PDF Oxu

Müxalifət

  • 15

Siyasi partiyalar seçkiyə necə hazırlaşır

Siyasi partiyalar seçkiyə necə hazırlaşır

Artıq parlament seçkilərinin keçirilməsinə bir ay qalıb. Yeni Azərbaycan Partiyası seçkiyə hazırlıq prosesini yüksək səviyyədə həyata keçirir. Seçkiyə bir ay qalmasına baxmayaraq, hakim Yeni Azərbaycan Partiyası öz işini peşəkar səviyyədə qurub. Seçki ilə əlaqədar partiya müvafiq proqram hazırlayıb və məsələ siyasi qurumun seçkili orqanlarında müzakirə edilib. Bundan başqa, yerlərdə rayon-şəhər təşkilatları tərəfindən toplantılar keçirilir, seçki qərargahı yaradılır, namizədlərin müəyyənləşdirilməsi prosesi aparılır. Ən əsası isə aparılan işlərlə bağlı, mütəmadi olaraq, KİV vasitəsilə ictimaiyyətə, xalqa informasiya verilir. Bu məqam həm də Yeni Azərbaycan Partiyasının cəmiyyətə açıq, şəffaf fəaliyyətindən və siyasi təşkilatın xalqa arxalandığından xəbər verir.
Təbii ki, hər zaman seçkinin taleyini seçicilərin səsi həll edir. Bu mənada, Yeni Azərbaycan Partiyasının üstünlüyü böyükdür. Xalqın partiyası sayılan və ümummilli lider Heydər Əliyev ideyalarına söykənən Yeni Azərbaycan Partiyası, hər zaman olduğu kimi, bu dəfə də öz seçicilərinin səsini qazanacağına inanır. Təbii ki, bu iddianın səsləndirilməsini şərtləndirən səbəblər var. Hər bir seçkidə xalqın yüksək səsini qazanan Yeni Azərbaycan Partiyası öz elektorat gücünə inanır. Ulu öndər Heydər Əliyev ideyalarının üzərində bərqərar olmuş Yeni Azərbaycan Partiyası hər zaman inkişafı hədəfləyir. Bu mənada, təşkilat bu il keçiriləcək seçkidə gənclərin iştirakını xüsusi olaraq önəmli sayır. Bu isə, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun göstəricisidir. Bu amilləri nəzərə aldıqda, Yeni Azərbaycan Partiyasının hər zaman olduğu kimi, budəfəki seçkidə də yüksək səs toplayacağı və qələbə əldə edəcəyi şübhəsiz görünür.

Müxalifət düşərgəsində ölü sükut

Ancaq eyni fikirləri əks-qütb haqqında qeyd etmək mümkün deyil. Seçkiöncəsi, nəinki hazırlıq prosesi aparan, ümumiyyətlə, bu barədə öz nəzarətlərindəki qəzetlərdə danışmağı belə özünə "rəva bilməyən" düşərgə təmsilçilərinin, əslində, deməyə sözü yoxdur. Bu ölü sükutu da şərtləndirən bir neçə səbəb var. Uzun illərdir seçkiyə hazırlıq prosesini yalnız pafoslu fikirlərlə, yalanlarla pərdələmək istəyən müxlifət artıq dərk edir ki, onun bu "planlar"ı işləmir. Cəmiyyət açıq şəkildə görür ki, hər hansı bir problemin aradan qaldırılması istiqamətində proqrama malik olmayan, yalnız partiyadaxili xırda intriqalarla gündəmdə qalmaq istəyən, milli maraqları şəxsi mənafeyə qurban verən müxalifət qüvvələri, müəyyən maddiyyatın qarşılığında hətta dövlətin imicini fikirləşmədən hansısa xarici siyasi, qüvvənin əlində oyuncağa çevrilməyi belə "bacarır". Müxalifətin ən böyük problemi inkişafa meyil etməməsi, yalnız avtoritar partiya strukturlaşmasına üstünlük verməsidir. Məhz bu cür prinsipsizlik, şəxsi mənafe uğrunda mübarizə, korporativ maraqlar son nəticədə partiyaların özlərinin sıradan çıxmasına, insanların, hətta illərlə bu təşkilatlarda təmsil olunan funksionerlərin üz döndərməsi, oradan uzaqlaşması ilə yekunlaşır. Artıq həmin şəxslər də anlayır ki, bu düşüncə tərzi, bu cür mübarizə yolu ilə heç nəyə nail olmaq mümkün deyil. Bununla yanaşı, hər zaman seçkini "boykot" etməklə millətə, dövlətə, sanki, "hədə-qorxu" gələn radikal müxalifət bunun əsl səbəbini açıqlamaqdan çəkinir. Müxalifət etiraf etmək istəməsə belə, bu fakt artıq hamıya, hətta onların "dəstəkçisi" olan xarici havadarlarına da məlumdur ki, Azərbycanda radikal düşərgənin elektoratı yoxdur. Bu da, bəllidir ki, siyasi partiya məhz seçkilərdə iştirak etmək üçün yaradılır və yaranan qurumun ilkin vəzifəsi seçkilərə qatılıb, uğur qazanmaq, varlığını sübut etməkdir. Amma Azərbaycan müxalifəti sadəcə varlığını qorumaq üçün seçkilərdə iştirakdan imtina edir. Hər zaman olduğu kimi, düşərgənin bu addımları da absurddan başqa bir şey deyil.

Digər xəbərlər