"Demokratik Müsavat" partiyası yaradılır
Bu ilin noyabrında keçiriləcək parlament seçkilərinin vaxtı yaxınlaşdıqca müxalifət düşərgəsində ağır vəziyyət daha gərgin xarakter almağa başlayıb. Artıq əsəblərini cilovlaya bilməyən rəqib partiya sədrləri bir-birini açıq şəkildə söyüb, təhqir etməkdən çəkinmirlər. Xüsusilə də, Müsavat partiyasının MSK-ya Gülağa Aslanlının timsalında nümayəndə göndərməsi İsa Qəmbərova yönələn söyüşlərin dəyərinin bir qəpiyə enməsinə təkan olub. ADP sədri Sərdar Cəlaloğlunun ardınca "Ümid" partiyasının sədri İqbal Ağazadə Müsavat başqanı İ.Qəmbərovu satqınlıqda, xəyanətdə ittiham edib, hakimiyyətə işləməkdə günahlandırıb. Onun dediyinə görə, İ.Qəmbərov hakimiyyətlə razılaşma əsasında MSK-ya nümayəndə göndərib. Bununla, o, Milli Məclisdə yer qazanmağa ümid bəsləyir.
Müsavat partiyasının müəmmalı mübarizə yolu seçdiyi barədə məlumatların yazıldığı bir vaxtda AXCP (i) funksionerləri Müsavat-AXCP (i) seçki blokunun buraxılaraq müstəqil şəkildə seçkilərə qatılması barədə təkliflər irəli sürüblər. Partiyanın sədr müavini Fuad Qəhrəmanlının "Səs"in müxbiri ilə söhbətində dediyinə görə, Müsavat partiyası əldə olunan razılaşmaları kobud şəkildə pozaraq, müqaviləyə uyğun olmayan açıqlamalar yayır, bəyanatlar verir: "Əvvəlcədən deyildiyi kimi, Müsavat partiyası ilə AXCP (i)-nin birləşmək təklifi yanlış ideya olub. Bir qrup AXCP (i)-yə atılmış "desantnik" isə təlimata uyğun olaraq İ.Qəmbərovun maraqlarından çıxış etdi. Zaman göstərəcək ki, birləşmək təklifini kimlər və nə məqsədlə irəli sürüblər. F.Qəhrəmanlı seçkilərin təbliğat-təşviqat kampaniyası zamanı Müsavatın xəyanəti ilə üzləşə biləcəklərini nəzərə aldıqlarından Müsavat-AXCP (i) blokunun seçki qərargahının yaradılmasından imtina ediblər.
Müsavatın əməkdaşlıq təklif etdiyi partiyalara qarşı reallıqda qeyri-səmimi münasibət sərgiləməsi partiya daxilində də birmənalı qarşılanmaır. O, mənada ki, Müsavat funksionerləri İ.Qəmbərovun əxlaqa zidd siyasətinin acı nəticələrini cəmiyyətin onlara olan münasibətində də hiss edirlər. Ona görə də, başqanın bu davranışını aradan qaldırmağa səy göstərirlər. Ancaq "qozbeli qəbir düzəldər" deyiblər. İ.Qəmbərovdan, canına-qanına hopan dələduzluq sindromunu yalnız gözünü ciblərinə dikdiyi xarici maraqlı qüvvələr aradan qaldıra bilər. Çünki həmin qüvvələrin bir göstərişi kifayətdir ki, İ.Qəmbərov islah olunaraq, sağlam siyasət yürütməyə üstünlük versin. Hələlik isə, onu demək olar ki, İ.Qəmbərovun düşünülməmiş siyasətinin acı nəticələrindən sığortalanmaq üçün bəzi Müsavat funksionerləri səylərini davam etdirirlər. Nəticə əldə edə bilməyənlərin partiyadan getmək haqqında düşündükləri bildirilir. Onlardan biri də, partiyanın Ali Məclisinin üzvü Tapdıq Abbasdır. Daha doğrusu, T.Abbas kimi ələ baxan tipin təlimatlandırılaraq, İ.Qəmbərova qarşı etiraz edilməsində Rauf Arifoğlu və onun rəhbərlik etdiyi qrup dayanır. Artıq bu qrupun sözdən işə keçdiyi bildirilir. Yəni, yeni partiya yaratmaqla fəal siyasətə qatılmaq yönümündə R.Arifoğlu və onun rəhbərlik etdiyi qrup səmərəli işə nail olub. Bu barədə "Səs"ə verilən məlumata görə, R.Arifoğlu Müsavatdan getməyi parlament seçkilərindən sonraya saxlamağı təklif etsə də, T.Abbas məsələni parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına başlamamışdan öncə, reallaşdırmağın vacibliyini qeyd edib.