PDF Oxu

Müxalifət

  • 9

İsa Qəmbərov Rauf Arifoğlunu tələyə salıb

İsa Qəmbərov Rauf Arifoğlunu tələyə salıb
Radikal düşərgədə özünəməxsus prinsip və qaydalarla yaşayan keçmiş Müsavat başqanının müavini, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu payızda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün dəridən-qabıqdan çıxır.
Yaranmış situasiyadan məharətlə istifadə etməkdə israrlı görünən R.Arifoğlu mənsub olduğu partiyanın belə qərarını gözləmədən parlament seçkilərində iştirak etmək üçün namizədliyini müstəqil formada irəli sürüb. Məhz Müsavat partiyasının üzvü olan bir şəxsin müstəqil formada öz namizədliyini irəli sürməsi qurum daxilində geniş müzakirə və mübahisələrə səbəb olub. Hətta 13 gün öncə keçirilən Müsavat partiyasını divanının iclasında R.Arifoğlunun partiyadan uzaqlaşdırılması məsələsi də müzakirə olunan mövzular sırasında olub. Belə olan halda, hər şeyin onun üçün heç də yaxşı sonluqla bitməyəcəyinə əmin olan R.Arifoğlu qərarlarında müəyyən dəyişikliklər etməyə məcbur olub. Elə bu məqsədlə də, baş redaktor namizədliyini "Demokratiya Uğrunda İttifaq"dan irəli sürməklə özünə qarşı yönələn təpkiləri bir qədər səngitmək istəyirdi. Amma məhz seçki ərəfəsində Müsavat partiyasının üzvü olan bir şəxsin belə bir qərar verməsi düşərgə daxilində də müəyyən gərginliklərə səbəb olduğundan, onun bu addımı da yaranmış söz-söhbətləri səngitmədi. Dəfələrlə açıq və qapalı görüşlərdə geniş mübahisələrə səbəb olmuş R.Arifoğlunun bu addımı nəticə etibarilə Müsavat daxilindəki mövcud gərginliyi bir qədər də alovlandırmış oldu. Bundan çıxış yolu isə, ya R.Arifoğlu Müsavat partiyası sıralarında uzaqlaşdırılması, ya da onun müstəqil namizədliyinin ləğv edilərək, AXCP (i)-Müsavat seçki blokunun namizədi kimi göstərilməsi idi.
"Yeni Müsavat" qəzetinin baş redaktorunun səhvi ucbatında öz maraqlarını güdaza vermək istəyində olmayan Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov vəziyyətdən yeganə çıxış yolunun R.Arifoğlunu fikrindən daşındırmaqdan ibarət olduğu qənaətinə gəliblər. Çünki onlar onsuz da tam gücsüz durumda olduqlarının fərqində ola-ola, üstəlik, R.Arifoğlu ilə də problem yaratmağı özlərinə böyük zərbə kimi qiymətləndiriblər. Ona görə də, bu vəziyyətdən yeganə çıxış yolu R.Arifoğlunu fikrindən daşındırıb, onun müstəqil namizədlikdən imtina etməsinə çalışmaq idi. Bu dəfə də, özlərinə məxsus hiyləgərliyə əl atan İ.Qəmbərov və Ə.Kərimov cütlüyü R.Arifoğlunu tam zərərsizləşdirməyi palanlaşdırıb. Bu cür metodların tətbiqində mahir olan bu iki şəxsin hiyləgərliyinin qarşısında R.Arifoğlu kimi birisinin dirəniş göstərməsi sual altında idi. Ona görə də, məhz bu ikili oyunun nəticəsi də gözlənilən oldu. R.Arifoğlu müstəqil namizədlikdən imtina edərək, "AXCP (i)-Müsavat" seçki blokunun namizədi olacağına söz verdi. Beləliklə də, İ.Qəmbərov və Ə.Kərimov cütlüyü aylardır ki, radikal müxalifət düşərgəsində bütün rəqiblərini sıradan çıxarmaq üçün hazırladıqları planın növbəti hissəsini yerinə yetirmiş oldular.
Qeyd edək ki, R.Arifoğlu bundan əvvəl öz namizədliyini müstəqil formada irəli sürmüş və artıq qapı-qapı düşüb əlaltıları ilə imzatoplama işini də yekunlaşdırmışdı. Sonradan isə onun "AXCP (i)-Müsavat" seçki blokunun namizədi kimi göstərilməsi R.Arifoğlunun imzatoplama işini puça çıxardı. Çünki Seçki Məcəlləsinin tələb və prinsiplərinə əsasən namizəd mövqe dəyişikliyi nümayiş etdirdiyi təqdirdə, onun imzatoplama prosedurunda analoji dəyişikliyin edilməsi vacib sayılır. Burada daha R.Arifoğlunun iddia etdiyi formada, yəni imzaların transferi məsələsini həyata keçirmək qeyri-mümkündür. Bu baxımdan da, İ.Qəmbərov və Ə.Kərimov tərəfindən növbəti dəfə aldadılaraq, tora salınan R.Arifoğlu yenidən qapı-qapı düşüb imza və ianələr dilənməli olacaq. Amma görünür ki, R.Arifoğlunun parlament seçklərində iştirakı məsələsinə qısqanclıqla yanaşan Müsavat rəhbərliyi ona bu və ya digər formada əngəl olmaqda maraqlı görünür. Çünki R.Arifoğlunun yenidən imzatoplama işinə əvvəlcədən köməklik göstərəcəyi barəsində vəd verən İ.Qəmbərov indi bu məsələdə onu yalqız buraxıb. Eyni zamanda, AXCP (i)-nin R.Arifoğlunu görməyə gözü olmayan tərəfdarları da, onun işinə əngəl olmaq üçün bütün variantlardan istifadə edirlər.
Bütün bunlar isə müxalifət yetkililərinin ağızdolusu danışdığı və özlərinin oyuncaq namizədlərini olmazın dərəcədə şişirtmək niyyətlərini tamamilə alt-üst etmiş olur. Eyni zamanda, düşərgədə olanlar bir daha radikal müxalifətin sosial baza sarıdan çətin durumda olduğunu açıq şəkildə isbatlayır. Özləri və partiyaları ətrafında seçki ərəfəsində ajiotaj və ucuz şou yaratmaqda niyyətli görünən müxalifət partiya nümayəndələri, nədənsə, düşmüş olduqları durumun fərqində deyillər.

Digər xəbərlər