PDF Oxu

Müxalifət

  • 16

Əli Kərimov AXC liderinin qardaşı oğluna qarşı mübarizə aparır

Əli Kərimov AXC liderinin qardaşı oğluna qarşı mübarizə aparır
Qarşıdan gələn parlament seçkilərində AXCP (i) sədri Əli Kərimovun "vahid namizəd" olduğu dairədə mərhum AXC rəhbəri Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin deputatlığa namizədliyini irəli sürməsi müxalifət düşərgəsində qeyri-müəyyənlik yaradıb. Sabiq müttəfiqlər arasında səngimək bilməyən "kompromat müharibəsi" yeni məqamlar üzə çıxarmaqdadır. Birgə siyasi fəaliyyət göstərməyi qarşılarına məqsəd qoyan, lakin bundan yararlanmaqda aciz qalan düşərgə mənsubları hazırda bir-birini hədəfə götürüblər. Parlament seçkiləri ərəfəsi qarşıdurmaların, ziddiyyətlərin miqyası genişləndikcə, düşərgənin əsl siması üzə çıxmaqdadır. Vaxtilə eyni siyasi çətir altında olan siyasətçilərin öz mövqelərindən geri çəkilərək, bir-birilərini təhqir etməsi gözlənilən idi. Ə.Elçibəy özünün lideri hesab edən Ə.Kərimovun Hürrü Əliyevə qarşı konfrantasiya mövqeyində olması və münasibətlərin getdikcə dərinləşməsi situasiyanı gərginləşdirməkdədir. Bundan hiddətlənən H.Əliyev bildirib ki, Ə.Kərimov 20-30 ildir ki, Elçibəyin adı ilə hərəkət edir: "Əgər Ə.Kərimov yenə də seçkilərdə Elçibəyin adı ilə səs qazanmaq istəyisə, alınmayacaq". AXCP (i) sədrinin nəzarət altında saxladığı KİV-dən - "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin imkanlarından yararlanması tərəflərdən hər birinin özü-özlüyündə haqlı olduğunu göstərir. Müxtəlif aspektli yazılarda qarşı-qarşıya gələn tərəflər, faktiki olaraq, bir-birinə qarşı açıq mübarizə aparırlar. H.Əliyevi "hakimiyyətə işləməkdə" günahlandıran Ə.Kərimov bu istiqamətdə ardıcıl kampaniya apararaq, onun namizəd kimi dairədə görünməsini birmənalı qarşılamır. Ə.Kərimovun və AXCP (i)-də olanların Elçibəyə sevgisi olmadığını vurğulayan H.Əliyev hesab edir ki, bu insanlar alverçidirlər və bilirlər ki, bu seçkilər onların axırıncı şanslarıdır: "Bu şanslarını itirsələr, birdəfəlik siyasi səhnədən gedəcəklər. Əli Kərimov Elçibəy yoluna xəyanət etmiş şəxsdir, buna görə də, onun cavabı verilməlidir. Mən Elçibəyin sağlığında və dünyasını dəyişməsindən keçən illər ərzində Ə.Kərimovun ona olan xəyanətlərini saya bilərəm. Bəyin onlara qoyub getdiyi partiyanı nüfuzdan salıblar". Ə.Kərimov nəzarətində saxladığı mətbuatla H.Əliyevi müxalifətə xəyanət etməkdə, hakimiyyətə işləməkdə ittiham etməklə yanaşı, adıçəkilən mətbu orqanlarda Ə.Elçibəyin ailə üzvləri danışdırılmaqla "qara piar" kampaniyası aparır. Bu siyasət dəllalları özlərinə mənəvi lider hesab etdikləri Ə.Elçibəyin adını gündəmə gətirməklə bundan öz çirkin məqsədləri üçün istifadə edirlər. Bu isə radikalların mənəvi-əxlaqi dəyərlərdən tamamilə uzaq insanlar olduğunu bir daha təsdiqləyir. Özlərinin də etiraf etdikləri kimi, siyasətdə əxlaqsız mübarizə vasitələrindən istifadə edərək, bir-birilərini gözdən salmağa çalışan siyasətçilər bununla da siyasi simasızlıqlarını göstərmiş olurlar. Mətbuata verdiyi açıqlamalarında "AXCP (i) və Müsavat" seçki bloku adlı qondarma bir qurumun adından danışan Əli Kərimov H.Əliyevin bu addımını demokratiya zərbə kimi qiymətləndirməyə çalışır. Öz növbəsində, Ə.Kərimovun siyasi keçmişinə toxunan H.Əliyev bildirir ki, mən Elçibəyin arxivinin sahibiyəm: "Elə məsələlər var ki, üzərimizə çox gəlsələr, aça bilərəm". Siyasi mübarizədə ən primitiv mənəvi normalardan uzaq olan vasitələrdən istifadə edən Ə.Kərimov öz rəqiblərini "hakimiyyətə işləməkdə" günahlandırması artıq ənənə halını alıb. Sosial bazadan məhrum olan, xarici təsirlərdən çıxa bilməyən, siyasi perspektivi olmayan Ə.Kərimov bununla öz uğursuzluğunu digərlərinin ayağına yazmaqla sığortalamağa cəhd edir. Müsavatla birləşməkdə siyasi böhrandan çıxmaq istəyən Ə.Kərimovun bu addımını özünəməxsus formada H.Əliyev konkretləşdirib. O, hesab edir ki, "AXCP (i) -Müsavat" birləşməsini isə nağıldır. Mərhum AXC liderinin qardaşı oğlu bildirib ki, əgər birləşən idilərsə, 5 il əvvəl birləşəydilər: "Bir müddət əvvəl, bu partiyaların başında dayananlar bir-birlərini söyür, təhqir edirdilər, bu gün isə onlar Elçibəy-Rəsulzadə ideologiyasından danışırlar. Bu birlik bir aylığa hesablanıb və baş tutmayacaq. Özləri də bunu bilirlər və xalqa etiraf etməlidirlər ki, bu, bir oyundur".

Digər xəbərlər