dünyada baş verən iqtisadi böhran hələ başa çatmayıb, onda bu göstəricilərin nə qədər yüksək olduğunu görərik.
Dünyada Azərbaycandan da çox neftə malik olan ölkələr var. Lakin Azərbaycanda neft gəlirlərinin ədalətli bölünməsi, ümumilikdə, ölkəmizin sosial-iqtisadi inkişafına təkan vermiş, əhalinin yüksək rifahını təmin etmişdir. Neft gəlirləri hesabına qeyri-neft sektoru inkişaf etdirilir. Məktəblər, xəstəxanalar tikilir, yollar, parklar, xiyabanlar salınır, ölkə abadlaşır. Əgər 1992-ci ildə Azərbaycanın dövlət büdcəsində cəmi 250 milyon ABŞ dolları həcmində vəsait var idisə, bu gün büdcəmiz 15 milyard dollardan ibarətdir. Büdcə gəlirləri 30 dəfə artıb. Deməli, insanların yaşayış səviyyəsi də 30 dəfə yüksəlib. Son 5 ildə Azərbaycanda 2000-dən artıq məktəb tikilib istifadəyə verilib. 3000 gənc dövlət vəsaiti hesabına xaricdə təhsil almağa göndərilib. Neft kapitalı insan kapitalına çevrilir. Bu isə tək bu gün üçün deyil. Həmçinin, gələcək inkişafımız üçündür.
- Sizin namizədliyiniz yenə də 5 saylı Şahbuz-Babək seçki dairəsindən irəli sürülüb. Ötən beş il ərzində bu dairəni əhatə edən rayonlarda nə dəyişib? Seçicilərinizlə görüşdə onlara nə deyirsiniz və onlardan nə eşidirsiniz?
-Ötən beş il ərzində, nəinki qeyd olunan dairəni əhatə edən rayonlarda, ümumiyyətlə, muxtar respublikada böyük irəliləyişlər və dəyişikliklər baş verib. Naxçıvanda dəyişiklik illərlə deyil, aylarla, günlərlə baş verir. Yollar yeniləşir, qəsəbələr salınır, hər kənddə müasir tipli məktəblər, xəstəxanalar tikilir, kənd mərkəzləri inşa olunur, sənaye müəssisələri yaradılır ki, bu da insanların işlə təmin olunmasına, sosial rifah hallarının daha da yaxşılaşmasına xidmət edir. Ölkə Prezidenti hər dəfə Naxçıvana səfər edərkən, burada 20-30 obyektin açılışında iştirak edir və görülən işləri yüksək qiymətləndirir. Ona görə də Naxçıvandan öyrəniləsi şeylər çoxdur. Misal üçün Naxçıvandakı ümumtəhsil məktəblərinin elektron lövhələrlə təmin olunması çox az yerdə müşahidə edilir. Qanunlara ciddi riayət olunur. Möhkəm nizam-intizam var. Düşünürük ki, digər rayonların rəhbərləri Naxçıvana gəlib burada quruculuq işlərinin mexanizmlərini öyrənib tətbiq etsələr, faydalı olar. Xüsusilə, qeyd etmək lazımdır ki, bütün bu işlərin həyata keçirilməsinin arxasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun gərgin əməyi, yeni texnologiyaları tətbiq etmək bacarığı və xalqa, dövlətə bağlılığı dayanır. Yaxın tariximizə nəzər salsaq, görərik ki, bu gün Azərbaycanın müstəqilliyinin atributu olan üçrəngli bayraq 1990-cı ilin 17 noyabrında ilk dəfə Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət bayrağı kimi qəbul edildi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, ordu quruculuğu və torpaq islahatları da ilk dəfə Heydər Əliyev tərəfindən Naxçıvanda həyata keçirildi. Məhz Heydər Əliyev siyasi kursunun Ali Məclisin Sədri tərəfindən uğurlu davamıdır ki, Naxçıvanda blokada hiss olunmur. İnkişaf və tərəqqi duyulur. Namizədliyimin irəli sürüldüyü seçki dairəsini əhatə edən yaşayış məntəqələri, əsasən, dağlıq ərazidə yerləşir. Lakin insanlar dağ kəndində yaşadıqlarını hiss etmirlər. Evlər daimi qaz və elektrik enerjisi ilə təmin olunur. Kəndlərdə telefon olmayan ev yoxdur. İstilik sistemi ilə təchiz edilmiş məktəblər, xəstəxanalar, kənd mərkəzləri insanlara səviyyəli xidmət göstərir. Şahbuz şəhərindəki xəstəxananın şəraiti olduqca yüksək səviyyədədir ki, bundan da insanlar rahatlıqla istifadə edirlər. Muxtar respublika Ermənistan tərəfindən blokadaya alındığına görə, ordu quruculuğuna xüsusi diqqət yetirilir. İstər hərbi texnika ilə təchizat, istərsə də, əsgərlərin yaşayış şəraiti çox gözəl vəziyyətdədir. Seçicilərimlə görüşdə də mən bu məsələlərə toxunuram, dövlətin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xidmətlərini qeyd edirəm. Nəhayət, onu da qeyd edim ki, seçicilərlə görüş zamanı aparılan söhbətdə muxtar respublika rəhbərindən, onun işlərindən razılıqlarını bildirilər. Qeyd edirlər ki, Naxçıvan Muxtar Respublikasında belə inkişaf tarixin heç bir dönəmində olmamışdır. Bu isə YAP-ın namizədlərinin seçilmək şansını xeyli artırır.
-Siyavuş müəllim, YAP cəmiyyətdə nüfuzlu siyasi partiya olaraq, 2005-ci ilin parlament seçkilərində yerlərin çoxunu qazanmışdır. Ötən 5 ildə parlamentdə çoxluq təşkil edən YAP nümayəndələrinin rolu nədən ibarət olmuşdur?
-YAP indiyə kimi keçirilən bütün parlament seçkilərində qalib gəlmişdir və bu da təsadüfi xarakter daşımır. Parlamentdə qəbul olunan qanunların layihələrinin müzakirəsi zamanı YAP-ı təmsil edən deputatlar, ilk növbədə, bu və ya digər qanunun xalqın həyat şəraitinin daha da yaxşılaşmasını düşünərək, təkliflər vermişlər. Çalışmışıq ki, qəbul olunan qanunlar xalqa xidmət etsin. YAP-çı deputatlar bu günə kimi 1000-dən çox qanunun qəbul edilməsində əhəmiyyətli rol oynamışlar. Misal üçün "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu 20 il müddətində qəbul edilməmiş qalırdı. Lakin partiyamızı təmsil edən deputatlar bu qanunun qəbul olunması üçün beynəlxalq təcrübəni öyrəndi, qanun layihəsinə əlavə və dəyişikliklərlə onun təkmilləşdirib, qəbul olunmasına nail oldu. Bundan başqa, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyətə malik olan "Azərbaycan Respublikasının hərbi doktrinası"nın qəbul olunmasında da partiyamızın deputatlarının böyük əməyi olmuşdur. Bu cür qanunları çox sadalamaq olar. Əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan sivil dövlət olaraq mükəmməl qanunlara malik olsun və bu qanunlar insanların rahatlığını, təhlükəsizliyini, rifahını təmin etsin. Seçiləcəyim təqdirdə, fəaliyyətimi məhz bu istiqamətdə də davam etdirəcəyəm. Məqsədimiz güclü dövlət və vətəndaşların daha yüksək rifahına nail olmaqdır.