PDF Oxu

Müxalifət

  • 17

Radikal müxalifət partiyalarından istefalar davam edir

Radikal müxalifət partiyalarından istefalar davam edir
Payızda keçiriləcək parlament seçkilərində iştirak adı altında radikal müxalifət düşərgəsində müəyyən oyunlara başlanılıb. Sosial bazası olmayan və ümumiyyətlə, ictimai rəydə nüfuzsuz olan müxalifət partiyalarının indiki halda özlərini raklam məqsədilə atmış olduqları addımlar onların iç üzünü növbəti dəfə açmış olur. Bu baxımdan da, radikal müxalifət düşərgəsində son 15 gündə daha ilginc olaylar baş verməkdədir. Çünki bu günə qədər heç bir fəaliyyəti nəzərə çarpmayan və ümumiyyətlə, sosial və ictimai məsələlərdə özünü nümayiş etdirə bilməyən radikal müxalifət üçün sonuncu mərhələ, demək olar ki, çoxdan başlayıb. Məhz radikal müxalifət partiyalarından ardıcıl olaraq siravi üzvlərin istefası və düşərgədə yenidən başlanan seyrəlmələr buradakı vəziyyətin nə dərəcədə kritik olduğunu şərtləndirən amillər sırasındadır. Ona görə də, hazırda bu və ya digər formada öz mövcudluğunu hiss etdirməyə çalışan radikal siyasi yetkililər müəyyən əməllərə əl atırlar. Birmənalı şəkildə xarici donor təşkilatlardan asılı olan radikal müxalifət partiya sədrləri onlar üçün günü-gündən ağırlaşan vəziyyətdən çıxış yolu axtarışındadırlar. Elə bu məqsədlə də, düşərgədə bu günə qədər özlərini "hegemon" və "möhtəşəm" siyasi qüvvə kimi göstərməkdə maraqlı olan partiyalarda indi sədrdən başqa bir üzv qalmayıb. Bütün bunların isə arxasında müxalifətin ictimai imicinin və onların yaramaz ünsürlərdən təşkil olunmuş tərəfdaşlarının çirkin əməlləri dayanır. İndiki halda radikal düşərgədə yağışdan sonra çoxalan göbələklər kimi durmadan artan seçki blokları və birliklər mahiyyətin dəyişməsinə heç bir təsir göstərmir. Onsuz da, heç bir gücə və imkana malik olmayan müxalifət partiyaları üçün istənilən seçki bloku və yaxud siyasi blokda təmsil olunmasının mənası yoxdur. Onlar bu yollarla ancaq asılı olduqları donor təşkilatların gözünə kül üfürməklə müəyyən vəsaitlər qopara bilərlər. Amma fakt və reallıq qarşısında həmişə aciz qalmış müxalif ünsürlər bu dəfə də, özlərinə məxsus metodlarla biabırçılıqlarını ört-basdır etməyə çalışırlar. Yenicə yaradılmış müxalifət bloklarında vəfat etmiş və adı başqa təşkilatların siyahısında olan şəxslərin "AXCP (i)-Müsavat", "Qarabağ", "İnsan naminə" seçki bloklarının namizədləri siyahısına salınması da ikrah hissi ilə qarşılanmaqadadır. Digər bir məqam isə bölgələrdə artıq mənsub olduğu müxalifət partiyalarından imtina edərək, istefa ərizəsi yazmış şəxslərin hələ də, adları radikal təşkilatların siyahalarında saxlanılmaqdadır. Redaksiyamıza daxil olan telefon zəngləri və məktublar əsasında aparılmış araşdırmaların nəticəsi, bir daha sübut etdi ki, son həftələr müxalifət sıralarını öz liderinin addımlarına və hərəkətlərinə etiraz əlaməti olaraq, yüzlərlə sıravi üzv tərk edib. Paytaxt Bakı şəhəri də daxil olmaqla, Ağsu, Ağcabədi, Şabran, Siyəzən, Quba, Cəlilabad, Şamaxı, Zaqatala, Biləsuvar və digər rayonlarda, o cümlədən, uzaq kəndlərdə sıravi müxalifətçilərin artıq mənsub olduqları düşərgədən üz çevirdiyinin şahidi olmaq mümkündür. Məhz araşdırmalarımızın nəticəsi olaraq, məlum olub ki, Zaqatala rayonu Qala kənd sakini "AXCP (i)-Müsavat" seçki blokunun namizədi kimi göstərilmiş Soltanov Soltan Sahib oğlu bir həftə öncə mənsub olduğu AXCP (i)-dən istefa ərizəsini qurumun yerli rayon təşkilat şöbəsinə təqdim edib. Digər bir Zaqatala rayon Muxax kənd sakini "AXCP (i)-Müsavat" seçki blokunun namizədi Məmmədov Hikmət Qalib oğlu mənsub olduğu Müsavat partiyasından bir aya yaxındır ki, imtina edərək, istefa ərizəsi yazıb. Bundan əlavə, Biləsuvar rayon sakini "AXCP (i)-Müsavat" seçki blokunun namizədi Muradov Teyyub Əbil oğlu mənsub olduğu AXCP (i)-dən iki ay öncə nümayişkaranə şəkildə istefa verib. Digər bir Biləsuvar rayon sakini "KAXCP"nin üzvü olmuş Zəkiyev Mirzəki İsmixan oğlu da "Müsavat-"DUİ" seçki blokunun namizədi kimi göstərilsə də, onun 20 gündür ki, üzvü olduğu qurumdan imtina etdiyi bildirilir. Şamaxı rayonunda da, analoji vəziyyətin mövcud olması və burada da, müxalifətin namizədləri sırasına adları salınmış şəxslərin bir müddət öncə mənsub olduqları müxalifət partiyalarından imtina etdikləri deyilənləri bir daha təsdiqləmiş olur. Şamaxı rayon Göylər kənd sakini Pənahov Məmməd Qalib oğlu "AXCP (i)-Müsavat" seçki blokunun namizədi kimi göstərilsə də, onun üzv olduğu Müsavat partiyasından 6 ay öncə istefa verdiyi bildirilir. Şamaxı rayon Dədəgünəş kənd sakini Xəlilov Yaqub Cəfər oğlu AXCP (i)-dən, Zahidov Bəybala Alişan oğlu ASDP-dən, Məmmədov Çingiz Sahib oğlu Müsavat partiyasından istefa vermələrinə baxmayaraq, onların adları həmin qurumlar tərəfindən yaradılan müxtəlif seçki bloklarının namizədləri siyahısına salınıbdır. Bu da, öz növbəsində, vətəndaşın haqlı narazılığına və onun keçmiş liderinə qarşı qalxmasına imkan yaradır. Bu hala Şabran rayon Gəndob, Əmirxanlı, Pirəbədil, kəndlərində Siyəzən rayonu Yenikənd, Təzəkənd, Ağbaş kəndlərində, Quba rayonu Nügədi, Amsar kəndlərində, Sabirabad rayonu Üçtəpə kəndində də, müxalifət partiya üzvlərinin açıq və nümayişkaranə şəkildə üzv olduqları AXCP (i)-dən, Müsavatdan, ASDP-dən, "Ümid"-dən, ALP-dən, "KAXCP"dən istefa verdikləri barədə faktlara rast gəlmək mümkündür. Sadəcə olaraq, nə Müsavat başqanı İ.Qəmbərov, nə AXCP (i) sədri Əli Kərimov nə digərləri açıq şəkildə etiraf etmirlər ki, artıq onların ətrafında özlərindən başqa kimsə qalmayıb. Elə son günlər adları çəkilən şəxslərin özləri və partiyaları ətrafında müəyyən manevrlər etmək cəhdi də, düşmüş olduqları biabırçılığı ört-basdır etməyə hesablanıb. Bütün bunlar isə, onu göstərir ki, radikal düşərgə sosial baza baxımından böyük çətinlikliklər qarşısında qalıb.

Digər xəbərlər