AXCP (i) sədrinin konyuktur taktikaları iflasa məhkumdur
Qarşıdan gələn parlament seçkilərində "demokrat", "vətənpərvər", "Azərbaycansevər" amplualarda görünməyə çalışan siyasətçilər arasında ziddiyyətlər dərinləşməkdədir. AXCP (i) sədri Əli Kərimovun namizəd olduğu seçki dairəsində Yeni Azərbaycan Partiyası ötən həftə həmin dairədən irəli sürdüyü namizədini geri çəkdikdən sonra mərhum Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, namizədliyini irəli sürüb. Bununla yanaşı, "Milli Dirçəliş Hərəkatı"nın sədri Fərəc Quliyevin də AXCP (i) sədrinə rəqibi olacağı gözlənilir. Sözügedən dairədə radikal müxalifətin əsas namizədi AXCP (i) sədri Əli Kərimov olmasına baxmayaraq, digər müxalifət təmsilçiləri seçki marafonunda bərabər mübarizə aparacaqlar. Seçkilərdə iştirak etməyə qərar verən partiyalar arasında son günlər konfrantasiyanın genişlənməsi bu baxımdan diqqəti cəlb edir. Əslində, keçmiş müttəfiqlər arasında yaranan presedent vəziyyət bu partiya rəhbərlərinin nəyə qadir olduqlarını bir daha təsdiqləyir. Digər maraq kəsb edən məsələ radikal müxalifət partiyalarının öz daxilində ziddiyyətlərdən xilas ola bilməmələridir.
Seçkidəki uğursuzluqları ilə barışa bilməyən və bir vaxtlar ən sadiq silahdaşlar yenidən eyni dairədə mübarizə üsullarından istifadə edən radikal müxalifətin siyasi təcrübəsindən qaynaqlanır. İddiaları ilə fəaliyyətləri uzlaşmayan radikal müxalifətdə baş qaldıran xəyal qırıqlığı hələ də davam etməkdədir. Məğlubiyyəti və nəhayət ki, siyasi səhnədəki gücsüzlüklərini dərk edən radikalların arzularının gerçəkləşməsinə olan inamsızlıqlarını yeni siyasi blok da aradan qaldıra bilmir. Süstlüyü isə, həmişə olduğu kimi, müxtəlif səviyyələrdə hökm sürən ənənəvi qarşılıqlı ittihamlar və ya partiyaların daxili çəkişmələri pozur. H.Əliyevin Ə.Kərimovun dairəsində namizəd kimi ortalığa çıxması düşərgə daxilində birmənalı qarşılanmayıb. "Azadlıq" qəzeti isə iddia edir ki, Elçibəy ailəsi də bu hərəkəti yanlış adlandıraraq, kəskin şəkildə pisləyib. Siyasi keçmişlərini gündəmə gətirən siyasətçilər bir-birini "hakimiyyətə işləməkdə", "müxalifət maraqlarına zərbə vurmaqda" ittiham etməklə, əslində, düşdükləri acınacaqlı durumu daha da ağırlaşdırırlar.
Müxtəlif formada adıçəkilən şəxslərin seçkidən uzaqlaşdırılması üçün mübarizəyə başlayan Ə.Kərimov öz ampluasından geri çəkilmək niyyətində deyil. Ə.Kərimovla eyni dairədən seçki kampaniyasına qoşulmasına müxtəlif vasitələrlə don geyindirməyə çalışan bir sıra siyasətçilər AXCP (i) sədrinin təlimatlarına uyğun olaraq, H.Əliyevin siyasi reputasiyasını ləkələmək üçün ciddi-cəhdlə işə girişiblər. "AXCP (i)-Müsavat" seçki bloku tərəfindən dəstəklənən Ə.Kərimovun seçki marafonunda cəbhədaşlarına qarşı mübarizə meydanında tək qalması onun düşərgə daxilində siyasi mövqeyinin tamamilə itməsinin göstəricisidir. Qeyri-sivil mübarizə üsullarına, "siyasi inqilab" eyforiyasına qapılan Azərbaycan radikal müxalifəti reallıqdan tamamilə uzaq seçki təbliğatı müəyyənləşdirib. Siyasi böhran vəziyyətindən xilas olmaqda aciz qalan müxalifəti gözdən salan təkcə elektoratın azlığı, sosial baza qıtlığı ilə yanaşı, müxalifət başçılarının konyuktur taktikalarıdır. AXCP (i)-nin siyasi palitrasında qaragüruh konsepsiya əsasında mübarizə metodları açıq-aşkar sezilməkdədir.