Bəzi təşkilatların “Eynulla şousu” davam edir
Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca, ölkə ictimaiyyətinin əsas diqqəti seçkilər və seçki ətrafında gedən proseslərə yönəlib. Qeyd edək ki, müxalifət partiyaları seçkilərdə aktiv şəkildə iştirak etmək iddiası ilə çıxış etdiklərindən, onlar başqa vaxtlarda özləri üçün ənənəvi mövzuya çevirdikləri bəzi məsələlərdən danışmağı da bir qədər arxa plana keçiriblər.
Bu da, təbii ki, həmin mövzuların daim gündəmdə qalmasına maraqlı olan və bunun üçün pul xərcləyən xarici dairələri narahat etməyə bilməz. Təbii ki, bu məsələlər sırasında "Eynulla Fətullayev mövzusu" öndə gəlir.
Məsələ burasındadır ki, Eynulla Fətullayevin həbsi ətrafında "şou" yaradan müxalifət bu vaxta qədər hökuməti müxtəlif məsələlərlə bağlı ittiham edərək, guya ölkədə söz və mətbuat azadlığı, jurnalistlərin hüquqlarının pozulması iddiası ilə çıxış edirdilər. Hətta bir sıra siyasi partiyalar və hüquq müdafiəçisi adı altında beynəlxalq təşkilatlara agentlik etmək funksiyasını üzərinə götürən bəzi hüquq müdafiəçiləri bu təşkilatlara qalaq - qalaq məktublar göndərərək, Eynulla Fətullayevin adı ətrafında yaratdıqları "şou"dan həm də öz cibləri və siyasi məqsədləri üçün yararlanmağa çalışsalar da, seçkilər ərəfəsində bu məsələ bir qədər arxa plana keçirilib.
Amma bu, heç də o demək deyil ki, müxalifət nümayəndələri daimi pul mənbəyinə çevirdikləri "Eynulla mövzusu"ndan imtina ediblər. Qətiyyən bu, belə deyil. Sadəcə olaraq, məsələ burasındadır ki, seçkilər ərəfəsində bu mövzunu gündəmə gətirmək müxalifətə sərf etmir. Çünki Eynulla Fətullayevin kimliyi Azərbaycan ictimaiyyətinə bəllidir. Bu şəxsin adı gələndə sadə Azərbaycan vətəndaşının gözü qarşısına, onun Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edərək, əli onlarla azərbaycanlının qanına batan, onlarla qız-gəlinimizin şərəfinə ləkə gətirməyə çalışan, insanlığa sığmayan bir çox cinayətlərə müəlliflik etmiş erməni əsgərlərinin xatirəsinə erməni kilsəsində şam yandırmasına dair kadrlar canlanır. Yaxud da, bu insanın adı çəkiləndə, insanın yadına ilk olaraq, onun ermənilərin və xaricdəki bəzi antiazərbaycan yönümlü təşkilatların hesabına Ermənistana və Dağlıq Qarabağa səfər edərək, orada aldığı xoş təəssüratlardan sonra gəlib "Qarabağ gündəliyi" yazaraq Xocalı soyqırımını guya azərbaycanlıların özlərinin törətdiyinə dair fikirlərini zorla cəmiyyətə sırımaq cəhdləri düşür. Təbii ki, Eynulla Fətullayevin siması və əməlləri Azərbaycan ictimaiyyətinə yaxşı bəlli olduğundan, seçki ərəfəsində "Eynulladan danışmaq" müxalifətə sərf etmir. Çünki belədə seçkilərə qatılmaq üçün əhalidən 450 imza toplaya bilməyən müxalifət təmsilçilərinin Azərbaycan xalqına xəyanət edən bir insanı müdafiə edən bəyanatlarını davam etdirməsi sonradan onun özü üçün də məhz Eynullanın imici kimi imic yarada biləcəyini onlar özləri çox gözəl başa düşürlər. Odur ki, seçkilər ərəfəsində bu "mövzudan" bir qədər az danışırlar. Amma bu da "Eynulla mövzusu"nun daim gündəmdə qalmasına maraqlı olan xarici təşkilatların maraqları ilə üst-üstə o qədər də düşmür.
Məsələ burasındadır ki, illərdən bəri pul tökərək, Azərbaycanda özlərinə Eynulla kimi "kadr" hazırlayan xarici təşkilatlar, nəyin bahasına olursa - olsun, "kadrları" nı əldən verməməyə çalışırlar. Odur ki, seçki ərəfəsində Eynulla Fətullayevlə bağlı gah hansısa film çəkdirilir, gah da xarici təşkilatların hesabına fəaliyyət göstərən "Azadlıq" radiosunda hansısa təbliğati işlər aparılır ki, bu mövzu "unudulmasın".
Amma xaricilərin Eynulla barəsində zəhmət və xərc çəkib film çəkdirməsi, çox güman ki, bir şeyə yaramayacaq. Ən azından, ona görə ki, onun barəsində Mirşahin Ağayevin çəkdiyi film. artıq hətta ictimai-siyasi proseslərə maraq göstərməyən sadə Azərbaycan tamaşaçısı üçün bu insanın mahiyyətini açıb göstərib. Odur ki, xarici təşkilatların Eynulla barəsində, onun Azərbaycanda söz və mətbuat azadlığının qoruyucusu obrazının yaradılması, jurnalist kimi həbs olunması və hüquqlarının pozulduğuna dair iddiaları üzərində pul töküb film çəkdirməsi daha çox "daldan atılan daş"a bənzəyir.
Vüsalə RAFİQQIZI