Eynulla Fətullayevin adı ətrafında ucuz şounun yaradılması kimlərin sifarişidir?
Son günlər riyakarlıqda, ikiüzlülükdə, simasızlıqda ad çıxarmış Eynulla Fətullayevin adı ətrafinda müəyyən maraqlı qüvvələr ucuz şoular təşkil etməkdədir. Ölkəmizin mühüm bir proses ərəfəsində olduğunu nəzərə alan bəzi riyakar qüvvələr məhz istənilən məsələni siyasiləşdirmək üçün dəridən-qabıqdan çıxırlar. Bu baxımdan da, xarici riyakar təşkilatların və erməni lobbisinin əlində oyuncağa çevrilmiş bəzi şəxslər noyabrın 7-də keçiriləcək parlament seçkisi öncəsi yenidən iyrənc əməllərə əl atıblar. Guya E.Fətullayevə dəstək aksiyası keçirirlərmiş kimi görüntü yaratmağa çalışan riyakarlar "aclıq aksiyası" adı altında müəyyən spekulyasiyalara yol verirlər. Sadəcə olaraq, onların özlərini ifşa edən bu cür əməlləri Müsavat partiyasının qərargahında keçirilən qondarma aksiyada bir daha açıq şəkildə nümayiş etdirildi.
Qeyd edək ki, Ermənistan xüsusi xidmət orqanlarının əlində oyuncağa çevrilən Eynulla Fətullayevin Azərbaycanda destruktiv və antimilli fəaliyyətinin müdafiəsinə yönələn kampaniyadan hiddətlənən bir qrup Xocalı sakini dünən Bakı Apelyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçirib. E.Fətullayevin azadlığa buraxılmasının əleyhinə şüarlar səsləndirən Xocalı sakinləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi keçmişinə, ərazi bütövlüyünə mənəvi zərbə vurduğunu bəyan ediblər.
Etiraz aksiyasında E.Fətullayevin antimilli fəaliyyətinə qarşı barışmaz mövqe tutan Xocalı sakinləri vətən xaini adlandırılan birisinin Azərbaycan vətəndaşlığından çıxarılması tələbini də irəli sürüblər. E.Fətullayevin azadlığa buraxılmasının əleyhinə olduqlarını növbəti dəfə nümayiş etdirən Xocalı sakinləri hesab edir ki, xarici havadarlarının sifarişini yerinə yetirən vətən xaininin müdafiəsinə yönələn kampaniyanın arxasında məlum maraqlı qüvvələr dayanmaqdadır.
Radikal müxalifət mətbuatı ilə yanaşı, erməni xüsusi xidmət orqanlarının nəzarətində olan çoxsaylı elektron nəşrlərdə E.Fətullayevin fəaliyyəti əleyhinə siyasi don geyindirilməsi, Ermənistanın yaratdığı qondarma rejimin fəal təbliğatçısının "demokratik prinsiplər əsasında", "söz azadlığının carçısı" kimi təbliğ olunması bir sıra qaranlıq məqamlara aydınlıq gətirir. Qeyd edək ki, 2005-ci ildə dərc etdirdiyi "Qarabağ gündəlikləri" yazısında yüzlərlə Xocalı sakini ilə görüşməsi, faciənin başvermə səbəblərini "araşdırması" və "aşkara çıxarması" barədə uydurmaları ilə qondarma Dağlıq Qarabağda özünün erməni təsiri altına düşdüyünü nəinki gizlətməyərək, Qarabağda olduğu ilk gündən Azərbaycan mətbuatını doldurmuş və insanlarımızın stereotip düşüncələrinə səbəb olmuş dezinformasiyalarından "xilas" etməyə çalışıb.
Anti-azərbaycançı şəbəkələr tərəfindən idarə olunan E.Fətullayevi müdafiə edən siyasi qurumlar, QHT-lər, mətbuat orqanları bununla erməni lobbisinin maliyyəsi hesabına Azərbaycana qarşı fəaliyyət göstərən xarici təşkilatların və dairələrin fəaliyyətini gerçəkləşdirir. 2007-ci ilin aprelində Xocalı sakinlərinin kütləvi etirazından sonra E.Fətullayevin təkzibolunmaz faktların köməyi ilə ifşa olunaraq həbs olunması özünü on minlərlə azərbaycanlının qanına əlini batırmış, Xocalı soyqırımını törətmiş bir xalqın nümayəndəsi ilə bir sırada qoyurdu. 2005-ci ildə yazdığı "Qarabağ gündəliyi" adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılaraq, 2 il 6 ay həbs cəzası verilib. Həbsdən sonra isə E.Fətullayev əlavə ittihamlarla 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ayrı-ayrı anti-azərbaycançı şəbəkələr tərəfindən idarə olunan və özünün müdafiəsinə yönələn kampaniyadan yararlanaraq, diqqəti növbəti dəfə öz üzərinə çəkmək üçün 2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlandı. Bununla əlaqədar ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak həddindən artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb. İş üzrə təyin edilmiş məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E.Fətullayevdən götürülən analiz nümunələrində "Diasetil-morfi" (heroin), "Amfetaminil" narkotik vasitələri və "Flunitrozepam-M" psixotrop maddəsi aşkar edilib. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs E.Fətullayevdə narkotik vasitə olan "Diasetil-morfi", "Amfetaminil" və psixotrop dərman vasitəsi olan "Benzodiazepin"dən istifadə halları olub, lakin müayinə zamanı E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyənləşdirilib. Bu baxımdan beynəlxalq diqqəti öz tərəfinə çəkmək üçün E.Fətullayevin bu fəaliyyəti cəmiyyət tərəfindən də gözlənilən idi.
Nəticədə isə öz həbsinə siyasi don geyindirməklə legitimləşdirməyə çalışan E.Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadəetmə halları nəzərə alınaraq narkoloji-profilaktik qeydiyyata alınaraq, cari ilin iyulunda Qaradağ rayon məhkəməsi onun daha 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Təqsirləndirilən şəxs rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verib və hazırda Bakı Apellyasiya Məhkəməsində jurnalistin şikayətinə baxılır. Bununla yanaşı, cari ilin aprelində isə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi həbsdə olan E.Fətullayevin Azərbaycana qarşı şikayəti əsasında qəbul etdiyi qərara əsasən E.Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğunu əsas götürərək, onun dərhal həbsdən azad edilməsini tələb edib. Azərbaycan hökuməti E.Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarından narazı qaldığından Böyük Palataya müraciət edib. Xocalı sakinləri isə qətiyyətlə E.Fətullayevin, onun yerli və xarici müdafiəçilərinin Azərbaycan xalqına və dövlətinə qarşı düşmən münasibətini kəskin tənqid edir, belə hallara qarşı mübarizənin, ictimai qınağın gücləndirilməsinin vacib olduğunu bildirirlər. Onun Xocalı soyqırımı haqqında dəhşətli yalanları erməni dəyirmanına su tökmək, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdi kimi qiymətləndirilir və Ermənistanın, erməni lobbisinin ölkəmizə qarşı informasiya müharibəsinə əməli dəstək məqsədindən qaynaqlanır.