PDF Oxu

Müxalifət

  • 21

Uğursuz müxalifətin uğursuz seçimi

Uğursuz müxalifətin uğursuz seçimi
Məlum olduğu kimi, "AXCP (i)-Müsavat" blokunun təmsilçiləri seçki təbliğatı ilə bağlı kütləvi aksiyalar keçirmək niyyətində olduqlarını bəyan etmişdilər. Keçirdikləri toplantıda bildirmişdilər ki, oktyabr ayının 10-da ilk aksiyanı keçirəcəklər. Bir də radikalların belə bir qərar qəbul etməsi nə birincidir, nə də sonuncu. Bu isə, onu göstərir ki, hələ də radikallar ənənəvi taktikalarını dəyişməyib. Görünür, radikal düşərgənin mənsubları destruktiv siyasi fəaliyyətdən geri çəkilmək niyyətində deyillər.
Doğrudur, mitinqlər, aksiyalar keçirmək istənilən seçkidə təbliğat-təşviqat kampaniyasının zəruri tərkib hissəsi sayılır. Ancaq qanuni şəkildə. Lakin radikal müxalifət isə bütün seçkiərəfəsi təxribat məqsədi ilə aksiyaları keçirmək istəyini nümayiş etdirib, qanunvericiliklə müəyyən edilmiş qaydada yer ayrılmasına baxmayaraq, adətən, qanunsuz aksiyalar keçirməyə cəhd göstəriblər. Elə son bir neçə ildə radikalların onlara aksiya keçirmək üçün ayrılan yerlərə getməkdən birmənalı şəkildə imtina etmələri deyilənləri bir daha təsdiqləyir. Ən maraqlısı da odur ki, böyük meydanlar arzusunda olan radikalların bu aksiyalarında iştirak edənlərin sayı 50-60 nəfərdən çox olmayıb. Sosial bazalarının olmamasını ört-basdır edən radikallar son anda təxribat yaratmaq, hay-küy qaldırmaq istəsələr də, bu cəhdlərinin qarşısı hüquq-mühafizə orqanları tərəfindən dərhal alınıb.
Görünür, radikal düşərgə bu dəfə də öz seçki təbliğatını yenidən mitinq şouları üzərində qurmaq niyyətindədir. Müsavat funksioneri Sahib Hümbətov, Razim Sarıyev "Səs"ə verdikləri açıqlamalarında bildiriblər ki, İ.Qəmbərov bütün hallarda xarici maraqlı qüvvələrin qulu olub. Bu gün də, o vəziyyət davam edir: "İsa Qəmbərov həmişə öz çirkin niyyətləri ucbatından mənsub olduğu düşərgədə olan şəxsləri də çıxılmaz duruma salıb. Bu şəxs, demək olar ki, müxalifət düşərgəsində ən iyrənc simalı bir fiqurdur. Onun istənilən formada pafoslu çıxışı, sadəcə olaraq, sifarişçinin niyyəti ilə eynilik təşkil etmiş olur. Bu baxımdan da, Müsavat başqanlığında qaldığı müddətdə də, İ.Qəmbərov hər şeyi şəxsi maraqlarına qurban verməli olub. Elə bu səbəbdəndir ki, bu gün Müsavat partiyası ömrünün son baharını yaşamaqdadır. İ.Qəmbərov xarici havadarlarının göstərişlərinə uyğun olaraq partiyasında təmsil olunan üç-beş nəfər gənci və təsisçisi olduğu "Yeni Müsavat" qəzetinin əməkdaşlarını ötən ay metro stansiyalarının qarşısında hay-küy salmağa göndərməklə özünün iç üzünü bir daha açıb göstərmiş oldu. Oktyabrın 10-da keçirmək istədiyi aksiyaya heç o 5-10 nəfəri də tapa bilmədi. Belə olan halda, baş tutmayan növbəti aksiyaya kimləri çağıracaq?".
Bu, onu göstərir ki, radikallar ənənəvi amplualarına sadiq qalaraq, təbliğat barədə deyil, təxribat barədə düşünürlər. Başqa sözlə, onlar bu seçkidə normal, sivil təşviqat aparmaq niyyətindən uzaqdırlar. Bəllidir ki, 3-4 nəfəri çıxmaq şərti ilə istənilən halda müxalifətin hər hansı namizədi bu seçkilərdə ciddi uğur qazana bilməyəcək. Bunun səbəbi çox sadədir. Müxalif düşərgəsi, xüsusən, bu düşərgənin radikal qanadı ictimai rəydə özünə kifayət qədər mənfi imic formalaşdırıb. Mitinq şousu ilə gündəmə gəlməyə çalışan AXCP (i)-Müsavat cütlüyü üçün yüz nəfəri bir yerə toplamaq da əməlli-başlı problemə çevrilib. Bu günlərdə Müsavat başqanı bildirib ki, oktyabrın 17-də "möhtəşəm" mitinq keçirəcəklər. Bu yerdə İ.Qəmbərovdan soruşmaq istərdik ki, oktyabrın 10-da da "möhtəşəm" mitinq keçirmək istəyirdiniz. Səhər saat 12-yə kimi heç 15 nəfər toplaya bilmədinizsə, yenidən utanmadınız, bir də mitinq keçirmək arzusundasınız? Adi bir iclas keçirmək üçün adam tapa bilməyən müxalif partiya sədrlərinin ən azı, 200-300 insanın iştirak etdiyi kiçik bir mitinqin keçirilməsinə nail olacağı inandırıcı görünmür. Bir də, indi işsiz-gücsüz adam tapmaq da olduqca çətindir. Bu səbəbdən ənənəvi üsulla - muzd ödəməklə də kimisə küçəyə çıxarmaq mümkün deyil. Digər tərəfdən, artıq bu gün sizin siyasi mübarizə taktikanız sosial sifarişin tələbləri ilə daban-dabana ziddir. Odur ki, indiki halda isə müxalifətin kütləvi tədbirləri təşkil edə biləcəyi sual altındadır. Bunun ən başlıca səbəbi müxalifət partiyalarının sədrlərinə qarşı olan inamsızlıqdır. Müxalifətin keçirilən bütün seçkilərdən məğlub çıxması hazırda cəmiyyətin aksiyalara maraq göstərməyəcəyini deməyə əsas verir.
Bütün bunlara rəğmən, AXCP (i) ilə Müsavat partiyasının təşkil etmək istədiyi "birgə" aksiyaların hər hansı effekti olmayacaq. Odur ki, radikalların mitinq taktikasının uğursuz sonluğu irəlicədən görünür.

Digər xəbərlər