Növbəti uğursuz mitinq şousu
AXCP (i) ilə Müsavatın oktyabrın 17-ə təyin edilən mitinqi onu göstərir ki, radikal düşərgə isə öz seçki təbliğatını yenə "kütləvi aksiya" şouları üzərində qurmaq niyyətindədir. Oktyabr 10-da keçirmək istədikləri müvafiq aksiyanı təxirə salan radikallar bunu növbəti aksiyaya daha yaxşı hazırlaşmaq istəyi ilə izah etsələr də, bu, müxaliflərin özlərinə təsəlli verməsindən başqa bir şey deyil. Yəni, radikalların planlaşdırdıqları mitinqin vaxtını dəyişmələri onların bu məsələ ilə bağlı növbəti şou yaratmaq niyyətindən irəli gəlir. Bu mənada, oktyabrın 17-də keçiriləcəyi bildirilən aksiyanın da təxirə salınması istisna deyil.
Bütün bunlar onu göstərir ki, radikallar bu seçkidə normal, sivil təşviqat aparmaq niyyətindən uzaqdırlar. Seçki prosesinin gedişatı radikalların siyasi reytinqinin həddən artıq aşağı olduğunu göstərir. Aydındır ki, belə vəziyyətdə müxalifət namizədlərinin mütləq əksəriyyəti 1-2 faizdən çox səs toplaya bilməyəcəklər. Çünki bir dairədə cəmi 450 imza toplamaqda böyük çətinlik çəkən AXCP (i)-Müsavat təmsilçilərinin eyforiyaya qapılaraq seçkidə qalib gələcəklərini iddia etməsi olduqca absurd və gülməli görünür.
Belə vəziyyət radikal düşərgədə yenidən qeyri-müəyyənlik və çaşqınlıq yaradıb. Növbəti parlament seçkilərində uğur qazanmaq şanslarının sıfıra bərabər olduğunu anlayan müxalif düşərgə təmsilçiləri, əslində, bununla öz qaçılmaz məğlubiyyətlərini irəlicədən sığortalamaq istəyirlər.
Bəllidir ki, 3-4 nəfəri çıxmaq şərti ilə istənilən halda müxalifətin hər hansı namizədi bu seçkilərdə ciddi uğur qazana bilməyəcək. Bunun səbəbi çox sadədir. Müxalif düşərgəsi, xüsusən, bu düşərgənin radikal qanadı ictimai rəydə özünə kifayət qədər mənfi imic formalaşdırıb. Radikal düşərgəni təmsil edənlər destruktiv fəaliyyətləri ilə ictimaiyyət arasında özlərini tam nüfuzdan salıblar. Bu düşərgənin mənsubları hər dəfə ardıcıl uğursuzluğa düçar olaraq siyasi səhnədə görünməz olanda mitinq şousu ilə gündəmə gəlməyə çalışırlar. Odur ki, AXCP (i)-Müsavat cütlüyünün belə təşəbbüslə çıxış etməsi heç də təsadüfi deyil. Əslində, müvafiq seçki blokunun təmsilçiləri bununla düşərgə daxilində yaşanan siyasi böhrandan diqqəti yayındırmaq istəyirlər.
Məhdud saylı elektoratını tamamilə itirən müxalif düşərgəyə ictimai rəydə böyük apatiya hökm sürür. Vaxtilə müxalif partiya rəhbərlərini fanatcasına müdafiə edənlər belə, bu gün onların davranışlarına və fikirlərinə biganədirlər. Sadə insanlar isə radikalların bu qəbildən olan qeyri-ciddi çağırışlarını birmənalı şəkildə rədd edir. Başqa sözlə, cəmiyyət belə çağırışlara tamamilə laqeyd və biganədir. Bu düşərgənin təmsilçiləri isə populist tənqiddən və qeyri-real, aldadıcı vədlərdən uzağa getmirlər.
Bəlli olduğu kimi, AXCP (i)-Müsavat blokunun təmsilçiləri seçki təbliğatı ilə bağlı kütləvi aksiyalar keçirmək niyyətində olduqlarını bəyan ediblər. Nəticə etibarı ilə, radikalların bu qərarı onların ənənəvi destruktiv fəaliyyət taktikasının dəyişmədiyini göstərir. Doğrudur, mitinqlər və bu qəbildən olan digər kütləvi aksiyalar istənilən seçkidə təbliğat-təşviğat kampaniyasının zəruri tərkib hissəsi hesab edilir. Hər bir iddialı siyasi təşkilat, partiya və namizəd öz seçki platformasını seçicilərə çatdırmaq üçün müvafiq üsullardan mümkün qədər yararlanmağa çalışır. Bu, normal, seçki qanunvericiliyi ilə şərtləndirilən adi haldır. Diqqəti çəkən odur ki, müxalifət təmsilçilərinə müvafiq müraciətlərə uyğun şəkildə, qanunvericiliklə müəyyən edilmiş qaydada yer ayrılmasına baxmayaraq, onlar adətən qanunsuz aksiyalar keçirməyə cəhd göstərirlər. Son bir neçə ildə radikallar onlara aksiya keçirmək üçün ayrılan yerlərə getməkdən birmənalı şəkildə imtina ediblər. Bunun müqabilində isə radikallar yalnız təxribat xarakterli aksiyalar keçirməyə çalışıblar, ictimai asayişi pozmağa səy göstəriblər. Radikalların belə aksiyalarında iştirak edənlərin sayı 50-60 nəfərdən çox olmayıb.
Davamlı siyasi aşınma və az-çox nüfuzu olan şəxslərin radikal partiyaları tərk etməsi onların siyasi fəaliyyətinin praktik olaraq iflic vəziyyətinə düşməsinə səbəb olub. İsa Qəmbərov, Əli Kərimov, Mirmahmud Fəttayev, Lalə Hacıyeva, Arif Hacıyev və digərləri qeyri-sağlam iddiaları, barışmaz müxalifətçilik ovqatı ilə yaxınlarını, dostlarını, keçmiş tərəfdarlarını özlərindən birdəfəlik uzaqlaşdırıblar.
İndi Müsavat başqanı və digər radikal partiya sədrləri üçün yüz nəfəri bir yerə toplamaq belə əməlli-başlı problemə çevrilib. Adi bir iclas keçirmək üçün adam tapa bilməyən müxalif partiya sədrlərinin ən azı, 200-300 insanın iştirak etdiyi kiçik bir mitinqin keçirilməsinə nail olacağı inandırıcı görünmür. İndi işsiz-gücsüz adam tapmaq da olduqca çətindir. Bu səbəbdən, köhnə üsulla - muzd ödəməklə də kimisə küçəyə çıxarmaq mümkün deyil.
Müasir dünyada kütləvi aksiyalar sivil siyasi mübarizə vasitəsi sayılır. Bu mənada, hər bir vətəndaşın öz siyasi baxışlarını bəyan etmək hüququ var. Lakin kütləvi etiraz aksiyaları, küçə yürüşləri və siyasi azadlıqlar sivil dünyada qəbul olunmuş digər prinsiplərin, məsələn, vətəndaşların əmlak, istirahət, şərəf və ləyaqətinin toxunulmazlığı hüquqlarının pozulmasına rəvac verməməlidir. Ölkəmizdə fəaliyyət göstərən müxalif siyasi partiyaların davranışına, mübarizə metodlarına, təbliğata və səsləndirdiyi siyasi şüarlara nəzər saldıqda, açıq görünür ki, onlar söz, fikir azadlığı haqqında yanlış, birtərəfli təsəvvürə malikdirlər. Bu baxımdan, radikal düşərgənin ideoloji cəhətdən aşınmasında, elektorat baxımdan həddən artıq zəifləməsində qeyri-adi heç nə yoxdur.
Bütün bunlara rəğmən, AXCP (i) ilə Müsavat partiyasının təşkil etmək istədiyi "birgə" aksiyaların hər hansı effekti olmayacaq. Radikal düşərgədə mövcud olan vəziyyət tam əminliklə deməyə əsas verir ki, onlar nə ideya-siyasi, nə də təşkilati baxımdan mitinqlərə hazır deyillər. Beləliklə, radikalların mitinq taktikasının uğursuz sonluğu irəlicədən görünür.