Düşərgədə ədavət Arif Hacıyev Əli Əliyevi siyasi arenada "hörmətsiz şəxs" adlandırıb
Parlament seçkilərinə start verildikdən sonra düşərgədə baş verən ədavət daha da kəskinləşib. Xüsusilə də, Müsavat partiyasının başlamış olduğu "qara piar" kampaniyası hələ də davam etməkdədir. Səbəbini mətbuata açıqlayan "VİP" sədri Əli Əliyev bildirib ki, Müsavat başqanı İsa Qəmbərov artıq bu il tutduğu postdan uzaqlaşacağını dəqiqləşdirdikdən sonra müxalifətdəki rəqiblərinə qarşı belə bir "səlib yürüşü"nə başlayıb: "İlk növbədə, özünə əzəli rəqib hesab etdiyi "MBH" lideri Lalə Hacıyevanı sıradan çıxarmağı planlaşdırdı. Bunun üçün əvvəlcədən hazırladığı metodu işə saldı. Həmişə olduğu kimi, bu seçkiərəfəsi "Azadlıq" blokunun dağılmasına nail oldu və AXCP (i) sədri Əli Kərimovun maymaqlığından istifadə edərək, onunla "birləşmək" təklifində olduğun bildirdi. Bu, həmişə belə olub və bu seçkidə də Müsavat başqanı öz hiyləgər niyyətini ortaya atdı. Ancaq bu seçkiyə bir blokda qatılsalar da, seçkiyə qədər yolları ayrılacaq".
Ə.Əliyev mətbuata verdiyi açıqlamasında müxalifət düşərgəsində İ.Qəmbərov qədər ləkəli və çirkab içində olan bir siyasətçi tanımadığını da bildirib: "Çünki müxalifət düşərgəsində təmsil olunan istənilən partiya rəhbəri İ.Qəmbərovun əlindən zara gəldiyini açıq şəkildə bildirir. Amma bütün bunların müqabilində Müsavat başqanı iddialarının təmin edilməsində israrlı görüntü yaratmağa çalışır".
Ə.Əliyev İ.Qəmbərovun başqa hiyləgər məqsədlərinə də aydınlıq gətirərərk bildirib ki, "Müsavat başqanı "MBH"-ni zərərsizləşdirmək və bunun ardınca bizim partiyaya əl atmaq arzusunda olub. Bu isə İ.Qəmbərovun qəbirə özü ilə aparacağı arzu olacaq".
"VİP" sədri onu da bildirib ki, Müsavat başqanı seçkinin pik məqamından öz xeyirinə istifadə etməyə çalışır: "Ona görə də, seçkiərəfəsi İ.Qəmbərovun çirkin variantlardan istifadə etməsini də təbii qarşılamaq lazımdır. Birincisi, İ.Qəmbərov özü də yaxşı bilir ki, siyasətdə yararsız bir adama çevrilib. Onun bundan sonra müsbət bir uğur əldə edəcəyinə isə hətta güman da qalmayıb. Odur ki, İ.Qəmbərov bu cür hallar yaratmaqla siyasətdən getdiyi məqamda "iz" buraxacağını düşünür. İkinci bir tərəfdən isə, Müsavat başqanı siyasi ömrünün sonlarında belə müxalifəti özünə "tabe" etdirməyi planlaşdırır. Bütün bu sadaladıqlarımız İ.Qəmbərovun yaratmış olduğu iyrəncliklərin bir hissəsidir".
Ə.Əliyevin fikirlərindən hiddətlənən Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyev isə başqana sadiqliyini nümayiş etdirmək üçün İ.Qəmbərovun "vəkili" rolunu yaxşıca oynadı. A.Hacıyev "VİP" sədrinin əməlli-başlı hədəfə alaraq bildirib ki, Əli Əliyev yaxşı bilir ki, siyasətdə hörmətsiz şəxsdir. Belə olan halda, o, özünə hörmət etmək istəyirsə, siyasətdən getməyi məqsədəuyğun olardı. Çünki bu biabırçılıqdan sonra siyasətdə qalmağın nəticələrinin çox ağır olacağından bəhs edən A.Hacıyev müxalifət düşərgəsində hazırda Ə.Əliyev kimi adamların az olmadığını da söyləyib. A.Hacıyevin sözlərinə görə, səviyyəsiz adamın millət vəkili olması iddiası absurddur.
"VİP" sədri isə cavab olaraq A.Hacıyevi ağılsız adlandıraraq, onun seçkiərəfəsi İ.Qəmbərova yarınmaq istədiyini söyləyib.