PDF Oxu

Müxalifət

  • 17

MÜXALİFƏTİN MİTİNQ ŞOUSU İFLASA UĞRAYACAQ

MÜXALİFƏTİN MİTİNQ ŞOUSU İFLASA UĞRAYACAQ

Hər bir istək və arzunun reallaşması üçün lazımdır ki, münbit şərait olsun və iddialarla imkanlar üst-üstə düşsün. Əks halda, qarşıya qoyulan məqsədlərə nail olmaq qeyri-mümkündür. Xüsusilə də, siyasi maraqların həyata keçirilməsi baxımından imkanların iddialara uyğun olmaması həmin şəxsin arzusunun reallaşmamasına və siyasi düşərgədə ləkələnmiş imic qazanmasına rəvac ola bilər. Misal olaraq, bu cür halların müxalifət düşərgəsində təmsil olunan partiya funksionerlərinin iddiaları ilə imkanlarının üst-üstə düşməməsi səbəbindən bütün seçki proseslərində məğlubiyyətə düçar olmaları ilə cəmiyyətdə rüsvay olmalarını göstərmək olar. Amma siyasi prosesləri bir o qədər izləyə bilməyənləri daim bir sual düşündürüb:Məğlubiyyət onların alın yazısıdırsa, nədən siyasətdədirlər və böyük iddialarda çıxış etməkdədirlər? Birmənalı təsdiq edilmiş fakt ondan ibarətdir ki, radikal müxalifəti siyasətdə qalmağa və ara-sıra populist bəyanatlarla çıxış etməyə xarici maraqlı qüvvələr təhrik edir. Hansı ki, onlar Azərbaycanın dünya xəritəsində yerinin və rolunun möhkəmlənməsinə qısqanclıqla yanaşır, mümkün qədər çalışırlar ki, sapı özümüzdən olan baltalar vasitəsi ilə bu nailiyyətləri pərdələsinlər.
SAKİT ABDULLAYEVİN İTTİHAMLARINI MİRZƏ SAKİT DƏ TƏSDİQLƏDİ

Müxalifətin radikal qanadı müəyyən xarici qüvvələrlə əlaqələrini Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd qurmaqla, həyata keçirməkdən belə çəkinmirlər. Xatırlatmaq lazımdır ki, AXCP (i) sədri Əli Kərimovun "Gənclər siyasəti"nin qurbanlarından olan partiyanın gənclər birliyinin üzvü Ruslan Bəşirli Gürcüstanda Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa razılıq verib, onlardan 2000 ABŞ dolları alarkən ifşa olunmuşdur. Sonradan yeni bir fakt - Rusiya hərbi sənayesində zavod rəhbərlərindən olan Sakit Abdullayev adlı şəxsin AXCP (i)-yə, xüsusilə də, Ə.Kərimova külli miqdarda maliyyə vəsaiti verdiyinə dair məlumatlar ortaya çıxdı. Ə.Kərimovun qərəzli təbliğat maşını olan "Azadlıq" qəzeti yazılan məlumatları təkzib etməyə çalışsa da, S.Abdullayevin özünün informasiya agentliklərindən birinə verdiyi müsahibəsində "Azadlıq" qəzetinə və AXCP (i) sədri Ə.Kərimova külli miqdarda maliyyə yardımları etdiyini bildirdi: "Təəssüf ki, verdiyim pullar yalnız şəxsi problemlərinin həllinə sərf olunub. Əməkdaşlara isə cüzi vəsaitlər ödənilib".
S.Abdullayevin Ə.Kərimovu maliyyə maxinasiyalarında günahlandırması faktlarını "Azadlıq" qəzetinin köşə yazarı Mirzə Sakit də təsdiqləyib. Onun bu günlər mətbuata verdiyi açıqlamasında bildirilir ki, Ə.Kərimov ona çatmalı olan 10 min avronu mənimsəyib: "Azadlıq" qəzetinə Gerd Butserius Fondunun "Şərqi Avropada azad mətbuat" pul mükafatı veriləndə, mən həbsdə idim. Təşkilatın əməkdaşları bizim evdə olublar və o zaman bu mükafatın 10 min avrosunun mənə verildiyini bildiriblər. Telefon danışığı zamanı AXCP (i)-nin sədri Əli Kərimov da mənə dedi ki, Norveçin verdiyi mükafatın on mini sənindir. Lakin sonralar Əli bəy bu sözünü dandı və dedi ki, mən bu pulu deməmişəm, başqa mükafatdan danışırdım. Amma nədənsə Əli Kərimov bu günə qədər söhbətin hansı puldan və mükafatdan getdiyini mənə deməyib. O zaman bu pulu cibinə basmaq istəyənlər öz adlarını mənə qoyub aləmə car çəkdilər ki, Mirzə Sakit pula göz dikib".
M.Sakit qeyd edir ki, son bir ildə üst-üstə "Azadlıq" qəzetinə 100 min manatdan çox pul gəlib. Ancaq qəzetin gəliri şəffaf olmadığından və şəffaflığa nəzarət mexanizmi olmadığından, bu pulları işçilər görməyib: "Bu müxalifətin ədalətsizliyidir. Müxalifət rəhbərliyinin "dillənmə", "səsini çıxarma", "öz içimizdə qalsın", "aha, bu iqtidardı, bunu qışqıra-qışqıra demək gərəkdi" yanaşması çox rəzil və rüsvayedicidir. Bu riyakarlıqdır, buna haqq mübarizəsi və ümumiyyətlə, mübarizə demək mümkün deyil".

MALİYYƏ DƏSTƏYİ 2003-CÜ İL 15-16 OKTYABR İĞTİŞAŞLARINA SƏBƏB OLDU
Müxalifət liderlərindən biri hələ 2000-ci ilin parlament seçkiləri ərəfəsi rəqiblərinə ünvanlanan ittihamlarında "pul qoyub, pul götürmək olar, ancaq pul qoyub, siyasətdə uğur qazanmaq olmaz" demişdir. Doğurdan da pulu ilə güvənən partiya lideri sonradan siyasi iflasa uğadı və rəhbərlik etdiyi partiyanın parçalanmasına səbəbkar oldu. Amma pulun gücünə iğtişaşlar törətməyə cəhd etməklə xarici ağaları qarşısında öyünməyə səylər göstərən partiya funksionerləri var. Məhz xaricdən ayrılan maliyyə vəsaitinin gücü ilə radikal müxalifət 2003-cü il 15-16 oktyabr iğtişaşlarını və 2005-ci il 26 oktyabr qarşıdurmasını həyata keçirməyə cəhd göstərdi. Sonrakı mərhələdə, xüsusilə də, 2008-ci prezident və 2009-cu il bələdiyyə seçkiləri ərəfəsi də radikal müxalifət mitinqlər yolu ilə ictimai-siyasi sabitliyi pozmağa səylər göstərmişdir. Ancaq cəmiyyət tərəfindən onların məkrli planlarının ifşa olunması niyyətlərinin iflasa uğramasına səbəb oldu.

GERD BUTSERİUS FONDUNUN AYIRDIĞI 235 MİN DOLLARA MİTİNQ ŞOUSU

Bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq işlərinin aparıldığı bir vaxt da radikal müxalifət yenidən ənənəvi ampluasında görünməyə başlayıb. İndidən iddia olunur ki, onlar seçkilərin təbliğat-təşviqat kampaniyasına icazəsiz mitinqlərlə başlayacaqlar. Niyə məhz icazəsiz? Nədən sivil yolla deyil, küçə təfəkkürü ilə? Birmənalı cavab ondan ibarətdir ki, müxalifət xaricdən güclü tapşırıqlar alıb. Təbii ki, maliyyə yardımları müqabilində. Verilən məlumata görə, Norveçin Gerd Butserius Fondu AXCP (i) sədr müavini Razi Nurullayev vasitəsi ilə Ə.Kərimova 235 min dollar vəsait verib. Məqsəd də mitinqlər keçirməklə mümkün qədər sabitliyin pozulmasında müəyyən gücə malik olduqlarını sərgiləməkdir. Bu barədə məlumat verən mənbənin dediyinə görə, ümumilikdə, mitinqlərin iğtişaşlara çevrilməsi üçün ayrı-ayrı xarici fondlar tərəfindən yalnız Müsavat-AXCP (i) blokuna 1 milyon 600 min dollar ayrılıb.

Digər xəbərlər