Müxalifətin sıravi üzvləri liderlərinə qarşı çıxır
Payızda keçiriləcək parlament seçkilərində iştiraka qərar vermiş radikal müxalifət partiyalarında təlatümlər yaşanmaqdadır. Özlərinə məxsus ampluadan çıxış edən radikal yetkililər bu dəfə də yalan və böhtan dolu bəyanatlarla diqqət mərkəzində qalmağa çalışırlar.
Artıq son 20 gündə radikal müxalifət düşərgəsində yaranmış olan oyuncaq birlik və bloklar da onları düşdüyü bataqlıqdan çıxara bilməyəcək. Çünki radikal müxalifət təmsilçiləri bu və ya digər şəkildə öz maraqları üçün hər bir oyundan çıxmaqda niyyətlidirlər. Müxalifət düşərgəsində bir qədər özlərini aktiv siyasətçi kimi gözə soxmağa çalışan yetkililər yenidən şoulara, ucuz reklamlara əl atmağa çalışırlar. Elə bu məqsədlə də, Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov əlaltılarına yerlərdə süni qalmaqallar yaratmaq barəsində göstərişlər veriblər. Bir müddət öncə, oyuncaq AXCP (i)-Müsavat blokunun yaradılması və bunun ətrafında yaradılan eybəcər mühit müxalifətin səviyyəsini bir daha açıb cəmiyyətə göstərmiş oldu. Ona görə də, bu gün bölgələrdə, hələ də, Müsavat, AXCP (i), ADP, "Ümid" və digər radikal müxalifət partiyalarının sıravai üzvü kimi qalmış şəxslər liderlərinin hərəkətlərindən hiddətlənərək, üzvü olduqları partiyalardan istefa verirlər.
Son günlər müxalifət düşərgəsində yaranmış anormallıqları və düşərgədəki ayrı-seçkiliyi əsas gətirərək, belə bir addım atmış sıravi müxalifətçilər bu günə qədər yanlış yol tutduqlarından və səhv seçim etdiklərindən böyük təəssüf hissi keçirdiklərini bildirirlər. Müxalifətin ölkənin 24 rayon təşkilatında olan üzvlərinin parlament seçkisi ərəfəsində istefa ərizəsi yazmaları onların işini daha da çətinə salıb. Əldə etdiyimiz bilgilərə əsasən Kürdəmir, Tovuz, Qazax, Ağstafa, Şamaxı, Ağsu, Göyçay, Oğuz və digər rayonlarda indiyə qədər müxalifət partiyalarının üzvü olmuş sıravi 319 müxalifətçi liderlərinin yanlış seçimlərindən və səhv hərəkətlərindən hiddətlənərək, istefa barəsində qarar veriblər. Bizim dəqiqləşdirdiyimiz bir sıra rayonlarda da, bu faktlar bir daha öz həqiqiliyini tapmış oldu. Məhz bu geniş araşdırmaların nəticəsi olaraq, məlum oldu ki, Qazax rayonunun Kosalar kəndinin sakinin AXCP (i)-Müsavat seçki blokunun namizədi kimi göstərilmiş Qəmbərov İlqar Sahib oğlu bir həftə öncə Müsavat partiyasının yerli rayon təşkilatına istefa barəsində ərizə yazıb. Eyni zamanda, digər Qazax rayon Çaylı kənd sakini İsmayılov Elmir Qaraş oğlu da, AXCP (i) üzvlüyündən 22 gün öncə istefa verib. Bununla yanaşı, Qazaxdan AXCP (i)-Müsavatın namizədi kimi göstərilmiş Əsgərov Mübariz Ələs oğlu da, üzvü olduğu AXCP (i)-dən bir aydan çoxdur ki, imtina ərizəsi yazıb.
Bir məqamı da, qeyd edək ki, Müsavat və AXCP (i) rəhbərliyi vəziyyətin acınacaqlı halda olduğunu nəzərə alaraq, məhz "Yeni Müsavat" qəzetinin gənc əməkdaşı Mustafayeva Leyla İlqar qızını (Leyla İlqar) Qazaxdan AXCP (i)-Müsavat seçki blokunun vahid namzədi kimi göstərmək məcburiyyətində qalıb. Analoji vəziyyət Ağstafa rayonunda da baş verib. Çünki bu rayonda da, sosial dayaqlarını itirmiş radikal müxalifət partiya rəhbərləri çıxış yolu kimi başqa-başqa təşkilatların üzvü olan şəxsləri özlərinin namzədi kimi göstərirlər. Ağstafa rayon Xətai kənd sakini Orucov Ayvazalı Sadiq oğlunun Müsavat partiyasının üzvü kimi "AXCP (i)-Müsavat" seçki blokunun vahid namizədi qismində göstərilməsinə baxmayaraq, onun da, bu ilin mart ayından mövqeyini dəyişməsi faktı ortaya çıxıb. Digər Ağstafa rayon sakini Arıxov Rasim Bəybala oğlunun "Ümid" partiyasının üzvü kimi "Qarabağ" seçki blokundan namizədliyinin irəli sürülməsinə baxmayaraq, onun da üç gün öncə partiyadan istefa verdiyi açıqlanıb. Buradan da, məlum olur ki, tamamilə sosial dayaqlarını itirmiş müxalifət üçün sonun başlanğıcı çox gülünc vəziyyətin yaranmasını zəruri edib.
Məhz qərb bölgəsində Qazax və Ağstafadan əlavə, Tovuz rayonunda da, müxalifətin bütün dayaqlarının sıradan çıxdığını məlumdur. Bu günlərdə Tovuzdan "AXCP (i)-Müsavat" seçki blokunun namizədi kimi göstərilmiş, lakin bir ay öncə AXCP (i) üzvlüyündən istefa vermiş Tovuz rayon Düz Qırıqlı kənd sakini Qəmbərov Fədail Musa oğlu, Tovuz-Qazax-Ağstafa seçki dairəsindən "KAXCP"-Müsavatın namizədi kimi irəli sürülmüş Tovuz rayon sakini Əhmədov Aqil Mahmud oğlu "KAXCP"-dən, Tovuz-Qazax-Ağstafa seçki dairəsindən "AXCP (i)-Müsavat" seçki blokundan namizədliyi irəli sürülmüş Tovuz rayon Əlibəyli kənd sakini Musayev Sabir Musa oğlu AXCP (i)-dən 15 gün öncə istefa ərizəsi yazıb.
Onu da əlavə edək ki, bu faktlar Kürdəmir və Oğuz rayonlarında, Şamaxının bir sıra kəndlərində, Qəbələ rayonunda da mövcuddur. Artıq ölkədə seçki ab-havasının yaranması insanlarda bir qədər düşüncə dəyişikliyinə səbəb olub. Bunu redaksiyamıza edilən müraciətlər və telefon zəngləri də, bir daha təsdiqləyir.
(Araşdırmalarımız
davam edir)