PDF Oxu

Müxalifət

  • 17

Radikal müxalifət düşərgəsində anormal vəziyyət yaranıb

Radikal müxalifət düşərgəsində anormal vəziyyət yaranıb
Postseçki dövründə ciddi məğlubiyyətə uğrayan və uğursuzluqları barışmaq istəməyən ifrat radikallar bir-birinə qarşı kəskin və barışmaz mövqe tutan Müsavat və AXCP (i)-nin "birliyi", bu partiyaların blok şəklində parlament seçkilərində iştirak etmək istiqamətində həyata keçirdikləri tədbirlər cəmiyyətdə şübhə doğurur. Müsavat və AXCP (i) rəhbərlərinin yaratdıqları seçki blokunun yaranması və bunun arxasında dayanan siyasi maraqlar birmənalı qarşılanmır. Ekspertlər hesab edirlər ki, bu "birlik" xarici dairələrdən gələn sifariş əsasında həyata keçirilir, görüntü xarakteri daşıyır və ictimai rəyi çaşdırmağa yönəlib. Tarix göstərir ki, Müsavat və AXCP (i)-nin keçmişi ziddiyyətlərlə dolu olmuş, bu partiyalar bir-birini gözdən salmaq və iflasa uğratmaq istiqamətində siyasət yürüdüblər. Müxalifətin hakimiyyətə qarşı vahid platforma əsasında çıxış etmək planlarının iflasının əsas səbəblərindən biri də AXCP ilə Müsavat arasında dərin qarşıdurma və ziddiyyət olub. 2000-ci ildə parlamentdə deputat yeri əldə etmiş AXCP (i)-yə qarşı Müsavatın, 2005-ci ildə isə Milli Məclisdə təmsil olunmaq qərarı vermiş Müsavata qarşı AXCP (i)-nin çirkin kampaniyaları hələ cəmiyyət tərəfindən unudulmayıb.
Bəzi beynəlxalq təşkilatların Azərbaycanda siyasi prosesləri öz ssenariləri əsasında yürütməkdə maraqlı tərəfə çevrilməsi "AXCP (i)-Müsavat" blokunun destruktiv fəaliyyəti ilə üst-üstə düşür. Radikal müxalifət daxilində - populizm, radikallıq, dağıdıcılıq, qaragüruhçuluq, inqilabçılıq, destruktivlik, qisasçılıq kimi neqativ tendensiyalar Azərbaycan siyasəti üçün aktuallığını tamamilə itirsə də, Əli Kərimov və İsa Qəmbərov arasında münasibətlərin qeyri-müəyyən müstəvidə olmasını xarici asılılıq şərtləndirir. Müxalifəti gözdən salan təkcə elektoratın azlığı, sosial baza qıtlığı ilə yanaşı, müxalifət başçılarının qrant müqabilində konyuktur taktikalarıdır. Ölkənin siyasi palitrasında qaragüruh konsepsiya əsasında mübarizənin konturları açıq-aşkar sezilməkdədir. Hələ bir-iki ay bundan əvvəl, "Azadlıq" adlı blokda təmsil olunan AXCP (i), ALP və "VİP"-lə Müsavat arasında kəskin qarşıdurma müşahidə olunur, bu partiyaların funksionerləri bir-birinə qarşı tənqidi və təhqiramiz müsahibələr və açıqlamalar verirdilər. Necə ola bilər ki, bir neçə günün içində mövqe tam əksinə dəyişir, Müsavat və AXCP (i) ənənəvi müttəfiqlərindən imtina edir və bu partiyaların "birliyi" ideyası ortaya atılır, bu ideyanın reallaşdırılması istiqamətində əməli tədbirlər görülür. Radikal müxalifət partiyaları daxilində qeyri-müəyyənliyə gətirib çıxaran anormal vəziyyət düşərgədə ciddi problemlərin yaşandığından xəbər verir. Müxalifət təmsilçiləri ölkə rəhbərliyinin seçkiöncəsi yaratdığı demokratik şəraitdən istifadə etmək əvəzinə, mücərrəd ideyalar ətrafında spekulyasiyalar edirlər. Mətbuatda məlumatlı mənbəyə istinadən bildirilib ki, kəskin maliyyə qıtlığı ilə üzləşmiş AXCP (i) və Müsavatın Qərb dairələrinə bütün müraciətləri nəticəsiz qalıb. Onların qarşısında şərt qoyulub ki, yalnız birləşəcəkləri və parlament seçkilərində "vahid siyahı" ilə çıxış edəcəkləri təqdirdə, maliyyə yardımı ala bilərlər. Belə vəziyyətdə partiyalar daxilində böhranın ilkin əlamətləri artıq indidən özünü büruzə verməkdədir. Müsavat və AXCP (i)-nin təcili şəkildə bu addımı atmasının arxasında məhz Qərb dairələrinin sifarişi, onların maliyyə və digər yardımlar göstərmək vədləri dayanır.
Ölkəmizin demokratik seçki tarixinin canlı iştirakçıları və şahidləri olan xalqa populist vədlər verən, çıxışlarını yalnız hakimiyyəti ittiham etmək üzərində quran, cəmiyyətə düşmənçilik ruhu aşılayan bu qüvvələr konkret proqramlara söykənmir. Bunun nəticəsidir ki, müxalifətin bu reallığı nəzərə almayan simaları ölkə vətəndaşlarının qınaq obyektinə çevrilir. Bütün bunlar göstərir ki, müxalifətin birlik istiqamətində cəhdləri təbii proses deyil, süni şəkildə xarici dairələr tərəfindən ortaya atılmış oyundur.

Digər xəbərlər