PDF Oxu

Müxalifət

  • 10

Mənim polisim mənə xidmət edirmi?

Mənim polisim mənə xidmət edirmi?
Bir dəfə şikayətçi Saleh Salehli redaksiyaya gəlib soruşdu ki, ay Mirzə Qərənfil, nə səbəbə bəzi vəzifəli şəxslər konkret iş görmək əvəzinə, səlahiyyətləri dairəsindən kənara çıxıb, lüzumsuz məsələlərlə məşğul olurlar? Soruşdum ki, ay Saleh, mıs-mıs edincə, sözünün Mustafasını de, mən də eşitdiyimdən-bildiyimdən cavabını verim. Bundan sonra Saleh başına gələn bir hadisəni mənə danışmağa başladı:
- Ay Mirzə Qərənfil, 2001-ci ildə boşandığım arvad mənimlə qonşuluqda olan mənzildə yaşayır. Mənzil ona məhkəmə yolu ilə verilib. Buna sözüm yoxdur. Sözüm ondadır ki, qaldığı bir il müddətində yoldaşıma və uşaqlara göz verib-işıq vermir.
- Məqsədi nədir?
- Yəqin düşünür ki, bu yolla məni bezdirmək və özünün üstünə qaldırmaq olar.
- Bir il ərzində nə pisliklər edib?
- Bir-iki misalla kifayətlənəcəm. Əvvəlcə xatırlatmaq istəyirəm ki, bir çıxışı olan dairəvi həyətdə 15-20 ailə yaşayır. Bir dəfə qonşunun balaca uşağı həyətdə durduğum yerdə barıdan üstümə bir butulka atmışdı. Uşağa acıqlananda, anası məni hədələyib uşağın düz hərəkət etdiyini bildirmişdi. Bayırdakı qadınlar da uşağı danlamışdılar.
- Axı butulkanın və uşağın boşadığın arvada nə dəxli var?
- Dəxli odur ki, uşağı boşadığım arvad öyrətmişdi.
- Sonra nə deyə bilərsən?
- İkinci fakt kriminal xarakterlidir.
- Nə kriminal?
- Yenə də boşandığım arvadın ssenarisi ilə həmin uşaq qapımıza gəlib kiçik qızımın məktəb yoldaşının guya onu yolda gözlədiyini demişdi. Yoldaşım inanmadıqda, uşaq gedib balaca bir uşaqla qayıtmışdı ki, qızımın məktəb yoldaşı budur. Sonradan öyrəndik ki, qızımın məktəb yoldaşları onun dalınca gəlməyiblər.
- Burada kriminal elementlər nə gəzir?
- Gəzmirsə, bəs qızımı nə səbəbə yola doğru aparmağa cəhd edirlər? Mirzə Qərənfil, axı sonradan həmin uşaq yoldaşımdan xahiş etdi ki, gəl bu işi dayandıraq, çünki qızınızın məktəb yoldaşının ailəsi uşaqla birlikdə köçüb gedib.
- A kişi, de görüm, boşadığın arvad başqa neyləyirdi?
- O, bizim çıxış yolundan keçməyimizdən narazılıq edir, biz gedib-gələndə, söyüş söyür və deyinirdi. Son vaxtlar isə daha da azğınlaşaraq, qızlarımın üstünə su, zibil, kağız-kuğuz atır, ya da bayıra çıxanda, qızları itələyib üstlərindən keçib gedirdi.
- Bəs sən neylədin?
- Sentyabrın 17-də Səbail rayonunun 8-ci polis bölməsinə müraciət etdim.
- Onlar kömək etdilərmi?
- Sentyabrın 21-də şikayət ərizəsi əsasında 5 saylı inzibati idarənin sahə müvəkkili və daha bir polis əməkdaşı həyətə gəldi.
- Görürsən, polis necə operativ işləyir? Sonra deyirlər ki, polis vətəndaşları qorumur.
- Doğru deyirsən, qoruyur. Ancaq təəssüf ki, adamın heysiyyətinə toxunan lüzumsuz hərəkətlərə də yol verir.
- Sənə neylədilər ki?
- Onların həyətə gəlişi məni qane edirdi. Ancaq yaxşı olardı ki, ərizədə yazılanlar haqda bizə zülm etmək istəyən adama bir kəlmə deyib gedəydilər.
- Onlar sənə bir pislik etmədilər ki?
- Pislik eləmədilər. Ancaq 5-6 qonşudan mənim əleyhimə imza toplamalarından indiyədək baş aça bilmirəm.
- Qonşularla probleminmi var?
- On il əvvəl bu arvadı boşadığım zaman o vaxtkı sahə müvəkkili də eyni ssenari ilə hərəkət etmişdi.
- O, nə etmişdi?
- İndiki sahə müvəkkili, sadəcə olaraq, əleyhimə qonşuların rəyini öyrənib, kağıza imza atdırırdı. Əvvəlki sahə müvəkkili isə ifrata vararaq, hər bir qonşuya əleyhimə ayrıca ərizə yazdırırdı. Qonşular da guya mənim onlara qan uddurduğumu yazmışdılar.
- Yəni sən belə zalımsan?
- Əlbəttə, yox. Sadəcə olaraq, görünür, bir-iki qonşunu qane etmirdim. Belələri məsləhətləşib, məni cəzalandırmaq qərarı qəbul etdilər. Qonşulardan biri həbsxanada yatdığını əsas gətirib, mənim dərsimi asanlıqla vermək imkanı olduğunu bildirmişdi.
- Dərsini verə bildimi?
- Qismən.
- Necə yəni qismən?
- Dərs nəzərdə tutulan ssenari əsasında verilməli idi. İki qonşu qolumu tutmuşdu. Şükür Allaha, hər ikisi sağ salamatdır. Dərsimi verməyə söz verən adam da sol gözümə üç güclü zərbə endirmişdi.
- Deməli, ssenari qismən yox, tam baş tutmuşdu.
- Yox, qismən baş tutmuşdu.
- Təkid edirsən?
- Hə.
- Onda izahat ver.
- Qoy ağzımı açım da. Axı mən demədim ki, hər dəfə qolumu tutanları kənara itələyib, əllərindən çıxdıqdan sonra, həmin dərsverənin sağ çənəsinə bir güclü yumruq vurmuşdum. Cəmi üç yumruq... Səncə, belələri ilə xoş qonşuluq münasibətlərini davam etdirmək olarmı?
- Yaxşı. Nəticə nə oldu?
- Üç yumruq zərbəsindən sonra gözlərim qaralmışdı. Ancaq mənim "killer"ə vurduğum üç cavab zərbəsindən sonra, onun sol ombası zədələnmiş, çənəsi partlamış və başından ağrılar başlamışdı. Bədxah "ssenariçi" zavallının üstünə təcili yardım çağırmalı oldu.
- Müxtəsər elə. Sonra nə oldu?
- Sonralar "killer" başqa səbəbdən həyətdən köçdü. Sahə müvəkkili ilə rəisi tərəfindən məzəmmət edildi.
- Son hadisədə səni narahat edən nədir?
- Sadəcə olaraq, başa düşə bilmirəm ki, indiki sahə müvəkkilinin əleyhimə imza toplaması nəyinə lazımdır? Axı mən qonşulardan yox, boşadığım arvaddan şikayət etmişəm. O isə öz bəd əməllərini qonşuların gözü qarşısında etmirdi.
- Gəl onun rəisinə bu sualla birlikdə müraciət edək. Bəlkə suala o, doğru cavab verdi?
- Axı necə olur, mən şikayət edirəm, sahə müvəkkili isə əleyhimə imza toplayır. Vallah, bu sualın cavabı mənim üçün çox qaranlıq qalır.

Digər xəbərlər