Bütün yaradılmışların ən alisi olan insanın özünəməxsus keyfiyyətlərlə digər canlılardan üstün olduğu açıq şəkildə isbatlanıb. Di gəl ki, bu ali varlıq da, həyatının müəyyən dövrlərində sınaqlardan heç də, üzüağ çıxa bilmir. Çünki iradə və tamah burada özünün bütün parametrlərini çılpaqlığı ilə aşkara çıxarır. İradəli və dözümlü insan həyatın sınaqlarından üzüağ çıxaraq, idrakın ən yüksək pilləsində qərar tutur. Amma təəssüflə qeyd etməliyik ki, uca Yaradan tərəfindən onlara verilmiş möhləti bəzi insanlar qiymətləndirə bilmirlər. Şəxsiyyətin deqradasiyası, kimliyin tanınması insan faktorunun qiymətləndirilməsində əsas amildir. Bu gün bizi əhatə edən mühitdə, içərisində olduğumuz cəmiyyətdə insanların keyfiyyət çalarları açıq şəkildə sezilir. Prinsiplər və mahiyyətlər göstərir ki, insan kimliyini itirəndə, deqradasiya olunanda, daha böyük faciələr yaranır. Buna bir əsaslı fakt kimi Rauf Arifoğlunun simasında şəxsiyyətin itirilməsi müstəvisində böhranlı münasibəti göstərmək tam təsdiqini tapmış olur. Çünki bu şəxs ancaq istək və arzuları rakursundan kənarda bir meyar görmür. Onun üçün hər şey, hər bir amil beyin düşüncəsinin deyil, tamahkarlıq məntiqindən doğur. Bu baxımdan da, R.Arifoğlu şəxsiyyəti ətrafında baş verən proseslərə və onun özü tərəfindən yaranan münasibətlərə qiymət verərkən, bu amilləri unutmamaq lazımdır. Amma bunun daha pisi və faciəli cəhəti ondan ibarətdir ki, cəmiyyət üçün təhlükəli olan bu cür fiqurlar siyasətlə məşğul olmaq iddiasına düşür. Onun kimilərin siyasətlə məşğul olub, cəmiyyət üçün müəyyən "konturlar" cızması böyük faciənin başlanğıcı hesab olunur. Bu proses o zamana qədər baş verə bilər ki, cəmiyyət R.Arifoğlu kimilərə diqqət etsin. Çox şükürlər olsun ki, nə bu gün, nə də ki, dünən cəmiyyətimiz bu şəxslərə meydan verməyib. R.arifoğlular iştahaya düşüb siyasi arenada meydan sulamağa başlayanda, ona həmişə layiq olduğu yer göstərilib. Amma nə fayda ki, bu cür şəxslərə zurna-balabanla belə həqiqəti başa salmaq olmur.
Qeyd etdiyimiz kimi, bu tip insanlar hər şeyə ancaq öz prizmalarından yanaşırlar. Onlar üçün medalın arxasının və qabağının heç bir fərqi yoxdur. Təki medal olsun. Özü də, hazır halva. R.Arifoğlunun düşüncəsi də, məhz bu yanaşmadan uzağa getmir. Eyni zamanda, vurğulayaq ki, bu insanda açıq xəstəlik nümunələri son günlər daha qabarıq tərzdə özünü göstərir.
Xarici dairələrin icazəsi ilə nəfəs alan R.Arifoğlu elə onların diqtəsi ilə də, bu ilin payızında keçiriləcək parlament seçkilərinə qatılmaq iddiasına düşüb. Abır-həya etmədən əcnəbi təşkilatların diktəsi ilə seçkiyə qatıldığını bildirən R.Arifoğlu cəmiyyətin onu dəstəkləməyəcəyi təqdirdə, onların bu hala münasibətinin yaxşı olmayacağını da iddia edir. Saçından-saqqalından utanıb-ar etməyi belə bacarmayan R.Arifoğlu parlament üzvlüyünə seçilmək üçün əcnəbi qağalarının sifariş ilə son zamanlar bir sıra hoqqalara da əl atıb. Belə ki, ölkədə mövcud olan seçki qanunvericiliyinin tələb və prinsiplərinə məhəl qoymayaraq, əl-qolunu açıb seçki təbliğatı başlamamışdan "iş"ə başlayan R.Arifoğlu, bu məqamda da, xarici havadarlarının göstərişlərindən əl çəkmək istəmir. Ona görə də tamamilə deqradasiyaya uğramış bu tipin axırı nə olacaq, bilinmir? Bu sual elə onun özü üçün də, hələ qaranlıq qalmaqdadır. Sadəcə olaraq, bir el məsəlində deyildiyi kimi, "dəyirman öz işindədir, çax-çax baş ağrıdır" prinsipi bu yerdə bəlkə R.Arifoğlunun karına gəldi. Amma bir faktı da unutmayaq ki, belə bir məqamda onun gözünə elinin ağsaqqalı, ağbirçəyi görünmür. Qaldı ki, onlar tərəfindən çəkilmiş misallar.
Amma görünən odur ki, zaman-zaman Azərbaycan cəmiyyəti bu kimi şəxslərə öz yerini necə göstəribsə, R.Arifoğlu, deyəsən, növbəti dəfə bu qiymət üçün yaman darıxıb. Əgər belə bir hal olmasaydı, yəqin ki, R.Arifoğlu burnunu başı girməyən yerlərə uzatmazdı.
P.S. Bu yazıda daha çox Rauf Arifoğlunun düçar olduğu xəstəlik, onun şəxsi keyfiyyətləri barəsində müəyyən məqamlara işıq salmağa çalışdıq. Növbəti araşdırmalarımızda onun erməni lobbisi ilə gizli əlaqələri, ən qatı cinayətkarlarla iş birliyi, cinayətkar aləmdə ad çıxarmış şəxslərlə münasibətləri barəsində həqiqətləri izləyin.