Müsavat-AXCP (i) liderləri üçün siyasi səhnədə "axırıncı aşırım"
Müxalifətçilər hər seçkiqabağı "yeniləşdiklərini" göstərmək üçün təzə hoqqalardan çıxsalar da, nəticəsi olmur. Növbəti parlament seçkiləri ərəfəsində də ənənələrinə "sadiq qalan" radikallar "siyasi fəaliyyətlə məşğul olduqları"nı diqqətə çatdırmaq üçün "birləşmə" məsələsi ətrafında növbəti oyunlarının ssenarilərini yazdılar.
Amma "səhnəyə çıxara" bilmirlər. Çünki nə oyunçu tapa bilirlər, nə də tamaşaçı. Hər dəfə olduğu kimi, bu dəfə də guya ölkədə demokratiya, azadlıq, insan haqlarının pozulmasını əsas gətirərək mitinqlər keçirmək, boş-boş şüarlar səsləndirmək istəyirlər.
Həmçinin, Müsavatla AXCP (i) arasında vahid seçki bloku formalaşmasına baxmayaraq, hələ də adları "vahid namizədlər" sırasına düşməyənlər buna kəskin etiraz edirlər. İsa Qəmbərovla Əli Kərimovun bu siyahını ikilikdə - namizədliyə iddialı müsavatçıların və cəbhəçilərin maraqlarını nəzərə almadan tərtib etmələri yaranan narazılığı bir qədər də artırır. Müsavat başqanı ilə AXCP (i) sədrinin sayğısızlığından qəzəblənən narazılar tərtib olunan formal siyahı müqabilində iddialarından geri çəkilmək niyyətində deyillər. Belə ki, Ə.Kərimovla İ.Qəmbərovun bu anlaşması onlar tərəfindən ikibaşlı oyun kimi dəyərləndirilir. Bu səbəbdən də hər iki partiyada daxili ziddiyyətlər həddən artıq kəskinləşməkdədir. Yaranan ab-hava onu bir daha sübut edir ki, seçkilərə kimi Müsavatla AXCP (i)-nin münasibətləri də yenidən kəskinləşəcək ki, bu da seçki zamanı hər iki partiyanın növbəti uğursuzluqla üzləşməsinə gətirib çıxaracaq. Çünki radikal müxalifət adlı bir şəbəkə mövcud olandan İ.Qəmbərovla Ə.Kərimov arasında münasibətlər qatı düşmənçilik səviyyəsində olub. Çünki onların ikisinin də başının bir yerə bağlandığı nöqtə mövcuddur. Əsgər komandirinə tabe olan kimi, İ.Qəmbərovla Ə.Kərimov da, pul alıb göstəriş aldıqları qüvvələrə tabedirlər və bütün "əmrləri" sözsüz və irad bildirmədən yerinə yetirməlidirlər.
Ancaq tərəflərdən heç birinin güzəştə getməməsi nəticədə böyük narazılığın baş verməsinə gətirib çıxarıb. Görünür, qarşıdakı parlament seçkiləri Müsavat-AXCP (i) liderləri üçün siyasi səhnədə "axırıncı aşırım" olacaq. Müsavat Partiyasının rəhbərliyində təmsil olunan 10-a yaxın şəxsin dairəsində razılıq əldə edilməməsi 2005-ci ildəki vəziyyəti yenidən təkrarlamağa gətirib çıxara bilər. Çünki o zaman da 5-6 müsavatçının dairəsindən AXCP (i)-nin namizədləri dəstəklənmişdi. Bu səbəbdən də həmin müsavatçılar partiyanı tərk etmişdilər. Baş verən proseslər artıq bu seçkidə də hər iki partiya arasında soyuq müharibənin güclənməsindən xəbər verir. Xüsusilə də, siyahılar açıqlandıqdan sonra dairəsi razılaşdırılmayan Müsavat və AXCP (i) namizədləri biri digərindən nüfuzlu olduğunu, iddialarından geri çəkilməyəcəklərini bildirirlər.
Bütün bunlara rəğmən funksionerlər bildirirlər ki, "Yurd" şefi ilə Müsavat başqanı öz məkrli və ikibaşlı oyunlarını bu seçkidə son dəfə oynayacaqlar: "Müsavat başqanını birləşmə oyunu ilə manipulyasiya etməkdə və cəbhəçiləri aldatmaq məqsədi güdüb. Müsavat rəhbərliyi, əslində, AXCP (i)-ni parçalamaq niyyətindən geri çəkilmədiyini ortaya qoyur. Bu, AXCP (i)-nin heç cür Müsavata güzəştə getmək istəmədiyi dairələrdir. Müsavat isə müvafiq dairələrdə müsavatçı millət vəkillərinin və az-çox tanınan partiya üzvlərinin iddialı olduğunu əsas gətirərək, geri çəkilmək fikrində deyil".
Deyilənə görə, AXCP (i) sədri Ə.Kərimov müsavatçı deputatları, Rauf Arifoğlunu və bir sıra digər AXCP (i) ilə Müsavatın vahid seçki siyahısına salmamışdı. O, bununla Müsavatın əsas iddialı fiqurlarını sıradan çıxarmaq və öz aləmində bir neçə "islahatçı"ya "yaşıl işıq" yandırmaq istəyirdi. Görünür, İ.Qəmbərov Ə.Kərimovdan daha zirək və ehtiyatlı tərpənib. Maraqlısı isə, öz məkrli oyununu davam etdirən Müsavat başqanı həm AXCP (i) ilə müttəfiqliyini qoruyub saxlamaq istəyir, həm də narazı müsavatçı deputatların könlünü almağa çalışır. "İslahatçılar" isə Müsavatın təhlükəli oyun oynadığını, bu oyunun AXCP (i)-Müsavat birliyini sual altına atdığını bildirirlər.
Beləliklə, Müsavatla AXCP (i)-nin ikibaşlı oyunları onların siyasi səhnədə "son ifaları" olacağını açıq-aydın göstərir.